Azərbaycan Dövlət Kukla Teatrında “Bir dəfə Şamaxı xanlığında” tamaşasının premyerası olub.
Baki-baku.az xəbər verir ki, teatrın rus bölməsi üçün hazırlanan birhissəli kukla tamaşasının müəllifi Əliheydər Məmmədov, səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Səkinə Bağırovadır.
Klassik nağıl üslubunda hazırlanan tamaşa maraqlı tərtibat və musiqi həlli ilə də seçilir.
Tamaşada rolları Rauf Babayev, Afət Zülfüqarova, Araz Həsənli, Yelena Qədimova, Firuzə Nəsibli və Lina Məmmədova ifa edirlər.
Əsasən kiçik ölçülü kuklalarla hazırlanan səhnə işində təbiətə sevgi, ətraf mühitin qorunması, heyvanlarla insanların dostluğu kimi humanist vərdişlər də təbliğ olunur.
Xatırladaq ki, tamaşa teatrın yerli müəlliflərlə yaradıcı əməkdaşlığının davamı kimi hazırlanıb və bu əsər müəllifin ölkə teatrları arasında ilk yaradıcılıq aktıdır.