Nəşr edilmişdir 11/16/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BİR NEÇƏ FAKT

Hacı Zeynalabdin Tağıyev

Mən öz millətimi dilənçiliyə öyrətmərəm

Zeynalabdin Tağıyev bakılı başmaqçı Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olub. Bakı şəhərinin 1849, 1860, 1873-cü illərə aid kameral təsvirlər [2] əsasında bu qənaətə gəlmək olar ki, Tağı Dostməhəmməd oğlu təxminən 1791-ci ildə anadan olmuş, 1873-cü ilədək dünyasını dəyişmişdir. Onun iki oğlu qeydiyyata alınmışdır – Zeynalabdin və Əliqulu. 1849-cu ilə aid kameral təsvirlərdə Zeynalabdinin 11, Əliqunun isə 8 yaşında olduğu göstərilir. Buna əsaslanaraq Zeynalabdin Tağıyevin 1838-ci ildə, qardaşı Əliqulunun isə 1841-ci ildə Bakı şəhərində anadan olduğunu söyləmək mümkündür.

Tağı Dostməhəmməd oğlu və onun həyat yoldaşı Ümmüxanım imkanlı insanlar deyildilər. Zeynalabdin hələ uşaq yaşlarında ikən anasını itirmiş, onun tərbiyəsi ilə atası məşğul olmuşdur. O, 10 yaşında olarkən atasına kömək etmək məqsədilə daşyonan köməkçisi işləməyə başlamış, 15 yaşında isə bu peşəni tam mənimsəmişdi.

Hacı Zeynalabdin Tağıyevin uşaqlığı

XIX əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəllərində Zeynalabdin Tağıyev müəyyən kapital toplaya bilmiş, ticarətlə məşğul olmağa başlamışdı. Bununla paralel olaraq, o, 1870-ci ildə kiçik ağ neft zavodu, 1873-cü ildə isə 9 min rubla Bibiheybətdə kiçik torpaq sahəsi almışdı. 1878-ci ildə bu ərazidə qazılmış quyudan güclü neft fontanı vurmuşdu. H.Z.Tağıyevin firması bir neçə il ərzində qazma, neftçıxırma, emal və daşınmanı həyata keçirən böyük istehsal kompleksinə çevrilmişdi.

O, Bibiheybətdə və Balaxanıda 30 desyatin (1 desyatin – 1,092 hektar) torpaq sahəsinə, iki neft daşıyan gəmiyə, Tsaritsin, Nijni Novqorod və Moskva kimi şəhərlərdə anbarlara, Bakıda ağ neft və sürtkü yağları istehsal edən zavodlara sahib idi. “H.Z.Tağıyev firması” 1882-ci ildə Moskvada keçirilən sənaye-sənət sərgisində “Ən yaxşı keyfiyyətli ağ neft istehsal etdiyinə görə” bürünc medalı ilə təltif edilmişdi.

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti yalnız neft sənayesi ilə məhdudlaşmırdı. O, pampıq becərmək  üçün Yelizavetpol quberniyasında torpaq əldə etmiş, pampıqtəmizləmə zavodu açmış və pampıq parçaların istehsalı üçün fabrikin tikintisinə başlamışdı. 1900-cü ildə fabrik olaraq artıq istismara verilmişdi.

H.Z.Tağıyev 1899-cu ildən “Elektroenerji” səhmdar cəmiyyətinin vitse-prezidenti kimi elektrik enerjisinin istehsalı sahəsində aktiv fəaliyyət göstərmişdi. Cəmiyyətin Ağ şəhərdə və Bayılda iki elektrik stansiyası var idi.

Hacı Zeynalabdin  Tağıyevin abidəsi

H.Z.Tağıyev balıq sənayesinə 1 milyon rubl vəsait qoyaraq Kürün sahilində 30 balıq vətəgəsinin sahibi olmuşdu. 1916-cı ildə bu balıq vətəgələri əsasında “Xəzər – Tağıyev” ticarət səhmdar cəmiyyəti yaradılmışdı.

H.Z.Tağıyevin qida sənayesi sahəsindəki fəaliyyəti balıq vətəgələri ilə məhdudlaşmırdı. 1910-cu ildə Əhmədli qəsəbəsində “H.Z.Tağıyevin vallı dizel mühərrikli dəyirmanı” istismara verilmişdi.

Böyük sahibkarın fəaliyyəti haqqında danışarkən onun kommunikasiya, üzümçülük sahəsində, torpaq mülklərinin və daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlarda iştirakını da qeyd etmək lazımdır. H.Z.Tağıyevin bank kontorunun bazası əsasında Tacir Bankının açılması, ilk növbədə, sənaye sahələrinin daha geniş maliyyələşdirilməsi ilə bağlı Hacının planlarının həyata keçirilməsi, həmçinin milli sahibkarlara kömək göstərilməsi demək idi.

Hacı Zeynalabdin Tağıyev Xalqı haqqında

H.Z.Tağıyev XIX əsrin sonu – XX əsrin əvvəlləri dövrünün ən görkəmli ictimai xadimlərdən biri idi. O, dəfələrlə Bakı şəhər dumasının üzvü seçilmiş, şəhərin aktual problemlərinin həll edilməsində, qərarların müzakirəsi və qəbulunda yaxından iştirak etmişdi. H.Z.Tağıyev təkcə onlarla yararlı təklifin təşəbbüskarı kimi çıxış edərək səs vermirdi, eyni zamanda onların həyata keçirilməsinə də köməklik göstərirdi. Onun təklifi və özünün də bilavasitə iştirakı ilə ilk dəfə Bakıda teatr binası tikilmiş, şəhərin mərkəzində, mağaza və ofislərin daxil olduğu Tağıyev passajı – Ticarət evi fəaliyyət göstərməyə başlamışdı. Onun təşəbbüsü ilə 1898-ci ildə Bibiheybət fəhlə qəsəbəsində ambulatoriya inşa edilmişdi.

Memar İ.Qoslavskinin layihəsi əsasında tikilmiş rus-müsəlman qız məktəbinin (1898-1901) və H.Z.Tağıyev sarayının (1895-1901) binaları Bakının görkəminə fərqli bir gözəllik bəxş etmişdi.

H.Z.Tağıyev Bakının içməli su ilə təmin edilməsi üçün həyata keçirilən layihənin işlənməsində və reallaşdırılmasında aktiv şəkildə iştirak etmişdi. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına su kəməri çəkdirdiyi üçün “Səyinə görə” gümüş medalı ilə təltif edilmişdi.

H.Z.Tağıyev ölkənin ictimai-siyasi inkişafını diqqətlə izləyirdi. 1905-1911-ci illərdə o, Cənubi Azərbaycanda milli azadlıq hərəkatının iştirakçılarına, 1912-1913-cü ullərdə isə Türkiyənin bəzi əyalətlərində erməni quldur dəstələrindən əziyyət çəkmiş müsəlmanlara yardım göstərmişdi.

1918-ci il mart soyqırımı günlərində Hacı milli müdafiə dəstələrinə və zərərçəkmiş Azərbaycan əhalisinə maddi köməklik etmişdi. Ona məxsus teatrın binası və “Kaspi” qəzetinin mətbəəsi həmin günlərdə ermənilər tərəfindən yandırılmışdı.

H.Z.Tağıyevin ictimai fəaliyyətində təhsilin inkişaf etdirilməsi və genişləndirilməsi məsələsinin xüsusi yeri var idi. Böyük mesenatın “Təzə həyat” qəzetində dərc etdirmək üçün nəzərdə tutulan “Mənim təcrübəmdən” başlıqlı bir məktubunun surəti bu gün də arxivlərdə saxlanılır. O həmin məktubda yazırdı: “Ən çox sevdiyim, ən qiymətli sandığım vaxtlarımda məni sənaye işlərim qədər, hətta deyərdim ki, onlardan daha artıq xalqım, onun gələcək xoşbəxtliyi və necə yaşayacağı məsələləri məşğul edir. Bu məqsədə çatmaq üçün vacib bildiyim birinci məsələ xalqımın tərbiyyəsi və təhsilidir”.

H.Z.Tağıyev 1896-cı ildə Mərdəkanda bağçılıq məktəbi açmışdı. O, ehtiyacı olan tələbələrə özünəməxsus bir səxavətlə köməklik göstərir, ali təhsil müəssisələrində dərs alanlara təqaüd təyin edirdi. Bu tələbələr arasında sonradan məşhur ictimai və dövlət xadimi, professor, mühəndis olmuş Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov və bir çox başqaları var idi.

H.Z.Tağıyev uzun illər Bakıda orta texniki məktəbin açılması ilə bağlı məsələ qaldırdı. 1905-ci ildə memar İ.Qoslavskinin layihəsi əsasında tikilmiş məktəb Bakı orta texniki məktəbi adını almış və H.Z.Tağıyev bu məktəbin fəxri hamisi seçilmişdi.

Hacı Zeynalabdin Tağıyev Rus qızlar məktəbi

H.Z.Tağıyevin həyata keçirdiyi ən vacib işlərdən biri Bakıda Tağıyev məktəbi kimi tanınan imperatriçə Aleksandra Fyodorovnanın adını daşıyan rus-müsəlman qız məktəbinin açılması olmuşdu. Bu məktəb müsəlman qızlar üçün Şərqdə açılmış ilk dünyəvi təhsil ocağı idi. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ianə etmiş və bu məbləği banka köçürmüşdü. Həmin vəsaitdən 125 min işçi personal və məktəb ləvazimatları üçün, 25 min rubl isə binanın tikintisinə xərclənməli idi. Burada təhsil alanlar, əsasən, Bakıda yaşayan qızlar idi. Bununla belə, Azərbaycanın digər yerlərindən, Tiflisdən, Vladiqafqazdan, Dərbənddən və başqa şəhərlərdən də məktəbdə oxumaq üçün gələnlər vardı.  Məktəbin ilk buraxılışı 1906-cı ildə oldu. Həmin il 15 qız bu təhsil müəssisəsini əlaçı kimi başa vurdu.

H.Z.Tağıyev Quranı Azərbaycan dilində nəşr etdirməyi öz mənəvi borcu hesab etmişdi. Tərcümə işini isə o, axund Mirməhəmməd Kərim Cəfərzadəyə tapşırmışdı.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra H.Z.Tağıyevin bütün evləri, ictimai binaları və sənaye müəssisələri müsadirə edilmişdi. İlk vaxtlar hakimiyyət ona öz ailəsi ilə birlikdə Mərdəkanda – şəxsi bağ evində yaşamağa icazə vermişdi. Şübhəsiz ki, belə bir qərarın çıxarılmasında rolu olanlar var idi. Məsələn, Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə H.Z.Tağıyevi təzyiqlərdən qoruyan insanlardan biri olmuşdu.

Hacı Zeynalabdin Tağıyev

H.Z.Tağıyev 1 sentyabr 1924-cü ildə vəfat etmişdir. Onun həyatı və fəaliyyəti, xalq qarşısında xidmətləri sovet hakimiyyəti illərində unutdurulmuşdu. Bununla belə, gördüyü işlər, müdrikliyi, xalqının gələcəyinin qayğısına qalması, səxavətliliyi, xeyirxahlığı, zamanla ayaqlaşa bilməsi ilə H.Z.Tağıyev nəsillərin yaddaşında əbədi və silinməz iz qoymuşdur.

“HACI ZEYNALABDİN TAĞIYEV” albomundan

Milli Azərbaycan Tarixi Muzeyi

MAS MATBAAÇILIK, İstanbul, 2010-cu il [1]

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycanda səfərdə olmuş argentinalı dünya futbol ulduzu Lionel Messi bununla bağlı “Instagram” hesabında paylaşım edib. Baki-baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun

DİGƏR XƏBƏRLƏR

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.Baki-baku.az Bakı

DİGƏR XƏBƏRLƏR

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə