Azərbaycan musiqisinin korifeyi, unudulmaz dirijor və bəstəkar Maestro Niyazinin həyatında notlarla yazılmış möhtəşəm simfoniyalar olsa da, onun ailə hekayəsi özündə sükuta bürünmüş bir ağrılı simfoniya daşıyırdı. Bu, nəinki tanınmış sənətkarın, həm də sevgi, fədakarlıq və xəyanətlə hörülmüş bir ailənin çox faciəli bir dramı idi.
“Knyaz”dan Maestroya: Musiqi və ömrün başlanğıcı
1912-ci ilin isti avqust günlərində Tiflisdə bir körpə doğulur. Onun baxışlarına tamaşa edən əmisi – böyük Üzeyir Hacıbəyov uşaqda nəsli davam etdirəcək nəciblik görür və deyir: “Bu uşaq lap knyaza bənzəyir.” Elə o gündən körpəyə “Knyaz” deyirlər. Vaxt keçir, ad soyad rəsmi olaraq Niyazi Zülfüqar oğlu Tağızadə olur, amma “Knyaz” ləqəbi onunla ömrünün sonunadək birgə addımlayır.
Anası Böyükxanım savadlı həkim, atası isə musiqili teatrımızın banilərindən biri – Zülfüqar Hacıbəyov idi. Bu ailə, musiqi tariximizin təməlini qoyan nəslin parlaq halqası idi. Niyazi dayısı – inqilabçı Heydərəli Tağızadənin xatirəsini yaşatmaq üçün soyadına “Tağızadə”ni də əlavə edir – bu, onun sədaqət və mənəvi borc duyğusunun ilk izləridir.
Qəlbdən gələn bir tanışlıq: Həcər xanımla yollar necə kəsişdi
Bəzən həyat bir not kimi başlanar, bir sim kimi qırılar… Niyazi gənclik illərində Dağıstan Maarif Komissarlığında çalışarkən Mahaçqalada tanış olduğu Həcər xanım onun taleyinə yazılmış ən həzin akkord olur. Həcər xanım Cənubi Azərbaycandan idi. Gözəl, mədəni, qürurlu. Onlar bir-birinə vurulurlar. Amma sevginin qarşısında sərhədlər dayanır. Həcərin ailəsi İrana köçmək istəyir, qızlarının sovet vətəndaşı ilə izdivacına qarşı çıxır.
1933-cü ildə onlar sevgilərini qorumaq üçün qaçıb evlənirlər. Ağdaşda bir müddət gizlincə yaşayırlar. Rəsmi nikah illər sonra – 1940-cı ildə bağlanır. Maddi çətinlik, pasport problemi, gələcəksizlik qorxusu… Lakin onların arxasında böyük bir sevgisi dayanırdı. Və bu sevgi onları düz 51 il bir yerdə saxlayır.

Qar yağanda ayaqqabıya qəzet salan məhəbbət
İlk illər çox çətin keçir. Həcər xanım yazırdı ki, Niyazi ayaqqabısının içinə qəzet qoyardı ki, az su keçirsin. Soyuqdan vərəmə tutuldu. Ukraynada müalicə zamanı, sevgisinin dərinliyini yoxlamaq istəyir – qaşığını Həcər xanıma uzadır: “Sən məndən iyrənirsənmi?” Cavab isə susqun, amma birmənalı olur – “Xeyr”. Sevgi yalnız xoşbəxt anlarda deyil, xəstəlikdə, səfalətdə, imkansızlıqda da sınanır. Onların sevgisi bu sınaqlardan alnıaçıq çıxır. Hər dəfə Niyazi qaşığını Həcər xanıma uzadanda o, qaşığı sevgi ilə qəbul edir.
Ailə dramı: Adı “övlad” olan fəlakət
Niyazi və Həcər xanımın övladı olmur. Onlar qohumlarından Ceyhun adlı bir uşağı övladlığa götürürlər. Bu seçim, sonralar musiqi dolu bir evin faciəli süqutuna səbəb olur. Ceyhun böyüdükcə narkotik asılılığına düşür. Maestroya məxsus ən qiymətli əşyaları – barmağındakı brilyant qaşlı üzüyü, Almaniyadan hədiyyə olunmuş qızıl dirijor çubuğunu belə satıb, pulunu narkotikə verir.
Niyazi 1984-cü ildə ürək çatışmazlığından dünyasını dəyişir. Beş il sonra, 1990-cı ilin qaranlıq bir günündə Ceyhun evə gəlir. Pul istəyir. Həcər xanım verməkdən imtina edir. O da analığını qətlə yetirir – əvvəl başından vurur, sonra boğur. Əşyaları qarət edib evdən qaçır.

Sükuta bürünən ev: Ağrılı bir sonluq
Ceyhun həbs olunur. Deyilənə görə, illər sonra azadlığa çıxır. Amma daha nə ev var, nə ailə… Bəzən gecələr köhnə mənzilə gəlib Maestroya məxsus əşyalara baxır, paltarlara toxunurmuş. Deyilənə görə, ağlayır, özünü söyürmüş. 2012-ci ildə qanunsuz silah gəzdirdiyi üçün yenidən həbs olunub. Bəziləri deyir ki, hələ də həbsdədir. Bəziləri isə həbsdə öldüyünü qeyd edir.
Niyazi – sənətkar, insan və sevgi abidəsi
Niyazi sərt görünüşünün arxasında zərif, dərin və emosional bir ruh daşıyırdı. O deyərdi: “Allaha inanan kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm.” O, musiqini ibadət kimi yaşayırdı. Onun sənəti təkcə simfoniyalarda yox, öz həyat tərzində, sevgisində, sədaqətində də var idi.
Bütün bir ömrü sevgi ilə yaşayan, amma ağrı ilə vidalaşan bu cütlüyün hekayəsi bir daha sübut edir ki, məşhurluq və sənət, həmişə xoşbəxtlik gətirmir. Bəzən ən gözəl notların altında ən kədərli səssizlik gizlənir…
Xanım Aydın