Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/20/2025

Paylaşın

TARİXİMİZ

“Əsrin müqaviləsi”- Tarixi Zəfərin vizit kartı

"Əsrin müqaviləsi"

Ulu Öndər Heydər Əliyevin şah əsərləri çoxdur. Onun siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra təməlini qoyduğu “Əsrin müqaviləsi”ndən isə yoxdur. Ölkənin kompleks inkişafı, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, Odlar Yurdu Azərbaycanın qüdrətinin, mənəvi əzəmətinin nümayişi, Güney Qafqazın, daha doğrusu həm də, dünyanın siyasi mənzərəsinin dəyişməsi məhz “Əsrin müqaviləsi”nin adı ilə bağlıdır.

1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın neft sənayesinə “Amoco”, BP, “McDermott”, UNOCAL, “Lukoyl”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoyl”, ITOCHU, “Ramco”, “Delta” şirkətləri sərmayə yatırmaq üçün bir araya gəldilər. “Əsrin müqaviləsi”nin imzalanması ilə “Yeni neft strategiyası”nın uğurla həyata keçirilməsinə başlanıldı. Müqavilənin imzalanması mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev : “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk.

Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq… Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq” nidası ilə istiqlaldan böyük sərvətin, azadlıqdan böyük nemətin olmadığını sübut etdi. “Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək qüvvəyə mindi. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına yol açdı.

Milli təhlükəsizliyin qarantına çevrildi

Karbohidrogen ehtiyatlarının miqdarına, qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən olan “Əsrin müqaviləsi”nin gerçəyə çevrilməsi, hasil olan neftin dünya bazarına çıxarılması üçün kəmərin keçəcəyi ərazini seçəndə belə milli maraqları nəzərə alan Ulu Öndər Heydər Əliyev 500 mindən çox tarixi torpaqlarında-Gürcüstanda yaşayan Borçalıların – Qarapapaq türklərinin maraqlarını nəzərə aldı. Onların Qərbi Azərbaycan türkləri kimi deportasiyaya məruz qalmamaları, konsorsiumun imkanlarından faydalanmaları üçün kəmərin Gürcüstandan keçməsini vacib hesab etdi. Bu onun təkcə Ulu Öndər deyil, həm də Ümummilli Lider kimi əzəmətli obrazının göstəricisi idi. “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilib istismara verildi. TANAP və TAP layihələrinin gerçəkləşməsi ilə isə Cənub Qaz Dəhlizi yaradıldı. “Bu gün Azərbaycan Avropaya ildə 20 milyard kubmetrə yaxın qaz ixrac edərək iqtisadi inkişafını davam etdirir. 2027-ci ildən başlayaraq qaz ixracının həcmi 30 milyard kubmetrə çatacaq”. “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil, eyni zamanda, siyasi zəmanət də qazandırdı. Onu müstəqilliyin qarantına, iqtisadi, sosial, mədəni dirçəlişin stimuluna çevrildi. “1999-cu il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondu yarandı. Azərbaycan Respublikası Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli idarəsi nəticəsində gələcək nəsillər üçün maliyyə sabitliyinin təminatçısına çevrildi. Vəsaitlərin uzunmüddətli investisiyalara, inkişaf layihələrinə və insan kapitalının inkişafına yönəldilməsinə təminat verdi.2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində təşkil olunan rəsmi tədbirdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəlişlər edildi. Yenidən tərtib olunaraq ratifikasiya edilən sənəd ortaq şirkətlərin baş ofislərinə təqdim olundu. Müqavilə müddətinin 2049-cu ilin sonunadək uzadılması isə Azərbaycanın neft hasilatında uzunmüddətli perspektivlərin mövcudluğunu sübut etdi”.

Bakının bioresurslarının əsl sahibinin ünvanını dünyaya göstərdi

Ötən əsrin əvvəlində Bakı “Neft bumu ” yaşadı. Dünyanın məşhur neft maqnatları ölkəmizə axışdı. Bakı neftini sümürüb aparanların onun inkişafına faydası olmasa da, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev kimi milli burjuaziyanın başında duran neftxudalar, milyonçu mesenatlar millətin sərvətini məmləkətin sərmayəsinə çevirdilər. Bakının qapısını Tiflisdə elan olunan, 10 gün sonra Gəncəyə köçən Cümhuriyyətin üzünə bağlayan Bolşevik Rusiyası, erməni daşnaqları, Sentrokaspi Diktaturası da, Bakı nefti uğurunda savaş açmış, Mart soyqırımını, Bakı qırğınlarını törətmişdilər. Cümhuriyyət Qızıl Ordunun “Qırmızı terroruna” məruz qaldıqdan sonra, düz 70 il Bakı nefti Azərbaycandan çox Mərkəzin, Moskvanın istismarında, əsarətində oldu. İkinci Dünya Müharibəsində həlledici amilə çevrilsə də, Bakı Qəhrəman şəhərlər sırasında yer almadı. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı , “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi potensialı intellekt kapitalına çevrildi. Müasir Azərbaycanın Memarı Xəzərin Azərbaycan sektorunda mövcud olan bioresursların sahibinin ünvanını dünyaya göstərdi.

Əldə olunan nailiyyət təkcə Qarabağı Azərbaycan etmədi, onu Yaşıl Dünyanın problemlərinin çözüldüyü ünvana çevirdi

“Ölkənin iqtisadi, sosial və siyasi mənzərəsini dəyişən “Əsrin müqaviləsi”nin qazandırdığı təcrübə və beynəlxalq nüfuz Azərbaycanın yaşıl enerji sahəsinə xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynadı. Neft ixracından əldə olunan gəlirlər alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində sərmayə şəklində istifadə olundu. O Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və hərbi potensialının güclənməsinə biləvasitə təsir etdi”.

Qarabağ Azərbaycandır! ” nidası ilə başlıyan 44 günlük Vətən Müharibəsi zamanı əldə olunan tarixi nailiyyətlərin özülündə, əsasında da “Əsrin müqaviləsi”nin bəxş etdiyi iqtisadi, siyasi nailiyyətlər dayanırdı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasət, formalaşdırdığı Qüdrətli Ordu “Ata vəsiyyətinə əməl edən” Liderin millət, məmləkət sevgisi ilə yanaşı, həm də onun analitik təfəkkürü, iqtisadi potensialı intellekt kapitalına çevirə bilmək əzmi, iradəsi, qabiliyyəti ilə bağlı idi. Bu gün işğaldan azad edilən Qarabağda, Şərqi Zəngəzurda, Naxçıvanda, Şamaxıda, Xızıda, Abşeron yarımadasında alternativ enerjinin istehsalı üçün sərmayə yatırılır, beynəlxalq təcrübəyə malik olan şirkətlər ölkəmizə dəvət edilir. Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30 faizə yüksəltməyi nəzərdə tutur. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də təsadüfi xarakter daşımırdı. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının, qlobal problemlərinin həlli istiqamətində mühüm addımlar atmışdı. Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il ötür. İdarəçilik təlimində vətəndaş məmnunluğunu, insan amilini nəzərə alan, onu hər şeydən üstün tutan, Lider-Varis ənənəsinə sədaqət hissini aldığı qərarlar, imzaladığı fərman və sərəncamlarla sübuta yetirən Prezident İlham Əliyevin “Əsrin müqaviləsi”nin 30-cu il dönümündə COP 29-a ev sahibliyi etməsi bunun bariz nümunəsi olmaqla yanaşı, Yaşıl Dünyaya töhfəsi idi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, основные негативные последствия следующие:

Ən son

GÜNDƏM

Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin ikinci günü başlayır.

GÜNDƏM

Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin ikinci günü başlayır.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin