Paytaxtın ən iri tikinti materialları satış məkanlarından biri olan Dərnəgül bazarı yaxın vaxtlarda söküləcək.
Baki-baku.az-ın məlumatına görə, sahibkarlardan bəzisinə artıq rəsmi bildiriş də göndərilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2025-ci il tarixli sərəncamına əsasən, Böyükşor gölü ətrafı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri boyunca yerləşən ərazilər yenidən qurulacaq. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək bu layihə ərazidə yeni investisiya layihələrinin reallaşdırılmasını və köhnə obyektlərin köçürülməsini nəzərdə tutur.
Hazırda sahibkarlara yalnız obyektlərin köçürülməsi barədə tövsiyə verilib, lakin dəqiq tarix açıqlanmayıb.
Sahibkarların dediyinə əsasən, köçürüləcəyi əsas ünvan artıq müəyyənləşib. Bu, Qaradağ rayonunun Löktaban qəsəbəsində inşa olunan Abşeron Tikinti Materialları Mərkəzidir.
Bu mərkəz Qafqazın ən böyük tikinti materialları kompleksi kimi təqdim olunur və bir sıra üstünlüklərə malikdir:
- Geniş və müasir infrastruktur – iri anbarlar, açıq və qapalı satış sahələri;
- Yol əlçatanlığı – magistral yollara yaxın yerləşməsi yükdaşımaları asanlaşdıracaq;
- Logistika imkanları – xüsusi park meydançaları, yükləmə-boşaltma zonaları və nəqliyyat rahatlığı;
- Böyük ticarət potensialı – fərqli tikinti materiallarının bir mərkəzdə toplanması həm alıcılar, həm də satıcılar üçün rəqabət üstünlüyü yaradacaq.
Qeyd edək ki, Dərnəgül bazarının Löktabana köçürülməsi paytaxtın mərkəzi hissəsində sıxlığı azaldacaq, həmçinin sahibkarların daha geniş və müasir şəraitdə fəaliyyət göstərməsinə imkan yaradacaq.