Bu gün Bakının müasirləşməsi, təmizliyi və insanların rifahını təmin edəcək şəhərə çevrilməsi istiqamətində ölkə rəhbərliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi işlər görülür, ardıcıl fəaliyyət həyata keçirilir. Görülən mühüm işlərdən biri də sözsüz ki, təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsidir. Təkcə ötən il bu istiqamətdə 16 həyətin abadlaşdırılması işləri aparılıb, ümumilikdə isə indiyədək 300-dən artıq belə məhəllə abadlaşdırılıb, sakinlərin istifadəsinə verilib.
Bəs bütün bu işlərin fonunda abadlaşdırılmış məhəllələrin təmizliyinə, burada yaradılan şəraitin qorunub saxlanmasına nəzarəti həyata keçirən yerli icra orqanları işlərinə nə dərəcədə məsuliyyətlə yanaşır?
Baki-Baku.az xəbər verir ki, paytaxtın Səbail, Nəsimi və Xətai rayonlarında abadlaşdırılan məhəllələrin vəziyyəti kifayət qədər acınacaqlıdır. Yaradılmış bu müasir məhəllələrdə mövcud olan vəziyyət onların lazımi şəkildə qorunmadığını və təmizliyə nəzarətin zəif olduğunu göstərir.
Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 75-81 ünvanında yerləşən məhəllənin bir vaxtlar abadlaşdırıldığını demək indi çox çətindir. Burada binaların təmir olunan, yenilənən giriş hissələri və qapıların vəziyyəti indi bərbad haldadır. Qapılar paslanıb, zədələnib, giriş hissəsindəki döşəmələrdə çatlar, sökülmələr var. Həmçinin binanın ətraf hissəsi də baxımsızlıqdan əziyyət çəkir. Görəsən, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov bu ərazilərə nəzarətlə bağlı düşünürmü?
Nəsimi rayonu, Hüseyn Seyidzadə 38 ünvanında salınan abad məhəllədə də vəziyyət ürəkaçan deyil. Burada da meydançanın örtüyü qopub və istifadəyə yararsız hala gəlib. Eyni zamanda, ərazidə məhəllə mühiti yaradan divarların yazılması və estetik görkəmə xələl gətirilməsi çəkilən zəhməti hədər edir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev isə hələ də bu məsələ ilə bağlı öhdəliyini icra etmir.
Bundan başqa Xətai rayonu, VunqTau küçəsi. 14,16,18-də yerləşən abad məhəllə də digər iki rayondakı nəzarətsiz qalmış məhəllələrdən fərqlənmir. Bir zamanlar bu ərazidə uşaqların sevimli oyun meydançası hazırda baxımsız vəziyyətdədir. Oyun avadanlıqları zədələnib və istifadəyə yararsız hala düşüb. Həmçinin ərazidəki quru ağaclar da estetik görkəmi pozur və heç bir ekoloji töhfəsi yoxdur. Bəs Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov nə zaman bu məsələ ilə maraqlanmağı, səmərəli nəzarət mexanizmi qurmağı planlaşdırır?
Ümumilikdə, belə qənaətə gəlmək olar ki, yerli icra orqanları bu məhəllələrə yetərincə nəzarət etmir. Sakinlər bu laqeydlikdən əziyyət çəkir və hazırkı vəziyyət uzunmüddətli səhlənkarlığın nəticəsidir. Görünən odur ki, icra hakimiyyətləri abad məhəllələrin yaradılmasından sonra nəzarət mexanizmini düzgün qurmayıb, qısa müddətdə həmin məkanlar baxımsızlıq səbəbindən sıradan çıxıb. Təhvil alınan hər bir iş məsuliyyət tələb edir ki, rayon rəhbərlikləri hələ də bu məsələdə aktivlik göstərmirlər.
Görəsən, qeyd edilən ərazilərin icra orqanları abad məhəllələrin bu cür vəziyyətinə qarşı üzərlərində məsuliyyət, öhdəlik hiss edərək hərəkətə keçəcəkmi? İcra hakimiyyətləri bu məhəllələrin qorunması və saxlanmasına nəzərət etməkdə niyə bu qədər biganədir?