Bakının turizm potensialının artırılması yalnız hotellərin və restoranların sayının çoxalması ilə bağlı deyil. Şəhərə gələn turistin ümumi təcrübəsi nəqliyyatdan piyada mühitinə, şəhərin təmizliyindən təhlükəsizliyə, naviqasiyadan müxtəlif xidmətlərə qədər bir sıra amillərin birgə təsiri ilə formalaşır.
Xüsusilə beynəlxalq tədbirlərin və turist axınının artdığı dövrlərdə şəhər infrastrukturunun müxtəlif ehtiyaclara nə dərəcədə cavab verməsi daha çox əhəmiyyət kəsb edir. Turistin rahat şəkildə hərəkət edə bilməsi, turizm obyektlərinə əlçatanlıq, ictimai nəqliyyatdan istifadə imkanları və şəhərin müxtəlif hava şəraitlərində işləkliyini qoruması destinasiya təcrübəsinin əsas elementləri sırasında yer alır.
Bu baxımdan şəhərdə fəaliyyət göstərən hotel, restoran, muzey, tədbir və digər turizm obyektlərinin ətrafındakı nəqliyyat və hərəkətlilik imkanları da ümumi şəhər mühitinin mühüm hissəsidir.
Mövzu ilə bağlı Baki-baku.az-a açıqlama verən “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi bildirib ki, keyfiyyətli hotel və restoranlar çox vacibdir, lakin turist bütöv destinasiya təcrübəsini qiymətləndirir. Yəni aviabiletlərin əlçatanlığını, şəhər nəqliyyatını, təmizliyi, piyada mühitini, naviqasiyanı, ictimai sanitar qovşaqları, rəqəmsal məlumatlandırmanı, təhlükəsizliyi, eləcə də yağışlı və isti havada şəhərin işlək qalmasını və s.
“Həmçinin televiziyalarda yayımlanan son süjetlərdə restoran və digər iaşə obyektlərinin yaxınlıqdakı parklanma yerlərinin çatışmazlığından şikayət etməsi bu mövzunun artıq gündəmdə olduğunu göstərdi. Lakin parklanma çatışmazlığı yalnız ictimai iaşə obyektlərinin deyil, bütövlükdə destinasiyanın problemidir. Turist avtobuslarının dayanması, taksidən təhlükəsiz düşüb-minmə, əlilliyi olan şəxslər üçün ayrılmış yerlər, yükboşaltma sahələri və ictimai nəqliyyata çıxış da məsələnin tərkib hissəsidir.
Qanuni icazə əsasında fəaliyyətə başlamış mövcud obyektlərə münasibətdə məsuliyyəti sonradan yalnız sahibkarın üzərinə qoymaq düzgün olmaz. Belə ərazilərdə ortaq yeraltı parklanma, əvvəlcədən rezervasiya, kənar dayanacaqdan servis avtobusu, qısamüddətli mindirib-düşürmə və yükboşaltma zonaları kimi məhəllə və ya küçə səviyyəli həllər hazırlanmalıdır”, – deyə o diqqətə çatdırıb.
S. Dübəndi qeyd edib ki, gələcəkdə yeni tikilən və ya təyinatı dəyişdirilən obyektlər üçün icazə mərhələsində hərəkətlilik və parklanma təsirinin qiymətləndirilməsi qanunvericilikdə dəqiq müəyyənləşdirilməli və ciddi nəzarət edilməlidir:
“Tələblər maksimum qonaq və işçi sayı, pik saat yükü, obyektin yerləşdiyi ərazi və ictimai nəqliyyat imkanları əsasında hesablana bilər. Bir qonağa düşən parklanma yeri norması mümkün üsullardan biridir, lakin xüsusilə tarixi mərkəzdə vahid mexaniki normanın hər zaman düzgün həll olunmaması mümkündür bilər. Bu yanaşma hotellərə, restoranlara, tədbir və konqres mərkəzlərinə, muzeylərə, ticarət və digər turizm və şəhər infrastrukturu obyektlərinə də şamil edilə bilər.
Beləliklə, parklanma məsələsinin həlli yalnız restoran və hotellərin fəaliyyətini asanlaşdırmaq baxımından deyil, şəhərin ümumi əlçatanlığının və turistlər üçün rahatlığının artırılması baxımından da əhəmiyyət daşıyır. Xüsusilə turist axınının artdığı dövrlərdə nəqliyyat və parklanma imkanlarının əvvəlcədən nəzərə alınması Bakı şəhərində destinasiya təcrübəsinin daha rahat təşkilinə imkan verə bilər”.