Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Baki-Baku.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Kəmaləddin müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il dekabr ayının 16-da imzaladığı Sərəncamla yaradılan Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini ümumilikdə necə xarakterizə edərdiniz?
– Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılmasını olduqca əhəmiyyətli və vaxtında atılmış addım, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi islahat kimi qiymətləndirmək olar.
Məlum həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkə əhalisi və ərazilərinin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən qorunması işinə xüsusi həssaslıqla yanaşıb. Ümummilli Liderin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – müdrik fikri iş prosesində öz əməli təsdiqini tapıb. Hər bir Azərbaycan vətəndaşının Prezidenti kimi fəaliyyətinin ilk günlərindən başlayaraq cəmiyyətin təhlükəsizliyinin qorunması və mülki müdafiəsinin təşkili məsələlərinə müasir prizmadan yanaşan cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamla yaradılan Fövqəladə Hallar Nazirliyi dövlət başçısının diqqət və qayğısı sayəsində qısa müddətdə mobil, hər cür təbii və texnogen fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq gücünə malik bir quruma çevrildi. Cənab Prezidentin dəstəyi sayəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin müasir standartlar səviyyəsində təşkili, strukturunun zamanın tələbinə uyğun təkmilləşdirilməsi, normativ hüquqi, kadr hazırlığı və maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində formalaşdırılması mümkün oldu.
Belə ki, Fövqəladə Hallar Nazirliyi ilk günlərdən etibarən tabeliyinə verilən və yeni yaradılan qurumlarında işin daha səmərəli, operativ və çevik qurulması, maddi-texniki və kadr potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər istiqamətlərdə məhsuldar fəaliyyət göstərib. Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərilib, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı texnika və avadanlıqlar alınaraq gündəlik iş prosesində bacarıqla istifadə edilir. Qeyd edim ki, fəaliyyət sahəmizə aid texnoloji yeniliklər daim izlənilir, iş prosesində ən müasir innovativ yanaşmalar tətbiq edilir. Hər hansı fövqəladə halla qarşılaşan vətəndaşlarımıza operativ köməklik göstərilməsi və çevik yanğın-xilasetmə əməliyyatının təşkili üçün “112” qaynar telefon xəttinin fasiləsiz fəaliyyəti təşkil edilib. Bu gün əminliklə deyə bilərik ki, istər mümkün fövqəladə hadisələrin qarşısının alınması, istərsə də baş verən hadisələrin nəticələrinin çevik və minimum itkilərlə aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tam formalaşmış və yüksək hazırlıqlı bir qurumdur. Bunu Nazirliyin yanğın-xilasetmə qüvvələri ötən illər ərzində ölkəmizdə, habelə onun hüdudlarından kənarda baş vermiş fövqəladə hadisələrlə uğurlu mübarizə ilə təsdiq ediblər.
– Hər bir sahədə nailiyyətlərin davamlı olması üçün mütəxəssislərin yetişdirilməsi vacib şərtlərdən biridir. Bu mənada FHN-nin kadr hazırlığı məsələsində həyata keçirdiyi tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.
– Təbii ki, kadrların peşəkar səviyyədə formalaşması üçün nəzəri bilik nə qədər vacibdirsə, praktiki vərdişlər də bir o qədər əhəmiyyətlidir. İxtisaslı, öz işini mükəmməl bilən kadrların düzgün seçilib yerləşdirilməsi nəticə etibarilə, onların təmsil etdikləri sahədə uğurlara aparan yolda əsas amillərdəndir. Respublikamız üçün yeni sahə olduğundan Fövqəladə Hallar Nazirliyi fəaliyyətə başlayarkən qarşımızda dayanan əsas hədəflərdən biri də məhz xüsusi bacarıq və istedada malik peşəkar kadr tələbatını ödəməkdən, əməkdaşlarımızın peşə hazırlığının artırılmasından, mühüm istiqamətlər üzrə fəaliyyət sahələrinə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsindən ibarət olub. Bu məqsədlə geniş təcrübəyə malik ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulub, həm respublikamızda, həm də müxtəlif ölkələrdə təşkil olunan təlimlərdə, treninqlərdə, ixtisasartırma kurslarında fəal şəkildə iştirak edən əməkdaşlarımız nəzəri və praktik vərdişlərə yiyələniblər.
Bu çərçivədə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə 2 iyun 2008-ci il tarixində imzaladığı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında Sərəncam” bütövlükdə fövqəladə hallarla mübarizə fəaliyyətinin ahəngdar inkişafını təmin etmək baxımından çox ciddi və əhəmiyyətli addım oldu. Akademiyanın beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində möhtərəm Prezidentimizin iştirakı və verdiyi dəyərli tövsiyələr fəaliyyət istiqaməti kimi qəbul olunub. Ötən müddət ərzində Akademiyada təlim-tədris prosesi müasir standartlar səviyyəsində qurulub, maddi-texniki və metodiki baza möhkəmləndirilib, bu sahədə zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil ocaqları ilə işgüzar və səmərəli münasibətlər formalaşdırılb.
– Dünyanın bir çox ölkələri və nüfuzlu beynəlxalq təşkilatlarla qurulan dostluq və əməkdaşlıq əlaqələri Fövqəladə Hallar Nazirliyinin bu istiqamətdəki fəaliyyətində özünü necə göstərir?
– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanın bir çox ölkələri ilə qurulan dostluq və əməkdaşlıq əlaqələri Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əməkdaşlıq münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir çox ölkələrin müvafiq dövlət qurumları ilə, o cümlədən bir çox nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub. Nazirlik Türkiyə, Belarus, Gürcüstan, Qətər, Rusiya, ABŞ, Ukrayna, Böyük Britaniya, İtaliya, İran, Səudiyyə Ərəbistanı, Litva, Latviya, Sloveniya, Almaniya, Cənubi Koreya, İndoneziya, Sinqapur, Yaponiya, İsrail, Qırğızıstan, Tacikistan, Mərakeş, Avstriya və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına nail olub. Müxtəlif səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər ötən illər ərzində beynəlxalq təcrübənin qazanılmasında, kadr potensialı və maddi-texniki bazanın gücləndirilməsində mühüm rol oynayıb.
FHN-in fövqəladə hallarla mübarizə sahəsində zəngin təcrübəyə malik ölkələrlə yanaşı, uyğun beynəlxalq təşkilatlarla da əməkdaşlığına xüsusi əhəmiyyət veririk. Belə ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, MDB, NATO, GUAM, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatının müvafiq strukturları, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) və digər beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələr çərçivəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlər təşkil olunur, təcrübə mübadiləsi aparılır, əməkdaşlarımızın beynəlxalq təlim, seminar və treninqlərdə fəal iştirakı təmin olunur.
Yeri gəlmişkən, bu ilin 8-10 iyul tarixlərində Bakı şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci, eyni zamanda təşkilatın Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciətində qeyd edildiyi kimi, bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir. Assambleyanın növbədənkənar sessiyasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilməsi isə sözsüz ki, ölkəmizin qlobal nüfuzundan, durmadan artan beynəlxalq çəkisindən xəbər verir.
Bundan başqa, humanitar əməliyyatlarda ölkəmizin layiqincə təmsil olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin tabeliyində yaradılan Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi böyük uğura imza ataraq 2024-cü ilin sentyabr ayında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən müvəffəqiyyətlə keçərək, xilasetmə sahəsində peşəkarlığı təsdiq edən sertifikata layiq görülüb. Bu isə ölkə başçısının tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.
– 2024-cü ilin noyabr ayında Bakı dünya əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi. Ölkəmizin diplomatik və siyasi uğuru kimi tarixə yazılan COP-29 tədbirinin yüksək və təhlükəsiz səviyyədə keçirilməsində FHN üzərinə düşən vəzifələrin öhdəsindən necə gəldi?
– Olduqca qürurvericidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi xarakterizə olunur. Ölkəmizin reallaşdırdığı qlobal layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü daha da möhkəmləndirir. Fikrimi konkretləşdirsəm, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda söz sahibi kimi qlobal miqyaslı məsələlərin həllinə böyük töhfələr verir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirən ölkəmiz bununla da dünya səhnəsində fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi, həm də iqlim dəyişmələri ilə qlobal mübarizənin daha sürətlə həyata keçirilməsinə layiqli töhfələr verdi.
Təbii ki, COP29 ilə əlaqədar təhlükəsizliklə bağlı Fövqəladə Hallar Nazirliyinin də üzərinə mühüm vəzifələr düşürdü. Bu məqsədlə 2024-cü ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradıldı, Tədbirlər Planı hazırlanaraq təsdiq edildi. Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunaraq obyektlərin, o cümlədən otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı məkanların, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri həyata keçirildi. Bundan əlavə, göstərilən obyektlərdə Nazirliyin müvafiq qurumlarının qüvvə və vasitələrinin iştirakı ilə çoxsaylı təlimlər keçirildi, fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparıldı. Bununla yanaşı, tədbir ərəfəsində və tədbir keçirilən günlərdə mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək, həmin dövrdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi. Bütün bu qeyd olunan tədbirlər sayəsində fəxrlə qeyd edə bilərik ki, COP29 dövründə ümumilikdə bütün ölkə üzrə hər hansı ciddi fövqəladə hadisə qeydə alınmadı.
– Xalqımız artıq beşinci ildir ki, Qarabağ Zəfərinin sevincini böyük qürur hissi ilə yaşayır. Bu gün işğaldan azad edilən ərazilərimizdə Fövqəladə Hallar Nazirliyi tərəfindən fövqəladə halların effektli idarə edilməsi istiqamətində hansı addımlar atılır?
– Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik sərkərdəlik məharəti ilə Vətən müharibəsində doğma Qarabağımızın düşmən işğalından azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya quruluşumuzun tam bərpa edilməsi misli görünməmiş tarixi nailiyyətdir. Qalib Azərbaycan bu gün həm də işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə dünyanı heyrətləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri və görülən işlərlə bilavasitə yerində tanış olmaları Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini daha da sürətləndirir.
Müharibədən dərhal sonra cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi, mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə Nazirliyin həmin ərazilərdə fəaliyyətinin təşkilinə başlanıldı. Qısa müddətdə Fövqəladə Hallar Nazirliyinin yerli strukturlarının fəaliyyəti təşkil olundu, onların maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinə başlanıldı. Nəticə etibarilə, Nazirliyin həm nəzarət, həm də yanğın-xilasetmə qurumları bu gün Qarabağ və Şərqi Zəngəzur ərazisində öz vəzifələrini layiqincə yerinə yetirir, böyük sürətlə icra olunan quruculuq işlərində aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində intensiv iş aparır.
Bu kontekstdə bildirməliyəm ki, ciddi narahatlıq doğuran əsas problem, şübhəsiz, 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış çoxlu sayda piyada və tank əleyhinə olan minalardır. Əlbəttə, istənilən işi görməzdən, layihəni icra etməzdən əvvəl həmin ərazi minalardan tam təmizlənməlidir. Məlumdur ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin tərkibində bu məqsədlə xüsusi təyinatlı hərbi hissə yaradılıb, cənab Prezidentin diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlarla, o cümlədən kənardan idarə edilən müasir mexaniki minatəmizləmə robotları ilə təchiz olunub. Qeyd edim ki, minatəmizləmə işlərində, həmçinin xüsusi təlim görmüş itlərdən də istifadə edilir.
Bundan əlavə, yerli strukturların fəaliyyətə başlaması həm də baş verən fövqəladə halların, o cümlədən yanğınların qısa müddətdə qarşısının alınmasına imkan yaradıb. Bununla bağlı qeyd etməliyəm ki, ötən yay fəsli xüsusilə isti və quraq olması ilə səciyyələnib. Bu isə yanğınların, xüsusilə açıq ərazilərdə yanğınların baş verməsinə bu və ya digər dərəcədə təsir göstərən amil olub. Nəticədə, ayrı-ayrı ərazilərdə, xüsusilə mürəkkəb relyefli dağlıq ərazilərdə yanğınlar baş verib. Məhz işin vaxtında və düzgün planlaşdırılması, qüvvə və vasitələrin effektli və çevik tətbiq edilməsi sayəsində baş verən yanğınların geniş əraziyə yayılmasına imkan verilməyib, qısa müddətdə söndürülməsi təmin olunub. Nəzərə alsaq ki, həmin ərazilərdə çoxlu sayda mina basdırılıb, bu işin nə qədər mürəkkəb və riskli olduğu tam aydın olar. Məhz mina təhlükəsi nəzərə alınaraq, biz yay aylarında açıq ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərinə fəal şəkildə helikopter lərimizi cəlb etdik.
Bir sözlə, cənab Prezidentin müdrik uzaqgörənliklə əsasını qoyduğu və daim ali diqqət və qayğısını göstərdiyi Fövqəladə Hallar Nazirliyi bu gün fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında böyük təcrübəyə, güclü kadr potensialına və zəngin maddi-texniki bazaya malik olmaqla insanların təhlükəsizliyinin daim keşiyindədir.
Söhbətləşdi: Deniz Məmmədli