Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinin İstixana ərazisində (“Parnik” kimi tanınan ərazi) sürücülər çətinliklə hərəkət edirlər. Yolun asfalt örtüyünə baxmayaraq, bəzi hissələri çala-çuxurlu olduğundan sürücülərin həmin maneələri sağ-sola manevr edərək keçmək məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Baki-baku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə bir müddət əvvəl aidiyyəti qurum tərəfindən kollektor kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı işlər aparılıb. Bu səbəbdən sözügedən yol sahəsinin müəyyən hissələrində çökmələr yaranıb. Qeyd edək ki, Agentlik tərəfindən həmin ərazidə cari təmir işlərinin aparılması nəzərdə tutulur.