Yay mövsümünün yaxınlaşması və havaların isinməsi ilə Bakı sakinləri istirahət və sərin hava axtarışında park və yaşıllıq ərazilərinə axın edir. Ziyarətçilərin çox olduğu parklardan biri də Xətai rayonunda, Neapol küçəsində, “Ukrayna dairəsi” adlanan ərazidə yerləşən Heydər Əliyev parkıdır. Parkın mütəmadi olaraq yenilənməsi, abadlaşdırılması, ərazisinin genişləndirilməsi, həmçinin “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi buraya gələn sakinlərin sayını da ciddi şəkildə artırıb.
Parkın yerləşdiyi məkan avtomobillərin sıx hərəkət etdiyi ərazi olduğu üçün 2020-ci ilin iyun ayında Prezident İlham Əliyevin iştirakı ilə yerüstü piyada keçidinin açılışı oldu. Bu piyada keçidi vətəndaşların parka əlçatanlığını daha da asanlaşdırdı. Keçiddə liftin də mövcudluğu əlillər, uşaqlı qadınlar üçün parka daxil olmağa əlverişli imkan yaratdı.
Baki-baku.az xəbər verir ki, ancaq uzun müddətdir, parka girişin təhlükəsizliyini təmin edən bu keçiddən əlillərin və uşaqlı ailələrin istifadəsi çətinləşib. Belə ki, parkın əsas giriş hissəsində yerləşən böyük yerüstü piyada keçidinin lifti artıq uzun müddətdir işləmir.
Bu səbəbdən yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaq arabası ilə hərəkət edən qadınlar üçün oradan keçmək ciddi çətinlik yaradır.
Hazırda keçiddəki lift yalnız parkdan çıxış üçün işləyir. Parka daxil olmaq üçün nəzərdə tutulan lift isə işləmir. Bu da ərazidəki bir çox vətəndaş üçün keçidin istifadəsini qeyri-mümkün edir. İnsanlar məcburiyyət qarşısında qalaraq, birbaşa avtomobil yoluna çıxırlar. Bu isə həyat üçün təhlükə deməkdir.
Məsələ ilə bağlı məsuliyyət daşıyan aidiyyəti qurum isə uzun müddətdir bu məsələyə biganə yanaşır. Mövcud vəziyyət bərabərhüquqlu hərəkət imkanlarının pozulması, yəni əlçatanlığın təmin edilməməsi deməkdir.
Bu, sadəcə bir texniki nasazlıq deyil, həm də şəhər infrastrukturunda insanların təhlükəsizliyinin təmin olunmaması, fiziki imkanları məhdud şəxslərin və uşaqlı ailələrin rahatlığının nəzərə alınmaması, ictimai məsuliyyətin yetərincə olmamasıdır. Xüsusilə də “ASAN xidmət” kimi gündəlik yüzlərlə insanın baş çəkdiyi bir obyektin yerləşdiyi parka giriş hər kəs üçün təmin olunmalıdır.
Qeyd edək ki, sözügedən keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Agentliklə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.