Nəriman Nərimanov: “Üzeyir bəy, siz millət yox Vətən üçün daha böyük işlər görmək naminə yaşamalısınız!”
Milli dövlətçilik və milli mənəvi-dəyərlər tariximzə adı həkk olunan iki qüdrətli sima var ki, onları bir-birinə bağlayan Vətən-Azərbaycan adlı müqəddəslik olub. Nəriman Nərimanovla Üzeyir bəy Hacıbəylini bir amal, Odlar Yurdu Azərbaycana xidmət və sevgi birləşdirirdi. O böyük, sonsuz, hüdudları məlum olmayan sevgi həm də ən çətin anlarda onları tarixi qərarlar almağa vadar etmişdi. Nərimanovun Üzeyir bəyi ölümdə xilas etməsi barədə faktı bəlkə də az adam bilir. Əldə olunan məlumatlardan bəlli olur ki, 1918-ci ilin Mart soyqrımları zamanı ermənilər Üzeyir bəyin evini güllə-boran edir. O zamanlar artıq Üzeyir bəy kifayət qədər nüfuza malikdi. “Leyli və Məcnun” operası ilə məhşur idi. Ermənilərin bu qüdrətli və nüfuzlu bəstəkarı görməyə gözü yox idi. Bu səbəbdən də Mart soyqrımının yaratdığı qarşılıqdan istifadə edib onu aradan götürmək, öldürmək istəyirdilər. Ancaq onların bu istəkləri baş tutmur. Hadisədən xəbər tutan Nərimanov soyqrımdan öncə Üzeyir bəyi yanına çağırıb teatr turuppası ilə birlikdə Güney Azərbaycana qastrol səfərinə getməyi tövsiyə edir. Üzeyir bəy məsələnin mahiyyətini bildikdən, belə bir təklifin Bakı əsilzadələrinə edildiyini, Mir Mövsüm Ağanın onların qayğısı ilə artıq o taya keçirildiyini eşitdikdən sonra “ Mən dar gündə milləti qoyub gedə bilmərəm, Nəriman bəy!” cavabını versə də, Nərimanovun “Üzeyir bəy, siz Vətən üçün daha böyük işlər görmək naminə yaşamalısınız!” qərarına etiraz edib sözünü yerə salmır.

O dövrün məhşur mətbu orqanları Üzeyir bəyin qayıdışına görə millətə gözaydınlığı verir
Bir neçə ay sonra Cümhuriyyətin himnini bəstələyən, 30-cu illərin dəhşətləri içərisində “Koroğlu” operası ilə dünyaya səs salan Üzeyir bəy qardaşı, Parlamanın baş mətbu orqanı – “Azərbaycan” qəzetinin qurucusu, Cümhuriyyətin tanınması üçün Versal Sülh Konfransında Əlimərdan bəy Topçubaşovla tarix yaradan Ceyhun bəy Hacıbəyli ilə birlikdə Güney Azərbaycana yola düşür. Cümhuriyyət Tiflisdə elan edildikdən, Gəncə dövrünü başa vurduqdan, Bakı işğaldan azad olunduqdan, Cümhuriyyətin Bakı mərhələsi başlandıqdan sonra Hacıbəyli qardaşları Vətənə dönür. O dövrün məhşur mətbu orqanları Üzeyir bəyin qayıdışına görə millətə gözaydınlığı verir. Bu tarixi qayıdışın, xilaskarlıq missiyasının ideya müəlllifi- Nəriman Nərimanov barədə millətə bir kəlmə məlumat verilməsə də, Üzeyir bəy xilaskarını tanıyırdı.

Komissar Nərimanov milli musiqimizin bayraqdarını canilərin caynağından almışdı
Ermənilərin gizli planını yarımçıq qoyan, Üzeyir bəyi qorumaqla milli musiqi tariximizin banisinin xilaskarına çevrilən Nərimanovun müdrik qərarının arxasında dayanan böyük millət, məmləkət sevgisi barədə bu gün də bilənlərin sayı azdır. Tarixdə Bolşevik Rusyasının əsas sütunu kimi qalan komissar Nərimanovun buna ehtiyacı yoxdu. Tarixi həqiqəti bilmək isə, bizim tarixə və tarixi şəxsiyyətlərə münasibətimizi dəyişə bilər. Komissar Nərimanov müdrik ziyalı, mütəfəkkir dövlət xadimi kimi ötən əsrin on səkkizinci ilində şah əsərlər yaradan qüdrətli sənətkarı, Azərbaycan SSR Elmlər Akademiyasının 15 təsisçisindən birini, milli musiqimizin bayraqdarını canilərin caynağından almışdı.

Dekadada Stalinin qəlbini fəth edəcək, əzəmətini millətlərin katorqasına bir daha nümayiş etdirəcəkdi!
1975-ci ildə Üzeyir bəyin Ev muzeyi təmir olunanda divarlardan Mart soyqırımı zamanı daşnaqların bəstəkarın evinə tuşladaqları güllələrin yeri üzə çıxır. Bu faktlar bir daha sübut edir ki, tarix də, tarixi şəxsiyyətlərin irsi də həqiqəti sevir. Nərimanovun xilaskarlıq missiyasından sonra qeyd etdiyimiz kimi Üzeyir bəy Cümhuriyyətin himnini bəstələyəcək, Şura hökuməti illərində isə tale onu növbəti dəfə sınağa çəkəcək, o, həm də Sovet Azərbaycanının himnini bəstələyəcəkdi. Bu xilası, dirçəlişi, daha doğrusu qurtuluşu ona çox görən erməni daşnakları Bolşeviklərin himayəsi ilə onun üstünə yeriyəcəkdilər. Orconikidzde, Kirov, Mikoyan, Beriya dəhşətləri içərisində “ Koroğlu” operasını qələmə alan Üzeyir bəy Moskvada keçirilən Azərbaycan ongünlüyündə – Dekadada ali rəhbərin – Stalinin qəlbini fəth edəcək, “ Sənsiz”i, “Sevgili canan”ı ilə əzəmətini millətlərin katorqasına- Sovet İttifaqına bir daha nümayiş etdirəcək, fəxri adlar, orden, medallar alacaq, İkinci Dünya Müharibəsinin gözəgörünməz qəhrəmanlarından birinə çevriləcək, bir həqiqəti isə heç vaxt unuda bilmiyəcəkdi: “Üzeyir bəy, siz Vətən üçün daha böyük işlər görmək naminə yaşamalısınız!” Üzeyir bəy bu kəlamın sahibini də unutmuyacaqdı. Moskva səfərlərinin hər birində Kremlin divarları önündə dəfn olunan, millət, məmləkət sevgisinə görə əcəl şərbəti içən komissar Nərimanovu ziyarətdə bulunacaqdı! Bunun bir adı vardı: “İlahi Ədalət!” Gəlin, onu unutmayaq! Tarixə və tarixi şəxsiyyətlərə münasibətdə isə heç zaman…
Şərəf Cəlilli