Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/18/2026

Paylaşın

Mədəniyyət

Ekran üzərində zamanın səsi: Son illərin Azərbaycan kinosu

Azərbaycan kinosu, Kino, Film

Hər dövr öz ekran salnaməsini yaradır. Bu salnamədə insanların ağrıları, qələbələri, ümidləri və yaşadığı hadisələr əks olunur. Bəzən kino müəyyən ideyaların təbliğat vasitəsinə çevrilir, bəzən isə bazar qanunlarının təsiri altında qalır. Amma ekran sənətinin ən dəyərli tərəfi cəmiyyətin nəbzini tutan, insanların sevincinə, kədərinə və daxili dünyasına həssaslıqla yanaşan əsərlərdir. Belə filmlər sadəcə hadisələri göstərmir, həm də dövrün ruhunu qoruyaraq gələcək nəsillərə ötürür.

Son beş-altı il Azərbaycan üçün mürəkkəb, ağrılı və eyni zamanda taleyüklü bir dövr olub. Bütün dünyanı sükuta qərq edən pandemiya və daha sonra milli yaddaşımızda dönüş nöqtəsinə çevrilən 44 günlük Vətən müharibəsi ölkənin ictimai həyatını dəyişdiyi kimi, kinonun məzmununa və fəlsəfəsinə də təsir göstərdi. Ekranda qəhrəmanlıq artıq yalnız döyüş səhnələrində deyil, insan ruhunun gücündə, itkilərlə üzləşən talelərdə, qələbənin gətirdiyi ümiddə və xalqın mənəvi dirçəlişində öz əksini tapmağa başladı.

Səngərdən insan ruhunun dərinliklərinə baxış

Bu mənəvi yenilənmənin ən diqqətçəkən nümunələrindən biri 2021–2022-ci illərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Görünməyən qəhrəmanlar” sənədli film silsiləsi oldu. Layihə müharibənin görünən tərəfinə deyil, Böyük Zəfərin əsasını təşkil edən fədakar və adsız qəhrəmanlara diqqət yetirir. Burada hər bir insanın həyat yolu milli qürur tariximizin ayrılmaz hissəsinə çevrilir.

Müharibə mövzusuna daha poetik və psixoloji yanaşmanı isə rejissor Emin Əfəndiyev “Tənha insanın monoloqu” filmində təqdim edib. Film tamaşaçını döyüş meydanından uzaqlaşdıraraq insan ruhunun dərinliklərinə aparır.

Əsər müharibənin insan yaddaşında qoyduğu boşluğu, tənhalığı və sağalmayan yaraları araşdırır. Burada əsas mübarizə silahla deyil, keçmiş və ağrı ilə aparılır. Məhz bu səmimiyyət və güclü aktyor oyunu sayəsində film 2025-ci ildə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının “Ən yaxşı film” və “Ən yaxşı aktyor” (Mahir Dərviş) mükafatlarına layiq görülüb.

Bəzəksiz həyat: sosial və psixoloji dramlar

Müasir Azərbaycan kinosu bu gün çoxşaxəli mənzərə təqdim edir. Bir tərəfdə cəmiyyətin gizli problemlərini üzə çıxaran sosial dramlar, digər tərəfdə isə insanın vicdanı ilə qarşılaşmasını göstərən psixoloji hekayələr dayanır.

Məktəblərdə baş verən görünməz zorakılıqdan tutmuş ailə problemlərinə, erkən nikahların yaratdığı faciələrdən mənəvi dəyərlərin aşınmasına qədər müxtəlif mövzular filmlərdə öz əksini tapır. Bu ekran əsərləri göstərir ki, Azərbaycan kinosu artıq sadəcə hekayə danışmır, dövrün problemlərini gündəmə gətirərək onların həlli barədə düşündürür.

Bu baxımdan son illərdə çəkilən “Körpü” (E.Quliyev), “Əqrəb mövsümü” (E.Quliyev), “Səriyyə” (A.Rəcəbov), “Apatiya” (H.Rəhimov), “Vətəndaş A” və “Qırmızı zona” (E.Rüstəmzadə), “Mikrorayon” (G.Əsgərov) layihələri xüsusi diqqət çəkir. Janr baxımından fərqli olsalar da, onları birləşdirən əsas cəhət həqiqətə cəsarətlə baxmalarıdır.

Müasir rejissorlar artıq reallığı bəzəməyə çalışmırlar. Onlar sərt dialoqlardan, küçələrin həqiqi atmosferindən və sosial şəbəkələrin insan psixologiyasına təsirini göstərməkdən çəkinmirlər.

Lakin bu cəsarətin məqsədi tamaşaçını ümidsizlik içində qoymaq deyil. Əksinə, ən ağır məqamlarda belə filmlər vicdanın, insanlığın və mənəvi dəyərlərin hələ də yaşadığını xatırladır. Məqsəd tamaşaçını bədbinliyə sürükləmək deyil, onu düşünməyə və çıxış yolu axtarmağa sövq etməkdir.

Keçmişin səsləri, gələcəyin simaları

Azərbaycan kinosunun yeni mərhələsi öz qəhrəmanlarını və yeni nəfəsini də formalaşdırır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olan Zəhra Alisoy, Eltekin Xan, Nigar Mürsəlova, Elsevər Rəhimov, Rəsmiyə Abbasova və Ülvi Haşım kimi gənc aktyorlar getdikcə daha çox diqqət çəkir və gələcəyin kino simasına çevrilirlər. Onlar səhnə ustaları ilə birlikdə çalışaraq filmlərə yeni enerji və təbiilik gətirirlər.

Bu dinamika yalnız müasir mövzularda deyil, tarixi yaddaşa müraciətdə də özünü göstərir. Son illərin əsas tendensiyalarından biri keçmişə yenidən baxmaq və tariximizi formalaşdıran şəxsiyyətləri ekranlara qaytarmaqdır. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş tetralogiya və “Atabəylər” serialı tamaşaçını milli köklərə qaytarır.

Xüsusilə diqqətəlayiq məqamlardan biri “Tağıyev: Neft” filminin “Ən yaxşı beynəlxalq bədii film” nominasiyası üzrə “Oskar” mükafatına Azərbaycanın rəsmi namizədi kimi təqdim olunmasıdır. Bu, milli tarixə marağın artıq ölkə sərhədlərini aşdığını göstərir. Eyni zamanda film Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının “Ən yaxşı quruluşçu rəssam işi” mükafatına da layiq görülüb. Mükafat filmin quruluşçu rəssamı Səbuhi Atababayevə təqdim olunub.

Gələcəyin tamaşaçısını formalaşdırmaq: Uşaq dünyası

Azərbaycan ekranı uzun illər kölgədə qalan ən həssas auditoriyaya – uşaqlara da yenidən üz tutur. “Mən, Lala və Şerlok Holms” serialı göstərdi ki, uşaq kinosu yalnız əyləncə və rəngarəng görüntülərdən ibarət deyil. O, uşağın estetik zövqünü, təxəyyülünü və dünyagörüşünü formalaşdıran vacib vasitədir.

Rəqəmsal texnologiyaların insanları bir-birindən uzaqlaşdırdığı dövrdə bu layihə uşaqları yenidən kitablara, canlı ünsiyyətə və həqiqi macəralara qaytarır. Dostluq, ailə dəyərləri və dürüstlük kimi mövzular burada didaktikadan uzaq, maraqlı və səmimi şəkildə təqdim olunur. Belə milli və keyfiyyətli layihələrin sayının artması yalnız uşaq kinosunun inkişafı deyil, həm də gələcəkdə daha savadlı, həssas və düşüncəli tamaşaçı nəslinin yetişməsi deməkdir.

Hər dövr öz ekran salnaməsini yaradır. Son illərdə çəkilən filmlər cəmiyyətin ən ağrılı mövzularına toxunmaqla yanaşı, uşaqların dünyasını da diqqətdən kənarda qoymur. Yeni simalar, müxtəlif janrlar və böyük layihələr Azərbaycan kinosunun inkişafında yeni mərhələnin formalaşdığını göstərir.

Nəzrin Mahu

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 İyun – Milli Qurtuluş Günü münasibətilə rejissor Saida Haqverdiyevanın ekranlaşdırdığı “Köhnə çamadanlar” bədii filmi qardaş Türkiyənin Adana

Ən son

Mədəniyyət

Hər dövr öz ekran salnaməsini yaradır. Bu salnamədə insanların ağrıları, qələbələri, ümidləri və yaşadığı hadisələr

Mədəniyyət

Hər dövr öz ekran salnaməsini yaradır. Bu salnamədə insanların ağrıları, qələbələri, ümidləri və yaşadığı hadisələr
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin