O, cəbhəyə şöhrət qazanmaq üçün deyil, torpağını azad görmək üçün getmişdi. Cəmi bir neçə ay davam edən döyüş yolu isə adını Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi yazdı. Koroğlu Rəhimovun ömrü qısa oldu, amma onun başladığı mübarizənin sədası illər sonra böyük Zəfərlə bütün dünyaya yayıldı.
Bəzən bir insanın ömrünü illərlə deyil, Vətən üçün gördüyü işlərlə ölçürlər. Elə insanlar var ki, yaşadıqları zamanın sərhədlərini aşaraq bir xalqın yaddaşına çevrilirlər. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov da belə igidlərdən idi. O, ömrünün ən qaynar çağında silaha sarıldı, torpaqlarımızın müdafiəsinə qalxdı və adını tarixə qanı, cəsarəti, döyüş əzmi ilə yazdı.
Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığı, gəncliyi müxtəlif ünvanlarda keçsə də, onun taleyində Vətənə bağlılıq dəyişməz qaldı. Orta təhsilini başa vurduqdan sonra Bakıya gələrək Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. Hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçdikdən sonra təhsilini davam etdirib, Bakı Məişət Kondisionerləri zavodunda əmək fəaliyyətinə başlayıb.
O, ailə qurmuş, üç övlad atası olmuşdu. Həyatın ona bəxş etdiyi sadə, doğma sevincləri vardı. Lakin 1988-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan deportasiyası, 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin Xocalı soyqırımı onun həyatında yeni bir səhifə açdı. Vətən torpağında baş verənlərə kənardan baxmaq onun üçün mümkün deyildi.
1992-ci il martın 17-də könüllü olaraq Azərbaycan Ordusunun sıralarına yazıldı. Aprelin 30-da isə leytenant rütbəsi ilə hərbi hissənin 2-ci motoatıcı bölüyünün komandiri təyin edildi. Beləcə, dünənə qədər mülki həyatda çalışan bir insan qısa müddətdə döyüş meydanının məsuliyyətini çiyinlərinə götürdü.
Koroğlu Rəhimovun rəhbərlik etdiyi bölük qısa müddətdə düşmənə qarşı uğurlu əməliyyatları ilə seçildi. Onun döyüş yolu Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç və Mənəşli kəndlərinin azadlığı uğrunda mübarizədən keçdi.
1992-ci il iyunun 13-də döyüşçülər Buzluq, Çartaz və Erkəç kəndlərini düşməndən təmizlədilər. Əməliyyat nəticəsində düşmənin canlı qüvvəsi məhv edildi, əsirlər götürüldü, xeyli silah-sursat ələ keçirildi. Ertəsi gün Mənəşli, iyunun 15-də isə Başkənd azad edildi. Ardınca Madagiz və Gülüstan istiqamətində uğurlu əməliyyatlar həyata keçirildi.
Bu döyüşlərdə Koroğlunun komandir kimi cəsarəti, soyuqqanlılığı və döyüşçülərinə bağlılığı xüsusilə seçilirdi. O, əsgərlərini yalnız əmrlə idarə edən komandirlərdən deyildi. Çətin anlarda onların yanında olur, təhlükəli məqamlarda önə keçir, döyüş yoldaşlarını mühasirədə qoymamağı özünə borc bilirdi.
İyunun 21-də Madagiz uğrunda yenidən ağır döyüşlər gedirdi. Tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gələndə Koroğlu tərəddüd etmədən köməyə yollandı. Onun rəhbərlik etdiyi əməliyyat nəticəsində döyüşçülər mühasirədən çıxarıldı, Madagiz yenidən azad edildi.
Bu, sadəcə hərbi əməliyyat deyildi. Bu, komandirin öz silahdaşlarının həyatını öz həyatından üstün tutmasının, döyüş meydanında yoldaşlıq və sədaqətin necə böyük gücə çevrildiyinin nümunəsi idi.
Lakin qəhrəmanların da taleyində son döyüş günü olur…
1992-ci il iyulun 3-də Koroğlu Rəhimovun bölüyü onun əmri ilə Ağdərə istiqamətində hücuma keçdi. Həmin gün o, Ağdərə yaxınlığındakı üçüncü sovxozun azad edilməsində iştirak etdi. Ağır döyüşlər zamanı qəhrəman komandir şəhid oldu. Onun cəbhədən gələn ölüm xəbəri ailəsini, döyüş yoldaşlarını və onu tanıyan hər kəsi sarsıtdı.
Cəmi 38 il yaşadı. Ancaq bu ömrün son ayları bir xalqın yaddaşında bütöv bir qəhrəmanlıq dastanına çevrildi. Koroğlu Rəhimov Bakıda Şəhidlər xiyabanında dəfn edildi.
1994-cü il sentyabrın 16-da Prezident Heydər Əliyevin fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Onun igidliyi kitabların, məqalələrin, şeirlərin və sənədli filmlərin mövzusuna çevrildi. Bakıda və Oğuzda adına küçələr salındı, Bakının Nərimanov rayonunda büstü ucaldıldı.
Amma Koroğlu Rəhimovun ən böyük abidəsi nə daşdan, nə də mərmərdəndir. O abidə azadlığı uğrunda canından keçdiyi Vətən torpağının özüdür.
Bu gün onun uğrunda döyüşdüyü torpaqlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İllər əvvəl Buzluq, Çartaz, Erkəç, Mənəşli, Başkənd, Madagiz və Gülüstan istiqamətində aparılan mübarizə, Ağdərə uğrunda verilən qurbanlar böyük bir tarixi yolun başlanğıc səhifələrindən idi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror tədbirləri həmin yolun yeni və möhtəşəm mərhələsi oldu.
Bir vaxtlar Koroğlu Rəhimovun silahdaşları ilə birlikdə azad etmək üçün döyüşdüyü torpaqlar bu gün Zəfər tariximizin bir parçasıdır. O, bu günü görmədi. Azad edilmiş kəndlərin küçələrində gəzmədi, üçrəngli bayrağın yenidən dalğalandığını seyr etmədi. Ancaq bu günün təməlində onun və minlərlə Vətən övladının qanı, alın təri, yarımçıq qalmış arzuları var.
Bəlkə də qəhrəmanlığın ən böyük mənası elə budur: insan özü görə bilmədiyi sabahın uğrunda bu gün canından keçir.
Koroğlu Rəhimovun ömrü 1992-ci ilin iyulunda başa çatdı, amma onun Vətən sevgisi zamanın fövqündə yaşamaqda davam edir. Çünki bəzi insanlar torpağa tapşırılsalar da, yaddaşdan heç vaxt ayrılmırlar. Onlar xalqın tarixində, azadlığın nəfəsində, dalğalanan bayrağın kölgəsində yaşayırlar.
Koroğlu Rəhimov Vətən uğrunda şəhid oldu. Vətən isə bir gün onun arzuladığı Zəfərə qovuşdu.
Xanım Aydın