Azərbaycanın bu mühüm beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməsi təqdirəlayiqdir. Yeni Şəhərsalma Proqramının qəbulundan keçən on il ərzində əsas məqsəd konkret və praktik nəticələrin əldə olunması olub. Litva üçün mənzil siyasəti sadəcə ayrıca bir sahə deyil, təhlükəsiz, dayanıqlı və hər kəsi əhatə edən şəhərlərin qurulmasının əsas istiqamətlərindən biridir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Litvanın Ətraf Mühit Nazirliyinin kansleri Povilas Poderskis Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlər səviyyəsində təşkil olunan dəyirmi masada səsləndirib.
Povilas Poderskis qeyd edib ki, Litva şəhərsalma sahəsində siyasətini Avropa İttifaqının müəyyən etdiyi çərçivə sənədlərinə uyğun şəkildə həyata keçirir. Onun sözlərinə görə, ölkədə uzunmüddətli məkan inkişafı strategiyası hazırlanıb, şəhərsalma üzrə normativ baza davamlı şəkildə təkmilləşdirilir, iqlimlə bağlı tədbirlər genişləndirilir və ictimai iştirakçılığın artırılmasına xüsusi önəm verilir.
Kansler bildirib ki, Litvada şəhər və qəsəbələrdə dövlət torpaqlarının idarə olunması səlahiyyəti bələdiyyələrə həvalə edilib. Bu yanaşma yerli idarəetmə orqanlarına daha çevik və dayanıqlı qərarlar qəbul etmək imkanı yaradır. Eyni zamanda, ölkədə çoxmənzilli yaşayış binalarında enerji səmərəliliyinin artırılması istiqamətində layihələr icra olunur və yenilənən binalarda enerji istehlakına 40 faizə qədər qənaət əldə edilib.
Litva rəsmisi çıxışı zamanı Ukraynadakı vəziyyətə də toxunaraq Azərbaycanın yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, Litva insan mərkəzli və dayanıqlı şəhərlərin bərpası istiqamətində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır.