Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2026

Paylaşın

GÜNDƏM

Fərhad Qaraşov: “Hazırda Bakıda nar təchizatı ilə bağlı qıtlıq müşahidə olunmur” – MÜSAHİBƏ

Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, ANİİA, Nar

Payızın gəlişi ilə Bakı bazarlarında mövsümün ən çox gözlənilən meyvələrindən biri olan nar yenidən ön plana çıxıb. Paytaxtın bazar və meyvə-tərəvəz satış məntəqələrində yerli narın müxtəlif sortlarına rast gəlmək mümkündür. Mövsümün ilk günlərində isə həm məhsulun qiyməti, həm keyfiyyəti, həm də alıcıların hansı sortlara üstünlük verməsi diqqət çəkən məsələlərdəndir.

Narın Bakıdakı istehlak tələbi ilə yanaşı, ölkənin kənd təsərrüfatı və ixracında da xüsusi yeri var. Fermer təsərrüfatlarından paytaxt bazarlarına qədər uzanan bu mövsümi proses Azərbaycan narının daxili bazardakı mövqeyi ilə yanaşı, xarici ölkələrə tədarük imkanlarını da gündəmə gətirir.

Bəs bu il nar mövsümündən nə gözlənilir? Bakıda qiymətlər necə formalaşır, paytaxt sakinləri hansı nar sortlarına üstünlük verir və Azərbaycan narının əsas ixrac bazarlarında vəziyyət necədir?

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov Baki-baku.az-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

– Bu il Azərbaycanda nar mövsümü necə başlayıb? Ötən illə müqayisədə məhsuldarlıq və ümumi istehsalda hansı dəyişikliklər gözlənilir?

– Hər il olduğu kimi nar mövsümü ölkəmizdə böyük maraq və fəallıqla başlayıb. Fermerlər, ixracatçılar və emal müəssisələri arasında alış-satış, tələb və təklif prosesi artıq aktiv şəkildə davam edir. İxracatçılar fermerlərdən məhsul tədarükünə başlayıblar.

Qeyd edim ki, nar əkinlərinin ümumi sahəsi 23 min hektardır. Bunun 18 min 272 hektarı ənənəvi, 4750 hektarı isə intensiv nar bağlarıdır.

İlkin gözləntilərə görə, ötən illə müqayisədə nar istehsalında təxminən 5–7 faiz artım olmağını arzulayırıq. Bununla yanaşı, bizim üçün əsas məsələ yalnız məhsulun həcmini artırmaq deyil, keyfiyyətli məhsulun payını yüksəltməkdir. İxrac bazarlarında keyfiyyət tələbləri çox yüksəkdir və ixracın davamlı artması ilk növbədə bu tələblərə cavab verən məhsulun çoxalmasından asılıdır. Buna görə fermerlərlə aqrotexniki qulluğun müasir və innovativ üsullarla aparılması, aqronom xidmətlərinin təkmilləşdirilməsi istiqamətində mütəmadi iş aparırıq.

– Bu il Azərbaycan narının əsas ixrac istiqamətləri hansılardır və ixracla bağlı hansı nəticələr gözlənilir?

– Azərbaycan narının ənənəvi əsas ixrac bazarları Rusiya, Gürcüstan və Qərbi Ukraynadır. Son illərdə Ukrayna istiqamətində münaqişə ilə bağlı çətinliklər ixrac imkanlarına təsir göstərib, lakin bu bazara tədarük məhdud həcmdə də olsa davam edir.

2025-ci ilin nəticələrinə görə, təzə nar ixracının 83,32 faizi Rusiyanın payına düşüb: bu ölkəyə 29 924 tondan çox nar, təxminən 30,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Rusiya bazarı Azərbaycan narını yaxşı tanıyır və məhsulumuzun keyfiyyətini, özünəməxsus dadını yüksək qiymətləndirir. Gürcüstan və Ukrayna da mühüm ənənəvi istiqamətlər olaraq qalır. 

Məqsədimiz mövcud bazarlardakı mövqeyimizi qorumaqla yanaşı, ixrac coğrafiyasını genişləndirməkdir. Körfəz ölkələrinə ixrac zamanı münaqişələr, logistika çətinliyi və hava daşımalarının yüksək xərci əlavə çətinlik yaradır.

– Nar mövsümünün başlaması ilə Bakıda nar məhsullarına və ümumilikdə nara tələbat artırmı?

– Əhalimiz narı və nar məhsullarını sevən xalqdır. Bakıda nar mövsümündə bu məhsullara tələbat ənənəvi olaraq yüksək olur. Son illərdə narın qida dəyəri, vitamin və antioksidant tərkibi barədə məlumatlılığın artması da ona marağı gücləndirib. Bu maraq təkcə ölkəmizdə deyil, beynəlxalq bazarlarda da müşahidə olunur.

– Bakıda narın satış qiymətlərində mövsümün ilk günlərində hansı tendensiya müşahidə edilir? Qarşıdakı aylarda qiymətlər necə dəyişə bilər?

Mövsümün əvvəlində iri ölçülü, keyfiyyətli və ixraca yararlı narın fermerdən alış qiyməti Mərkəzi Aran və Mil-Muğan ərazilərində sortundan və ölçüsündən asılı olaraq təxminən 1,30 manat civarındadır. Bu, əsasən ixrac üçün alınan məhsulun qiymətidir. Bakıda pərakəndə satış qiymətləri isə bazardan, satış məntəqəsindən və məhsulun keyfiyyətindən asılı olaraq dəyişir.

Qiymətlərin qarşıdakı aylardakı gedişini əvvəlcədən dəqiq söyləmək çətindir. Buna məhsulun bazara çıxma həcmi, keyfiyyəti, ixrac tələbi və satış kanallarındakı vəziyyət təsir edir. Fermerlərin daha yüksək qiymət gözləntisi ilə alıcıların bazar şərtlərinə uyğun təklifləri arasında mövsümün əvvəlində müəyyən fikir ayrılıqları da yarana bilir.

– Xaricə ixrac edilən və Bakı sakinlərinin daha çox üstünlük verdiyi nar sortları hansılardır?

– Ölkəmizdə geniş yayılmış sortlar arasında Gülöyşə, Bala Mürsəl, Vələs və Qırmızı qabıq sortlarını qeyd etmək olar. Həm yerli istehlakçılar, həm də xarici bazarlar üçün sort seçimi məhsulun dadı, ölçüsü, görünüşü və keyfiyyətindən asılıdır.

Bakı sakinlərinin daha çox üstünlük verdiyi sortlardan biri özünəməxsus meyxoş dada və nazik qabığa malik Gülöyşədir. Bu sort süfrə üçün də xüsusilə sevilir.

– Paytaxtda nar satışında yerli istehsalın payı necədir? Bakı bazarında yerli narın mövqeyini necə qiymətləndirirsiniz?

– Bakıda satışa çıxarılan narın əsas hissəsi yerli istehsalın payına düşür. Mövsüm ərzində, bəzən isə mövsüm olmayan zamanlar ölkənin narçılıq bölgələrindən paytaxta müntəzəm məhsul gətirilir. Hazırda Bakıda nar təchizatı ilə bağlı qıtlıq müşahidə olunmur.

Nar mövsümündə yerli nar bazarda güclü mövqeyə malik olur. Nar ölkəmizdə yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də milli-mədəni dəyərimizin bir hissəsidir. Eyni zamanda narçılıq qeyri-neft sektorunun və kənd təsərrüfatının mühüm sahələrindən biridir. 2025-ci ildə nar və nar məhsullarının ixracından əldə olunan ümumi gəlir təxminən 54,8 milyon ABŞ dolları olub. Məhsullar arasında nar şirəsi də əhəmiyyətli yer tutur və ixrac coğrafiyasının genişlənməsinə töhfə verir. 

– Bakıda narın ən çox satıldığı və nar məhsullarına tələbatın daha yüksək olduğu satış kanalları hansılardır?

– Bakıda narın əsas satış məkanları bazarlar və məhəllələrdə, qəsəbələrdə fəaliyyət göstərən meyvə-tərəvəz satış məntəqələridir. Supermarketlərdə meyvə satışının payı da son illərdə artıb. Bununla belə, bazarlarda məhsul çeşidinin genişliyi və alıcıların seçim imkanları səbəbindən nar satışında ənənəvi olaraq bazarlar ön plandadır.

– Bakıda nar məhsullarının istehlakı ilə bağlı nə deyə bilərsiniz? Əsasən hansı məhsullara tələbat çoxdur?

– Nar mövsümündə əhali arasında ən çox təzə nar meyvəsi istehlak olunur. Təzə sıxılmış nar şirəsi də kifayət qədər populyardır. Bəzi satış məntəqələrində şirə alıcıların qarşısında birbaşa sıxılır. Mövsümdən kənar dövrdə isə qablaşdırılmış nar şirəsi, narşərab, kompot və digər emal məhsullarına tələbat olur. Bu məhsullar narın ilboyu istehlakına və emal sənayesinin inkişafına imkan yaradır.

Elvin Camalov

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu yazıda bir zamanların paytaxtda hər evdə olan, lakin sonradan sıradan çıxan əşyaları xatırlayır.

Ən son

GÜNDƏM

Bunu Baki-baku.az-a müsahibəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov

GÜNDƏM

Bunu Baki-baku.az-a müsahibəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin