Dünya kinosunun parlaq simaları arasında özünəməxsus yeri olan Merilin Monro bütün dövrlərin ən böyük kino ulduzu elan edilib. Əfsanəvi aktrisa nüfuzlu “Variety” nəşrinin hazırladığı 100 ən böyük kino ulduzunun siyahısına başçılıq edib.
Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqə müxtəlif dövrlərdə dünya kinosuna töhfə vermiş Amerika, Avropa və Asiya aktyor və aktrisaları daxil edilib.
Siyahının müəllifləri Merilin Monronun aktyorluq istedadının uzun müddət lazımi qiymətini almadığını vurğulayıblar. Onların fikrincə, aktrisanın sənətkarlığı ictimaiyyətin diqqətini daha çox cəlb edən parlaq ulduz obrazının kölgəsində qalıb. Halbuki bu obrazın özü də Monronun yaratdığı xüsusi bir sənət performansı idi.
“Variety” Merilin Monronun yaradıcılığını daha yaxından tanımaq istəyənlərə rejissor Hovard Houksun 1953-cü ildə ekranlaşdırdığı “Centlmenlər sarışınlara üstünlük verir” musiqili komediyasına mütləq baxmağı tövsiyə edib.
Qeyd edək ki, Merilin Monro təkcə Hollivudun gözəllik simvollarından biri deyil, həm də kino tarixində özünəməxsus aktyorluq üslubu, ekran cazibəsi və yaratdığı unudulmaz obrazlarla iz qoymuş sənətkardır. Onun adı aradan onilliklər keçməsinə baxmayaraq, dünya kinosunun ən parlaq əfsanələri sırasında çəkilməkdə davam edir.