2024-cü ilin başa çatdığı ərəfədə texnologiya nəhəngi “Google” şirkəti Hindistan üçün “İlin axtarış trendləri” hesabatını paylaşaraq bu il ən çox axtarılan səyahət istiqamətlərini açıqlayıb.
Baki-Baku.az şirkətin yaydığı hesabata əsasən məlumat verir ki, bu il Hindistandan “Google” platforması üzərindən ən çox axtarılan 10 səyahət istiqaməti arasında Azərbaycan və paytaxt Bakı ilk yerdədir.
Hesabatda bildirilib ki, Odlar Yurdu olaraq tanınan Azərbaycan müasirliyin və adət-ənənələrin bənzərsiz vəhdəti ilə hindli səyahətçiləri cəlb edir. Bakının gələcəyi əks etdirən siluetindən Qobustanın qədim qayaüstü rəsmlərinin sehrinə qədər bu ölkə tarix, mədəniyyət və təbii gözəlliyi özündə birləşdirən bir məkandır.
Həmçinin ən çox axtarılan səyahət istiqamətləri arasında İndoneziyanın Bali, Malayziyanın Kuala Lumpur şəhəri, o cümlədən Qazaxıstanın, Gürcüstanın və Hindistanın da şəhərləri yer alır.