Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/13/2026

Paylaşın

Mədəniyyət

Bir səsin ömrü – Oqtay Ağayevin nəğməli taleyi

Səsləri unudulmayan sənətkarlar var. Onların ifasında eşitdiyimiz mahnılar bizi bir anda keçmişə aparır, köhnə günləri, tanış duyğuları yada salır. Oqtay Ağayev də belə sənətkarlardan idi. Onun səsi bir vaxtlar Bakının evlərində, radio və televiziyalarında tez-tez eşidilərdi. İndi də mahnıları səslənəndə adam istər-istəməz dayanıb qulaq asır. Çünki Oqtay Ağayevin səsi ilə yaddaşımızda qalan bir musiqi dövrü, bir də o illərin özünəməxsus ovqatı var.

Repressiya kölgəsində keçən uşaqlıq

Oqtay Cəfər oğlu Ağayev 1934-cü il noyabrın 7-də Bakıda dünyaya göz açıb. Uşaqlığı asan keçməyib. Ailəsi repressiya illərinin ağır sınaqları ilə üzləşib. Babası Bəhram Ağayev 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün edilib. Ailənin var-dövləti əlindən alınıb, atası isə babasının siyasi taleyinə görə ağır münasibətlə üzləşib. Bir vaxtlar rahat həyat sürən ailə İçərişəhərdəki baba evinə sığınmalı olub. Bəlkə də elə həmin qədim küçələrin, daşların, həyətlərin arasında Oqtayın yaddaşına hopan Bakı sevgisi sonralar onun sənətində də öz əksini tapacaqdı.

Tarixlə incəsənət arasında qalıb, incəsənətin tarixinə düşmək

Əslində, onun ilk arzusu musiqiçi olmaqdan əvvəl tarixçi olmaq idi. Universitetin tarix fakültəsinə daxil olsa da, ürəyinin səsinə qulaq asaraq təhsilini yarımçıq qoyur və Asəf Zeynallı adına Musiqi Texnikumuna üz tutur. Burada Sofya İvanovna Xalfenin sinfində vokal sənətinin sirlərinə yiyələnir. Sonralar Firudin Mehdiyevin rəhbərliyi altında təhsilini davam etdirir. Musiqi artıq onun üçün sadəcə həvəs deyil, həyatının əsas mənasına çevrilmişdi.

Oqtay Ağayevin sənət yolunda Rauf Hacıyevin və Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrlərinin xüsusi yeri var. O, uzun illər Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin solisti kimi çıxış edir. 1960-cı illərdən etibarən onun səsi radionun, televiziyanın, konsert salonlarının sevilən səslərindən birinə çevrilir. İfa etdiyi mahnılar dinləyicilərin yaddaşında özünə yer edir.

“Camayka” ilə gələn şöhrət və dostluğa düşən kölgə

Sənətkarın şöhrətini ölkə hüdudlarından kənara çıxaran ifalardan biri isə məşhur “Camayka” mahnısı olur. 1968-ci ildə Moskva səfəri zamanı bu mahnını ifa edən Oqtay Ağayevi tamaşaçılar səhnədən buraxmaq istəmir. Alqışlar, təkrar ifa tələbləri onun sənətinə verilən böyük qiymətin ifadəsinə çevrilir. Həmin ifa Moskvanın mədəniyyət dairələrində də diqqət çəkir. SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevanın ona Moskvada qalmaq təklifi etdiyi bildirilir. Lakin Oqtay Ağayev Bakını və ailəsini seçir. Onun üçün şöhrətin ən böyük ünvanı doğma şəhəri idi.

Sənətkarın yaradıcılıq həyatında maraqlı və ziddiyyətli hadisələr də az olmayıb. Bir vaxtlar yaxın dost olduğu Rəşid Behbudovla münasibətlərinin məhz “Camayka” ifası ətrafında yaranan fikir ayrılığı səbəbindən pozulduğu söylənilir. Rəşid Behbudovun həmin mahnının ifasına qarşı olduğu, Maestro Niyazinin isə Oqtay Ağayevi səhnədən gələn tələbləri yerinə yetirməyə həvəsləndirdiyi barədə xatirələr var.

Kreml səhnəsindən dünya konsert salonlarına

Oqtay Ağayev dünyanın bir sıra ölkələrində qastrol səfərlərində olub, keçmiş SSRİ respublikalarında çıxış edib, Kreml Sarayında 11 konsert verib. 200-dən çox mahnısı lentə yazılıb. “Qaytar mənim eşqimi”, “İçərişəhər”, “Ötən günlər”, “Səni məndən soruşdu”, “Sənin bircə təbəssümün”, “Ağ paltardasan”, “Məhəbbət qocalmaz” kimi mahnılar onun ifasında dinləyicilərin sevimlisinə çevrilib. Kino sənətində də iz qoyan müğənni “O qızı tapın”, “Dağlarda döyüş”, “Şərikli çörək” və başqa filmlərdə mahnılar ifa edib, Vaqif Mustafayevin “Yapon və yaponiyalı” filmində isə aktyor kimi çıxış edib.

Səhnənin alqışlarından həyatın sınaqlarına

Ancaq parlaq səhnə həyatının arxasında heç də həmişə asan bir ömür dayanmayıb. 1990-cı illərdə ölkədəki ağır sosial vəziyyət sənətkarın həyatına da təsirsiz ötüşməyib. Bir vaxtlar böyük orkestrin solisti olan Oqtay Ağayev 1991-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qarovulçu işləməyə məcbur qalır. Sənətkarın həyatındakı bu acı təzad insanı düşündürür: alqışlarla qarşılanan bir səs necə olur ki, bir gün öz səhnəsində iş axtarmaq məcburiyyətində qalır?

Düşənbədən balerina qaçıran sənətkar

Şəxsi həyatında da tale ona maraqlı sürpriz edib. Tacikistana qastrol səfəri zamanı Düşənbədə Nadejda adlı bir balerina ilə tanış olub. Onların tanışlığı cəmi on gün davam etsə də, bu qısa müddət Oqtay Ağayevin həyatında böyük bir sevginin başlanğıcına çevrilib. Qastrol günləri bitəndə sənətkarı vağzaldan yola salmağa gələn Nedejdanı dostlarının xırda köməyi ilə Bakıya qaçırıb. Hərçənd ki, Nadejda da heç bir etiraz etməyib.  Beləcə, bir az zarafat, bir az cəsarət, bir az da sevgi ilə başlayan bu tanışlıq Bakıda ailə qurmaqla nəticələnib. Onların Rəşid adlı bir oğlu dünyaya gəlib. Oqtay Ağayev oğluna yaxın dostu Rəşid Behbudovun adını verib. Lakin övladını vaxtsız itirməsi sənətkarın həyatında sağalmayan bir yaraya çevrilib. Oğlunun ölümündən cəmi bir il sonra Oqtay Ağayev də dünyasını dəyişib.

Sənətkar 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, 2002-ci ildə Prezidentin fərdi təqaüdünü alıb. 2006-cı il noyabrın 13-də, 72 yaşında Bakıda vəfat edib.

Keçmişdən gələn melodiya

Bu gün Oqtay Ağayevi xatırlayanda yaddaşımızda yalnız bir müğənninin obrazı canlanmır. Sanki köhnə bir radio açılır, illərin o tayından tanış bir melodiya eşidilir. Onun səsində sevgi də var, ayrılıq da, Bakı da, bir zamanlar yaşanmış gənclik də…

Sənətkarın ən böyük uğuru elə budur: özü getsə də, səsi hələ də yaşayır. 

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.

Ən son

Mədəniyyət

Səsləri unudulmayan sənətkarlar var. Onların ifasında eşitdiyimiz mahnılar bizi bir anda keçmişə aparır, köhnə günləri,

Mədəniyyət

Səsləri unudulmayan sənətkarlar var. Onların ifasında eşitdiyimiz mahnılar bizi bir anda keçmişə aparır, köhnə günləri,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin