“Bakıya ilk gəldiyim gün buranın atmosferi, dinamikası məni çox təsirləndirdi və şəhərin enerjisi, ritmi xoş təəssürat yaratdı, həmçinin təəccübləndirdi. Burada həyat, şəhərin canlı nəfəsi ilk andan duyulur.”
Bu fikirləri Baki-baku.az-a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus bildirib.
Diplomat paytaxtımıza gəldiyi ilk günü xatırladı:
“Bakıya ilk gəldiyim günü xatırlayıram. Axşam idi, təxminən saat səkkiz. Hotelə yerləşdikdən sonra saat 10-11 radələrində bulvarda gəzməyə çıxdım. Xeyli sayda insan gördüm. Şəhərin enerjisi və dinamikası dərhal hiss olunurdu. Sonrakı illərdə isə gördüm ki, bu dinamika şəhər həyatının bir çox sahəsində özünü göstərir. İki ilə yaxındır ki, Bakıdayam, bu dövr ərzində təəssüratlarımın daha da dərinləşdiyini əminliklə deyə bilərəm. Məni xeyli dərəcədə təəccübləndirən məqamlardan biri də Bakıda gündəlik bir çox mədəni və digər tədbirlərin keçiriməsidir. Demək olar ki, hər gün sərgi, konsert, tamaşa var. Bu, həqiqətən çox gözəldir. Düşünürəm ki, Bakı sakinləri belə fəal və zəngin mədəni həyatın bir parçası olduqları üçün çox şanslıdırlar”.
– Bu, Sizin Bakıya ilk gəlişiniz idi, yoxsa əvvəllər də şəhərimizdə olmusunuz?
– Əvvəllər Bakıya gəlməmişdim. Bu, paytaxtınıza ilk gəlişim idi.
– Paytaxtımızda hansı məkanlar Sizə daha güclü təsir bağışlayıb və onları Sizin üçün xüsusi edən nədir?
– Mənim xüsusi məkanlarımdan biri Dağüstü parkdır. Bu yer təkcə gözəl mənzərəsi ilə deyil, həm də daşıdığı tarixi və mənəvi məna ilə seçilir. Çünki burada Şəhidlər xiyabanı yerləşir. Xüsusilə 1990-cı ildə həlak olmuş insanların burada dəfn olunması bu məkanı daha da müqəddəsləşdirir. Burada Azərbaycanın öz şəhidlərinə göstərdiyi hörmət və ehtiram aydın şəkildə hiss olunur. Məncə, məhz belə tarixi yaddaş sayəsində Azərbaycanın müstəqilliyi bu gün güclü və möhkəmdir.
Oradan Bakıya möhtəşəm panorama açılır və şəhərin nə qədər gözəl olduğunu aydın görmək mümkündür. Həmin nöqtədən İçərişəhər də çox yaxşı görünür. Mənim üçün İçərişəhər də xüsusi məkandır, çünki ora Bakının zəngin tarixi irsini yaşadan çox gözəl tarixi ərazidir. Eyni zamanda, İçərişəhərdə canlı şəhər ab-havası da hiss olunur: kiçik suvenir mağazaları, restoranlar, sərgilər, xalça festivalları və müxtəlif tədbirlər bu məkanı daha da maraqlı edir.
Heydər Əliyev Mərkəzi, Milli İncəsənət Muzeyi, Xalça Muzeyi və Bakı bulvarı da məndə böyük təəssürat yaradan məkanlardır. Dostlarımız Bakıya gələndə biz adətən əvvəlcə bulvarda gəzintiyə çıxırıq, sonra Dağüstü parka qalxırıq, ardınca İçərişəhərə gedirik.
Mən qonaqlara Ağ Şəhəri də görməyi tövsiyə edirəm, çünki bu ərazi Bakıda baş verən böyük dəyişiklikləri və şəhərin müasir simasını göstərir. Burada Nobel qardaşları ilə bağlı Villa Petroleanı da xüsusi qeyd etmək lazımdır. Biz Litva icması üçün Litvanın Müstəqillik Gününün orada qeyd olunmasını təşkil etmişik. Həmin məkanda XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakının nə qədər mühüm şəhər olduğunu xüsusilə hiss olunur.
– Sizcə, Bakını digər ölkələrin paytaxtları ilə müqayisədə unikal edən əsas cəhət nədir?
– Məncə, Bakı ona görə unikaldır ki, bu şəhər çoxmədəniyyətli və müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Bakıda Şərqlə Qərbin eyni məkanda qovuşduğunu aydın şəkildə hiss edirsən. Burada Qərb sivilizasiyasının, Şərq mədəniyyətinin, əlbəttə ki, zəngin Azərbaycan mədəniyyətinin təsirini, həmçinin qədim İpək Yolunun izlərini görmək olar. Bütün bu müxtəlif mədəniyyətlər bir şəhərdə sülh və harmoniya içində yaşayır. Məncə, Bakını unikal edən də məhz budur və xarici turistlər bunu çox yüksək qiymətləndirirlər.
– Azərbaycan yeməkləri arasında ən çox bəyəndikləriniz hansılardır?
Mən Azərbaycan mətbəxindən çox təsirlənmişəm. Ən çox sevdiyim yemək şah plovdur. Onu yalnız çox dadlı olduğu üçün deyil, həm də arxasında dayanan məna və ənənəyə görə sevirəm. Bir dəfə Azərbaycan toyunda iştirak etmişdim və şah plovun musiqi və rəqslərlə təntənəli şəkildə məclisə gətirildiyini görmüşdüm. Bu mənzərə məndə çox güclü təəssürat yaratdı. Əlbəttə, bütün bunlardan sonra şah plovun möhtəşəm dadını da xüsusi qeyd etmək lazımdır. Bundan başqa, çoban salatını da çox sevirəm. O, çox sadədir, amma inanılmaz dərəcədə dadlıdır, çünki Azərbaycanda tərəvəz və meyvələrin dadı tamam başqadır. O, həm təravətli, həm də çox ləzzətlidir. Həyatımda ilk dəfə daddığım maraqlı yeməklərdən biri də pomidorun gilas və narla hazırlanmış salatı idi. Bir az turşməzədir, amma çox dadlıdır. Möhtəşəm dadı var.
Azərbaycan çayını da çox sevirəm. Bu, çox gözəl çaydır, lakin məni ən çox onun ətrafında yaranan ab-hava və insanların çay süfrəsi arxasında etdiyi söhbətlər cəlb edir. Bakıda çay insanları birləşdirir, söhbət və müzakirə üçün xüsusi bir mühit yaradır. Bu ənənə artıq mənim ailəmdə də formalaşıb. Hər səhərimiz çayla başlayır. Axşamlar da çox vaxt ailəliklə çay süfrəsi ətrafında toplaşırıq.
– Oxucularımıza Litvanın ən maraqlı, yaddaqalan və turistlər üçün xüsusi tövsiyə etdiyiniz məkanları barədə danışardınızmı?
– Ölkəmizin gözəl təbiəti və qədim tarixi ilə çox fəxr edirik. Litvanın krallıq kimi tarixi XIII əsrdən, Litva Krallığının yarandığı dövrdən başlayır. Litvada səyahət edəndə bu tarixi irsi Vilnüsdə, Trakayda və digər yerlərdə hiss etmək mümkündür. Görməyi tövsiyə edəcəyim əsas yer paytaxtımız Vilnüs və onun tarixi Qədim Şəhəridir (Old Town of Vilnius). Orada çoxlu kilsələr, kiçik küçələr var. Vilnüsün şəhər mənzərəsini çoxsaylı kilsələrin qüllələri bəzəyir. Paytaxtımızın tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib. Bu, Bakının İçərişəhəri kimi tarixi bir məkandır.
Vilnüs çox gözəl və yaşıl şəhərdir. Avropanın yaşıl paytaxtı hesab olunur. Şəhər ərazisinin 50 faizdən çoxu meşə və parklardan ibarətdir. Bu, həqiqətən çox gözəldir.
Əlbəttə, sanatoriyaları ilə tanınan kurort şəhərlərimizi də ziyarət etməyə dəyər. Məsələn, Birştonas və Druskininkay. Litva çimərlikləri, xüsusilə Palanqa və Nidanı da qeyd etmək yerinə düşür.
Litvanın təbiəti həqiqətən heyrətamizdir. Bizdə irili-xırdalı təxminən 5000-ə qədər göl var. Təsəvvür edin: Litva kiçik ölkədir, Azərbaycandan da kiçikdir, lakin bizdə bu qədər çox sayda göl var. Ona görə də şəhərdən kənarda olan hər yer təbiətdir, istirahət üçündür. Ümid edirəm ki, azərbaycanlı turistlər də Litvanın bu gözəlliyini görüb hiss edə biləcəklər.
– Fikrinizcə, Azərbaycan və Litva arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi üçün mədəni əməkdaşlığın hansı istiqamətləri daha böyük potensiala malikdir?
– İlk növbədə, müxtəlif mədəni təşəbbüsləri qeyd etmək istərdim. Ənənəvi və müasir musiqi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Digər maraqlı istiqamət ənənəvi musiqidir. Azərbaycanda muğam var, Litvada isə sutartines adlanan qədim çoxsəsli mahnı ənənəsi mövcuddur. Bu ifa formasında əvvəlcə bir qrup oxumağa başlayır, bir qədər sonra isə digər qrup eyni melodiyaya qoşulur. Çox özünəməxsus və unikal polifonik effekt yaranır. Tekstil sahəsi də çox maraqlı istiqamət ola bilər. Azərbaycan dünyada öz xalçaları ilə məşhurdur, Litvanın tekstil məktəbi də geniş tanınır. Bu iki ənənənin bir araya gəlməsi maraqlı və dəyərli layihələrə yol aça bilər.
Gənclər də çox önəmlidir — xüsusilə yeni, müasir incəsənət nümunələri yaradan gənclər. Bu baxımdan Flüksus (red. – Fluxus, tərcüməsi “həyat axını” deməkdir) incəsənət hərəkatını da diqqətə çatdırmaq olar. Flüksus – müxtəlif incəsənət janrlarını birləşdirən və dünyada tanınan sənət istiqamətidir. Bu hərəkat Nyu-Yorkda yaranıb, lakin onun əsasını litvaəsilli sənətçilər qoyublar. Bildiyimə görə, Azərbaycanda da bu incəsənət növü ilə məşğul olan sənətçilər var. Ona görə də bu sahə ölkələrimiz arasında əməkdaşlıq üçün maraqlı istiqamətlərdən biri ola bilər.
Mənim fikrimcə, xalqlarımız üçün ən mühüm əməkdaşlıq sahələrindən biri də tarixi yaddaşa hörmət və bununla bağlı tədbirlərdir. Siz 20 Yanvarla bağlı tədbirlər keçirirsiniz. Bizdə isə 13 Yanvar — Azadlıq Müdafiəçiləri Günüdür. Bakıda və Vilnüsdə baş verən hadisələr bir çox cəhətdən oxşardır.
Sizin xalqınız da repressiyalar yaşayıb. Bir çox şairlər, o cümlədən Mikayıl Müşfiq və başqaları repressiya qurbanı olub. Buna görə də tarixi, hətta faciəli olsa belə, birlikdə hörmətlə anmaq, repressiya qurbanlarının xatirəsinə ehtiram göstərmək və eyni zamanda Litvanın Azərbaycana, Azərbaycanın isə Litvaya həmrəyliyini nümayiş etdirmək vacibdir. Düşünürəm ki, bu, çox mühüm əməkdaşlıq sahəsidir.
– Bakını üç sözlə ifadə etməli olsaydınız, bu sözlər hansılar olardı?
– Dinamika, qonaqpərvərlik və ənənələrə hörmət.
– Bakı ilə Vilnüs arasında hansı oxşarlıqlar var?
Fikrimcə, həm Bakının, həm də Vilnüsün şəhər həyatında müxtəliflik və rəngarənglik mühüm yer tutur. Bakıda bu müxtəliflik ilk növbədə fərqli sivilizasiyalar və mədəniyyətlərlə bağlıdır. Vilnüsdə isə bu, müxtəlif dinlər və millətlərlə bağlıdır.
Vilnüsdə katoliklər, pravoslavlar, ukraynalı pravoslavlar, yunan pravoslavları, Moskva Patriarxlığına bağlı pravoslavlar, yəhudilər, tatarlar və karaimlər yaşayıb və yaşayırlar.
Karaimlər çox unikal bir qrupdur. Dünyada cəmi təxminən 5000 karaim qalıb. Onlardan bir neçə yüzü Litvada yaşayır. Onların öz ibadət yerləri, məbədləri və ənənələri var. Bu səbəbdən Vilnüs tarixən çox müxtəlif şəhər olub. Bütün bu insanlar birlikdə yaşayırlar. Azərbaycanda müxtəlif mədəniyyətlər və sivilizasiyalar birgə yaşadığı kimi, Vilnüsdə də müxtəlif dinlər və millətlər birgə yaşayır.
Bundan başqa, oxşar olan həm də hər iki şəhərin təmiz və səliqəli olmasıdır. Həm Bakı, həm də Vilnüs turistlər üçün rahat, mehriban və xoş ab-havaya malik şəhərlərdir. Deyərdim ki, təmizlik həm yerli sakinlər, həm də turistlər üçün çox vacib xüsusiyyətdir.
– Cənab səfir, maraqlı və səmimi söhbətə görə Sizə təşəkkür edirik. Bakı, Azərbaycan-Litva əlaqələri, mədəniyyət, şəhər həyatı və insanlar barədə bölüşdüyünüz fikirlər oxucularımız üçün olduqca dəyərlidir. Ümid edirik ki, ölkələrimiz arasında dostluq və mədəni əməkdaşlıq bundan sonra da daha da inkişaf edəcək.
– Mən də Sizə təşəkkür edirəm. Baki-baku.az-ın oxucuları ilə fikirlərimi bölüşmək mənim üçün çox xoş oldu.
Hacı Cavadov