Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

HƏR ŞEYDƏN

İnsanların “qonşuları” olan əvvəllər naməlum australopiteklərin qalıqları tapılıb

Beynəlxalq paleontoloqlar qrupu Efiopiyada bir anda iki qədim hominid növünün — əvvəllər naməlum australopitek növünün və potensial olaraq Homo cinsinin ən qədim nümayəndəsinin qalıqlarını aşkar edib. Onlar təxminən 2,6–2,8 milyon il əvvəl bir-biri ilə yanaşı yaşamışlar. Bu kəşf insanın ilk birbaşa əcdadlarının meydana gəlməsi tarixini daha da mürəkkəbləşdirir.

Baki-baku.az portalının verdiyi məlumata görə, bu barədə Arizona Dövlət Universitetinin (ASU) mətbuat xidməti məlumat yayıb.

“Bu kəşf bir daha insan təkamülünün xətti şəkildə – meymunlardan neandertallara, sonra isə müasir insanlara doğru inkişaf etdiyi barədə qəbul olunmuş fikirlərin səhv olduğunu göstərir. Əslində, təkamül belə işləmir – xüsusilə, biz göstərdik ki, Afrika bölgəsində azı iki hominin növü bir-biri ilə yanaşı yaşayırdı”, – deyə ASU professoru Key Rid bildirib.

Alimlər artıq 20 ildir ki, Efiopiyanın Ledi və Avaş çay hövzələrində yerləşən Ledi-Geraru bölgəsində qazıntılar aparırlar. Son 50 ildə burada bir neçə vacib fosil aşkar olunub və onların tədqiqi Homo cinsinin təkamülü ilə bağlı antropoloqların fikirlərini dəyişib. Belə ki, 1974-cü ildə burada “Lüsi”nin — dik gəzən afar australopitekinin — qalıqları, 1994-cü ildə isə australopiteklər və insanlar üçün ümumi əcdad hesab olunan ardipitekin sümükləri tapılmışdı.

Yaxın zamanlarda alimlər Avaş çayının qərbində iki müxtəlif qədim hominid növünə aid bir neçə diş tapıblar. Onların yaşı qonşu süxur təbəqələrindəki arqon izotoplarının tərkibinə əsasən 2,6–2,8 milyon il olaraq müəyyən edilib. Bu tapıntılar xüsusilə maraqlıdır, çünki Efiopiyanın bu bölgəsində 2,5–3 milyon il yaşı olan hominid qalıqları əvvəllər demək olar ki, aşkar olunmamışdı.

Daha sonra aparılan analizlər göstərdi ki, diş dəstlərindən biri əvvəllər məlum olmayan australopitek növünə aiddir və bu növün çeynəmə aparatı 3–3,5 milyon il əvvəl Afrikanın şərqində yaşamış afar australopiteklərindən xeyli fərqlənirdi. İkinci diş dəsti isə alimlərin 2015-ci ildə Ledi-Geraruda aşkar etdiyi Homo cinsinin qədim nümayəndəsinin çənəsinə çox bənzəyirdi.

Alimlərin fikrincə, bu kəşf göstərir ki, bizim əcdadlarımız Şərqi Afrikada həm afar australopiteklərindən, həm də 2,5 milyon il əvvəl Avaş çayı hövzəsində yaşamış Australopithecus garhi növündən anatomik cəhətdən xeyli fərqlənən australopitek növü ilə yanaşı yaşamışdır. Alimlər ümid edirlər ki, bu dişlərin izotop tərkibinin öyrənilməsi qədim insanlar və australopiteklərin hansı qidalarla qidalandığını və bu qida üçün bir-birilə rəqabət aparıb-aparmadıqlarını anlamağa kömək edəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Birliyindən açıqlama verilib.