Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Şamaxı mühiti həm də ölkədə milli mətbuatın inkişafına verdiyi töhfələrlə qalır. 1875-ci ildə Şərqin, Azərbaycanın ilk anadilli mətbu orqanı işıq üzü görəndə çar Rusiyası bu faktı həm də belə qəbul etdi: “Rusiyada Azərbaycan türkcəsində çap olunan əvvəlimci qəzet”. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Abayeva-Məlikova ilə birlikdə Bakı quberniyasına, qubernator Staroselskiyə müraciətindən sonra “Əkinçi” iyunun 22-də nəşr olundu. Ömrü iki il olan “Əkinçi”nin rüşeymi üzərində saysız-hesabsız budaqlar göyərdi. Onlardan biri də milli mətbuat tariximizdə öz yeri və dəsti-xətti olan “Ziya” qəzeti idi.

1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində çap olunan “Ziya” “Əkinçi”nin ideya və ənənələrini davam etdirərək, milli mətbuatımızın inkişafında mühüm rol oynadı. Əgər “Əkinçi” milli maarifçilik, yeni tipli məktəblərin açılması, onlara uyğun dərsliklərin hazırlanması və müəllim kadrların yetişdirilməsi məsələlərini qaldırırdısa, “Ziya”nın naşiri və sonralar redaktoru olan Səid Ünsizadə bu ideyanı gerçəyə çevirərək, 1875-ci ildə Şamaxıda, Şamaxının məşhur mesenatı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, milli musiqinin və muğamlarının himayədarı kimi tarixdə qalan Mahmud ağanın malikanəsində təməli qoyulan “Ziya” adlı məktəbin açılmasına nail oldu. Bu, “Əkinçi”nin məktəb və təhsil məsələlərində qoyduğu təməl üzərində davam edən cəsarətli bir addım idi. “Ziya” qəzetinin ilk nömrəsi 1879-cu il yanvarın 16-da işıq üzü gördü. 4-8 səhifəlik bu qəzet həftədə bir dəfə, litoqrafiya üsulu ilə nəşr edilirdi. 1880-ci ilə qədər 76 nömrəsi buraxılan “Ziya”, həmin ilin dekabrından etibarən “Ziyayi-Qafqaziyyə” adı altında mətbəə üsulu ilə çap olunmağa başladı. Qəzetin 104 nömrəsi 1884-cü il iyunun 1-dək oxuculara təqdim olundu. “Ziyayi-Qafqaziyyə” qəzetinin proqramı daha geniş ictimai məsələləri əhatə edirdi. “Ziya” Azərbaycan milli mətbuatının davamçısı olaraq, “Əkinçi”nin maarifçilik və milli oyanış ideyalarının yaşadılması və yayılmasında önəmli mərhələ oldu. İnsanların cəhalətdən qurtuluşu, cahil insandan kamil insana uzanan yolun körpüsü kimi tarix yaratdı.
Şamaxıda – Mahmud ağanın malikanəsində təməli qoyulan “Ziya” Həsən bəy Zərdabidən Səid Ünsizadəyə gələn yolda sözün həqiqi və məcazi mənasında ziya rolunu oynadı.
Bu il milli mətbuatın 150 illiyidir. 150 ildə əldə olunan nailiyyətlərdə Həsən bəy Zərdabi və onun “Əkinçi”si ilə birlikdə Səid Ünsizadənin və “Ziya”sının da öz yeri var.
Şərəf Cəlilli