Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm sərnişinlərin təhlükəsizliyi üçün risklər yaradır, həm də ölkənin işgüzar nüfuzuna xələl gətirir.
Baki-baku.az-ın məlumatına görə, aeroportun rəsmi məlumatında qeyd olunub ki, bəzən rəsmi taksi xidmətləri ilə yanaşı, heç bir icazəsi olmayan şəxslər sərnişinlərə israrla xidmət təklif edir. Bu isə həm aldadılma halları, həm də narazılıqlar ilə nəticələnir.
Hazırda bəzi sürücülər hava limanına sərnişin aparmaqdan imtina edirlər. Buna səbəb kimi aeroporta sərnişin aprdıqdan sonra geri dönüş zamanı boş qayıtmamaq istəkləridir. Onlar uzun məsafəyə sərnişin apardıqları üçün geri dönüş zamanı da sərnişinlə qayıtmaq istəyirlər.
Ortada hava limanına taksi ilə getmək mövzusunda problemin yarandığı müşahidə olunur. Bəs bu vəziyyətdə aeroporta həm gediş, həm də qayıdış zamanı alternativ nəqliyyat növü varmı?
Yaddan çıxarmaq lazım deyil ki, hava limanı istiqamətində 24/7 fəaliyyət göstərən H1 Airport Express avtobusları var. “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən start götürən avtobuslar “Koroğlu” stansiyası, Bakı Ekspo Mərkəzi və digər dayanacaqlardan keçərək birbaşa hava limanına çatır.
H1 Airport Express-in üstünlükləri:
Gündüz hər 15 dəqiqədən bir, gecə isə 45 dəqiqədən bir hərəkət edir;
Yol müddəti təxminən 30 dəqiqədir;
Sərnişinlər üçün pulsuz Wi-Fi xidməti mövcuddur.
Beləliklə, rəsmi taksi xidmətlərindəki uyğunsuzluqlar aradan qaldırılmayınca, sərnişinlər üçün hava limanına rahat və sürətli gediş-gəlişin ən etibarlı alternativi ekspress avtobuslar ola bilər.