Yeni bir əşyaya sahib olduqda bu əşyanın cazibəsiylə daha çoxuna sahib olmaq istəyinə “Didro effekti” deyilir. Başqa sözlə, sahib olduğumuz şeylər artdıqca, yenilərinə sahib olmaq istəyi istehlak zənciridir.
Hər yeni əldə olunan əşya özlüyündə növbəti əşyaya tələbat yaradır. Əldə olunan hər yeni əşya isə ehtiyac ödəmək üçün yox, yenisini almaq tələbatını qarşılamaq üçün alınır. Bu isə bədxərcliyə və lazımından daha artığına sahib olmağa gətirib çıxarır.
“Didro effekti” termini ilk dəfə antropoloq və alim Qrant Makkraken tərəfindən 1988-ci ildə ortaya çıxıb. O, bu termini fransız filosof Deni Didronun “Köhnə libasıma görə peşmanlıq hissi və ya zövqü şansından çox olanlara xəbərdarlıq” essesinə əsasən yaradıb.
Bu termin bir mülkün və ya sahib olduğunuz hər hansı bir şeyin gözlənilənin əksinə məmnuniyyətsizlik yaratdığını qabardır.
Bəs necə oldu ki, filosof bu fikrə gəldi?
Bütün həyatını yoxsulluq içində keçirən Deni Didronun həyatı 1765-cı ildə köklü dəyişdi.
XVIII əsrdə Fransada da bizdəki kimi cehiz vermək anlayışı var idi. Eynən “Xoşbəxtlik qayğıları” filmindəki kimi məşhur filosofun da ailə qurmaq yaşına çatan qızına cehiz almaq üçün pulu yox idi. Lakin onun dəyərli bir aktivi var idi. O dövrünün ən müasir ensiklopediyasının həmtəsisçisi və yazıçısı idi.
Didronun çətin dönəmdən keçdiyini eşidən Rusiya imperatriçası II Yekaterina ona kömək etmək üçün kitabxanasını almağı təklif edir. O vaxtın pulu ilə 1000£-a (indiki pul ilə 50,000$-a) Didro kitabxanasını imperatriçaya satır. Alqı-satqından sonra toyu və cehizi həll edən Deni, sevincək özünə yeni, qırmızı libas alır və bununla da həyatı alt-üst olur.
Libası o qədər gözəl idi ki, köhnə və sadə evində yamaq kimi görünürdü. Buna görə Didro evdəki bəzi əşyaları dəyişmək fikrinə düşdü. Nimdaş xalçasını Dəməşqdən gəlmiş kilimlə əvəzlədi. Kilimə uyğun gəlmədiyindən köhnə yemək masasını yenisi ilə, yeni aldığı güzgüsünə uyğun gəlmədiyinə görə köhnə kreslosunu dəri kreslo ilə dəyişdi. Bu cür ardıcıllıqlı tələbat onu alış-veriş aludəçisinə çevirdi və sonda filosof müflisliyə məhkum oldu.
Didro “Köhnə pencəyimin sahibi ikən, yeni libasımın köləsi oldum. Ani gələn var-dövlətdən ehtiyat edin. Kasıbların adətən görünüşlə bağlı qayğıları olmazkən, varlılar daima bunla bağlı gərginlik keçirirlər”, – deyə yazırdı.
Əksər insanlar “Didro effekti”nin qurbanı olurlar. Yeni bir ayaqqabı aldıqdan sonra ona uyğun paltar axtarma istəyi yaranır. Bunlara yaraşan çanta, əlbəttə ki,vacibdir. Daha sonra eynək, papaq, şərf, palto, dodaq boyası, üzük, sırğa və bu zəncirvari “Didro effekti” siyahını uzatdıqca uzadır. Bir nöqtədən sonra ehtiyacdan yox aludəçilikdən istehlak edirik.
Təbiət qanunlarına görə, biz həmişə yuxarıya, artmağa doğru gedirik. Nadir hallarda sadələşmək, azalmaq, məhrum olmağı seçirik. Başqa bir professor Culiet Şorun dediyi kimi, sahib olduqlarımızı artırmaq təzyiqi biristiqamətli artan yöndədir. Yəni daima daha çoxa sahib olma istəyi şüuraltımızdan qaynaqlanır.
Effekti necə idarə edə bilərik?
Didro effektinin əsas anlamı bizə, həyatımız boyu daima yeni nələrəsə ehtiyacımız olduğu fikrinin hər zaman doğru olmadığını və bunu idarə etməyi öyrənməli olduğumuzu göstərir.
Birini alanda, birini verin. Yəni, hər dəfə nə isə təzə bir şey alanda, köhnəsini kimə isə verin.
Bu günkü halınıza uyğun olanları alın. Təzə əşyanın sizin indiki həyat tərzinizə nə dərəcədə yaraşdığını analiz etdikdən sonra nə isə əldə edin.
Bir ay heç bir şey almayın. Bir ay müddətində ehtiyac yarandıqda belə kimdənsə ödünc alın. Özünüzə qadağa qoyun. Çünki insan özünə qadağalar qoyduqca daha resurslu olur.
Sahib olmaq istəyini buraxın. Həyatda heç vaxt hər şeyə sahib olmaq mümkün deyil. Biz nə qədər istəsək də dünyada olan hər istədiyimizə sahib ola bilmirik. Təzə “Mercedes” alandan sonra “Bentley”, “Bentley”ə sahib olandan sonra “Ferrari” almaq istəyi yaranır. “Ferrari”ni alandan sonra şəxsi təyyarə almaq istəyi və bu istəklər siyahısıdaim artan istiqamətdə böyüyür. Sahib olmaq istəyinin qanun deyil, təfəkkürümüzün bizə təqdim etdiyi fikir olduğunu anlasaq, həyat bir xeyli asanlaşacaq.
Şəxsən mənim hədəfim həyatımı minimuma salmaq deyil, ehtiyacımı ödəyəcək minimuma salmaqdır. Ümidvaram, bu məqalə sizə bir az fərqli rakursdan düşünməyə yol açacaq.
Didro dostumuz demiş, “imkansız olmanın azadlığı, varlı olmağın sərhədləri var. Qoy mənim həyatım sizə dərs olsun”.
Deniz Məmmədli