Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Baki-baku.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yağıntılı hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, sürücülər və piyadalar üçün əlavə risklər yaradır:
“Ölkəmizin əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edir. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edib ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar: “Piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə alaraq diqqətli olmağa və qaydalara ciddi şəkildə əməl etməyə çağırır”.