İlham Əliyev: “Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim!”
Heydər Əliyevin adı çəkiləndə hər bir azərbaycanlının ağlına gələn ilk fikir bu olur: Amerikanın Corc Vaşinqtonu, Fransanın Şarl de Qolu, Hindistanın Cəvahirləl Nihrusu, Türkiyə Cümhuriyyətinin Qazi Mustafa Kamal Paşa Atatürkü , bizim də Ulu Öndərimiz var. Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə həsr edən Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir, danılmazdır. Azərbaycan xalqını müstəqil dövlət qurmağa aparan yol, əslində, 1969-cu ildən – məhz Heydər Əliyevin siyasi fəaliyyətinin birinci mərhələsində başlamışdır. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, Onun simasında Azərbaycan xalqı əsl milli Liderini tapmışdır. O, milli ruhun dirçəldilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. O illərdə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan musiqisi – nadir milli mədəniyyətimizin bütün səhifələri sanki təzədən açılmış və yenidən qiymətləndirilmişdir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması böyük tarixi əhəmiyyətə malikdir
Ulu Öndər Heydər Əliyev Azərbaycanı dirçəltməklə və yeni Azərbaycan yaratmaqla yanaşı, həm də onun gələcəyini düşünürdü. O, gənclərə diqqət və qayğı ilə yanaşırdı. Gənclər respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsi üçün son dərəcə gərəkli ixtisaslara yiyələnmək üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Bununla yanaşı, 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da böyük tarixi əhəmiyyətə malikdir. Ordu quruculuğunda və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında bu məktəbin rolu böyükdür.

Böyük xilaskar missiyasını yerinə yetirdi
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətimizə ağır zərbələr vururdu.
Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəni böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi.
Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın dirçəldilməsinə yönəldildi.
İqtisadi inkişafı müstəqilliyin mühüm amili hesab edən Ulu Öndər Heydər Əliyev iqtisadiyyata sərmayə qoyuluşunun prioritet əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi və hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumla “Əsrin müqaviləsi” adlandırılan tarixi Saziş imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ardıcıl şəkildə reallaşdırılmağa başlayan neft strategiyası iqtisadiyyatın kəskin ehtiyac duyduğu xarici investisiya qoyuluşunun dinamik şəkildə artmasına, ölkənin sosial-iqtisadi inkişaf yoluna çıxmasına və dünya birliyinə hərtərəfli inteqrasiyasına mühüm təsir göstərmişdir. Bu razılaşmanın imzalanmasından sonra ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslərin istiqaməti dəyişdi, demokratik, hüquqi, dünyəvi dövləti quruldu. Onun təsisatları yaradıldı. Dövlətin yaşaması, inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edildi. Bazar iqtisadiyyatı yolu ilə gedərək, bütün sahələrdə islahatlar aparıldı. Bu islahatların nəticəsində Azərbaycan kompleks şəkildə inkişafa nail olundu.

“Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”
Müasir Azərbaycanın memarı, Azad, müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ilin dekabrından cismən aramızda olmasa da, Onun ideyaları və böyük dühası əbədi olaraq yaşayır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü mənəvi və siyasi varisi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edildi. Onun nigaran getdiyi Qarabağın və Şərqin Zəngəzurun 30 il sonra işğaldan azad edilməsi, hüzura qovuşması dediklərimizə əyani sübutdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni Mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm… Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!”
Ulu Öndər Heydər Əliyev qüdrəti, əzəməti xilaskarlıq missiyası ilə tarix yaratdı. O tarixin altun səhifəsinə adını mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan, Sərkərdə-xaqan atası kimi həkk etdi. Mənsub olduğu milləti Xüdafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndərən mənəvi və siyasi varisinin cəsarəti, ləyaqəti ilə dünyaya bir daha sübut etdi ki, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!” “Kimsənin bir qarış torpağında gözümüz yoxdur. Kimsəyə də bir qarış torpaq vermərik. Əgər kimsə revanşist addım atmaq istəyirsə, Biz buradayıq! Dəmir Yumruq da yerində! ”
Şərəf Cəlilli