Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2026

Paylaşın

Mədəniyyət

Dünyanın dilində səslənən Azərbaycan nəğməsi: “Cücələrim”in müəllifi Qəmbər Hüseynli

Qəmbər Hüseynli

Həyat qəribədir. Olur ki, yüzlərlə musiqi bəstələmiş bir insan heç kimin yaddaşında bir zərrə yer ala bilmir. Amma cəmi bir melodiya ilə əbədiyyət qazanır. O melodiya zamanın sərhədlərini aşır, dilləri, coğrafiyaları, siyasi sistemləri keçir, insanları bir-birinə bağlayan görünməz körpüyə çevrilir. Azərbaycan musiqi tarixində belə əsərlərdən biri, bəlkə də birincisi “Cücələrim” mahnısıdır. Və bu nəğmənin müəllifi Qəmbər Hüseynlidir.

Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla insan “Cücələrim” melodiyasını eşidəndə bəlkə də onun müəllifinin adını bilmir. Amma həmin sadə, səmimi və işıqlı melodiyanın arxasında ömrünü musiqiyə həsr etmiş, xalq ruhundan qidalanan böyük bir sənətkar dayanır – Qəmbər Məşədi Muxtar oğlu Hüseynli.

Gəncədə başlayan böyük yol

1916-cı il aprelin 16-da qədim Gəncə şəhərində, dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya gələn Qəmbər Hüseynli hələ uşaqlıqdan fərqli istedadı ilə seçilirdi. Məktəbə qədəm qoyanda artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin şeirlərini əzbər bilirdi.

O dövrün Gəncəsi musiqinin, muğamın, aşıq sənətinin nəfəs aldığı canlı bir mədəniyyət məkanı idi. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Qurban Pirimov kimi sənətkarların çıxışları balaca Qəmbərin qəlbində silinməz izlər buraxırdı. Digər tərəfdən aşıq məclisləri, saz havaları, el nəğmələri onun musiqi duyumunu formalaşdırırdı.

Sonralar onun əsərlərində hiss olunan xalq ruhu, melodik sadəlik və səmimiyyət məhz həmin illərin yadigarı idi.

Muğamdan bəstəkarlığa

Qəmbər Hüseynli əvvəlcə tar ifaçısı kimi yetişdi. Gəncə Musiqi Məktəbində təhsil alarkən “Rast”, “Şur”, “Zabul Segah” kimi muğamları məharətlə ifa edir, eyni zamanda xalq mahnılarını və aşıq havalarını toplayaraq nota köçürürdü.

1934-cü ildə Bakıya göndərilən gənc musiqiçi əvvəlcə violonçel sinfində təhsil aldı. Qərb musiqisinin bu mürəkkəb alətini qısa müddətdə mənimsədi. Lakin onun daxilində başqa bir yanğı vardı – yaratmaq, bəstələmək, öz melodiyalarını dünyaya bəxş etmək arzusu.

Bu səbəbdən o, bəstəkarlıq şöbəsinə keçdi və çox qısa bir müddətdə ilk uğurlarını qazandı. Cəfər Cabbarlının sözlərinə yazdığı “Tellər oynadı” romansı Azərbaycan musiqisində yeni bir istedadın doğulduğunu xəbər verdi.

Musiqi ilə döyünən həyat

Şuşa Musiqi Texnikumunun direktoru, Xalq Çalğı Alətləri Orkestrinin dirijor köməkçisi, Sazçı Qızlar Ansamblının yaradıcısı və bədii rəhbəri…

Qəmbər Hüseynlinin fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmırdı. O, milli musiqinin təbliği və inkişafı üçün müxtəlif vəzifələrdə çalışır, yeni istedadların yetişməsinə xidmət edirdi.

Onun yaradıcılığında “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Sən-sən”, “Gülə-gülə” kimi romans və mahnılar xüsusi yer tutur. Bu əsərlərdəki lirika, incə duyğular və melodik gözəllik bu gün də öz cazibəsini itirməyib. Amma taleyin onun üçün hazırladığı ən böyük möcüzə bir başqa idi.

Bir mahnının dünya səyahəti

1940-cı illərin sonlarında Qəmbər Hüseynli sadə bir uşaq melodiyası bəstələmişdi. Heç kəs təsəvvür edə bilməzdi ki, bu musiqi sonralar dünyanın ən məşhur uşaq mahnılarından birinə çevriləcək. Mahnının yaranması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Rəvayətlərdən birinə görə, bəstəkar 1947-ci ildə Gəncə Filarmoniyasında çalışarkən bu melodiyanı məktəblilər üçün yazmışdı. Digər məlumatlara görə isə musiqi əvvəlcə Abbas Səhhətin şeirinə uyğunlaşdırılmışdı. Sonradan bəzi sözlərin uşaqlar üçün çətin olması səbəbindən yeni mətnə ehtiyac yaranmışdı.

1949-cu ildə Qəmbər Hüseynli gənc şair Tofiq Mütəllibovla görüşür və ona melodiyanı dinlədir. Musiqi şairi dərhal ovsunlayır. Çox keçmədən sözlər yazılır və Azərbaycan musiqisinin tarixində yeni bir səhifə açılır. “Cücələrim” dünyaya gəlir.

Tofiq Mütəllibov sonralar etiraf edirdi ki, bu mahnının belə möhtəşəm taleyə sahib olacağını heç vaxt təsəvvür etməmişdi.

Dünyanın dillərində səslənən Azərbaycan nəğməsi

“Cücələrim” qısa müddətdə sərhədləri aşdı. Əvvəlcə bütün Sovet İttifaqında məşhurlaşdı. Daha sonra Avropaya, Asiyaya, dünyanın müxtəlif ölkələrinə yayıldı.

Bu günə qədər mahnının 100-dən çox dilə tərcümə olunduğu bildirilir. Bu göstərici Azərbaycan musiqisi üçün misilsiz hadisədir. 1955-ci ildə İsveçrədə sovet nümayəndə heyətini yerli məktəblilərin “Cücələrim”lə qarşılaması artıq mahnının beynəlxalq şöhrət qazandığını göstərirdi. Daha sonra maraqlı hadisələr bir-birini əvəz etdi.

Çexoslovakiyada keçirilən rəsmi qarşılanma mərasimində SSRİ himni əvəzinə səhvən “Cücələrim”in səsləndirilməsi, Hindistanda minlərlə insanın Elmira Rəhimovanı bu mahnı ilə qarşılaması artıq bir mahnının deyil, əsl mədəniyyət fenomeninin tarixçəsi idi.

Moskvanı fəth edən balaca qız

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənətinin ongünlüyü “Cücələrim”in taleyində dönüş nöqtəsinə çevrildi. Böyük Teatrın möhtəşəm səhnəsində maestro Niyazinin idarə etdiyi simfonik orkestrin müşayiəti ilə balaca Suğra Bağırzadə mahnını ifa etdi. Salon alqış sədaları ilə doldu. Bir neçə gün ərzində mahnı bütün Sovet İttifaqında dillər əzbərinə çevrildi.

Hətta sonralar pioner rəqs ansamblının adı da dəyişdirilərək “Cücələrim” qoyuldu.

Bu artıq adi uğur deyildi. Bu, Azərbaycan musiqisinin milyonlarla insanın yaddaşına həkk olunması idi.

“Nu, poqodi!”yə qədər uzanan yol

Mahnının şöhrəti böyük ekrana da yol tapdı.

Azərbaycanın məşhur “Ögey ana” filmində, “Ulduz” komediyasında səslənən “Cücələrim” sonradan SSRİ məkanının ən məşhur cizgi filmlərindən biri olan “Nu, poqodi!”də də istifadə edildi. Canavarın toyuq hininə girdiyi səhnədə Azərbaycan dilində səslənən bu mahnı milyonlarla tamaşaçı tərəfindən eşidildi. Beləcə, Qəmbər Hüseynlinin bəstəsi təkcə konsert salonlarında deyil, ekranlarda da yaşayaraq yeni nəsillərə çatdı.

Çarli Çaplinin salamı

“Cücələrim”in tarixində ən təsirli hadisələrdən biri də dünya şöhrətli aktyor və rejissor Çarli Çaplinlə bağlıdır. Deyilənlərə görə, Fransada Azərbaycan kino xadimləri ilə görüş zamanı Çaplin onların Azərbaycandan gəldiyini öyrənir. Qəfil pianonun arxasına keçir və “Cücələrim” melodiyasını ifa edir. Sonra isə təəccüblü bir cümlə söyləyir: “Demək siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin!” Bu sözlər bəlkə də Qəmbər Hüseynlinin dünya sənətində tutduğu yerin ən qısa və ən təsirli ifadəsidir.

Dünyanın tanıdığı bəstəkarın sadə həyatı

Təəssüf ki, dünya şöhrəti hər zaman rahat həyat demək olmur.

“Cücələrim” dünyanın müxtəlif ölkələrində səslənərkən, milyonlarla insanın dilində dolaşarkən, onun müəllifi Bakıda sadə və çətin şəraitdə yaşayırdı.

Dostlarından biri evindən qayıtdıqdan sonra təəssüflə deyirdi: “Pianinosu belə yox idi…” Bu, bir tərəfdən dövrün acı reallığı, digər tərəfdən isə sənətkar taleyinin paradoksu idi. Lakin Qəmbər Hüseynli bunlara baxmayaraq yaratmaqdan əl çəkmədi. Yeni əsərlər yazdı, musiqi yaratdı, insanlara sevinc bəxş etdi.

Əbədi yaşayan nəğmə

1961-ci ilin 31 iyulunda Qəmbər Hüseynlinin ömrü yarımçıq qaldı. Cəmi 45 il yaşadı. Amma onun ömrü uzunluğu ilə deyil, yaratdığı işığın gücü ilə ölçülür.

Bu gün Qəmbər Hüseynlinin adı çəkiləndə ilk olaraq “Cücələrim” yada düşür. “Cücələrim” səslənəndə isə onun müəllifi xatırlanır. Çünki o mahnı mahnı olmaqdan çıxıb və xalqın yaddaşına çevrilib artıq. O, Azərbaycanın dünyaya ünvanladığı ən səmimi musiqi məktublarından biridir. Bir əsrdən artıqdır ki, o məktub dünyanın müxtəlif dillərində oxunur, müxtəlif səslərdə səslənir, amma hər dəfə eyni həqiqəti xatırladır: Böyük sənət bəzən elə ən sadə melodiyalarda yaşayır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil, zamanda ruhun azadlığının, İlahi eşqin və görünməyən aləmlərin

Ən son

GÜNDƏM

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə

GÜNDƏM

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin