I yazı
Bu gün Əziz Əliyevin xatıtlanan günüdür
“Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır”
İlham Əliyev
Əziz Məmmədkərim oğlu Əliyev taleyindən iri, həm də paytaxt şəhərlər keçən tək və yeganə liderimizdir. Adı tarixdə Güney Azərbaycan missiyasının – “Əziz Əliyev qrupu”nun rəhbəri, dağlar diyarı Dağıstanın xilaskarı kimi qalan Əziz Əliyevin siyasi hakimiyyətində Dağıstan dövrü mühüm əhəmiyyətə malikdir.
Əziz Məmmədkərim oğlu Əliyev Dağıstana rəhbər təyin olunanda Dağıstanın da, dağlıların da ağır günləri idi. Bu çətin, ağır, məşəqqətli, eyni zamanda şər-böhtana hədəf olunan məmləkətin sözün həqiqi mənasında Xilaskara ehtiyacı var idi.
Dağıstan bölünmək, parçalanmaq, sürülmək, sürgün edilmək təhlükəsi ilə üz-üzə idi. SSR-yə itaətsizlikdə ittiham olunan dağlılar sürgünlə təhdid edilir, çeçenlərin, inquşların, balkarların, qaraçayların, Axısqatürklərinin, Krım tatarlarının dalıyca Dağıstan xalqlarının, Dərbənd türklərinin deportasiyası planlaşdırılırdı. Moskvada, Mərkəzi Komitədə Mikoyan – Beriya cütlüyü Stalini bu məsələyə inandırmışdı. 1938-ci ildə Güneyliləri Azərbaycandan reportasiya etdirən, onları şah rejiminin, fars imperiyasının xəfiyyəsi damğası ilə ləkələyən bu məşhur Üçlük indi Dağıstanı, bu torpaqların tarixi sakinlərini, qürurun, vüqarın, cəsarətin, ləyaqətin nümunəsi olan Şeyx Şamilin varislərini Şura hökümətinin düşməni sayır, Hitler Almaniyasının casusu kimi ləkələyir, şərləyirdi. Hər şeyin zamana, vaxta, zamanı, vaxtı ədalətin nəfinə işlədən sərkərdəyə ehtiyacı var idi. İngilis hərbi birləşmələri İranda Rza şahın himayəsində SSR-nin cənub cəlladı kimi görünəndə Mircəfər Bağırov Stalinlə görüşdə cənub səngərini möhkəmlətmək, Bakı neftini ingilis, alman hərbi birləşmələrindən xilas etmək üçün Mərkəzi Komitədə üç müavinindən,ən etibarlı kadrlarından biri kimi qəbul etdiyi, dəfələrlə direktor, rektor, səhiyyə komissarı, Mərkəzi Komitənin katibi kimi etimad göstərib irəli çəkdiyi, fəaliyyətindən razı qaldığı Əziz Məmmədkərim oğlunun Sovet qoşunları, hərbi birləşmələri tərkibində siyasi rəhbəri kimi Güney Azərbaycana, İrana göndərilməsini təklif edir. Özü də qafqazlı olan, türk, Azərbaycan kişisini cəsarət, ləyaqət nümunəsi kimi qəbul edən İosif Stalin Mircəfər Bağırova inanır. Bu inam, etimad Azərbaycanın cənubunda, tarixi torpaqlarında yaşayan türklərin və kürdlərin tarixi taleyini həll edir. Şah rejiminin, farsların Sovet hökuməti ilə münasibətlərindəki problemlərin çözülməsinə rəvac verir. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Milli hökumətdə müsbət izini qoyur. Əziz Əliyevin qüdrətli ictimai-siyasi xadim obrazını yaradır. Onun dağlar diyarına gəlişi Dağıstanın mərd, cəsur, müdrik insanlarının üstündən şərin pərdəsini qaldırır, sosial-iqtisadi inkişafının təməlini qoyur. Ən əsası “Göydə Allah, yerdə Ağsaqqal” deyən bir məmləkət sürgün köçündən, repressiya, deportasiya burulğanından xilas olur. Sənətin, mədəniyyətin, cəsarətin və ləyaqətin paytaxtına çevrilir. Qəhrəmanlar və qəhrəmanlıqlar diyarı kimi tarix içərisində tarix yaradır. Dilinin, dininin sahibi kimi dil içində dil, din içində din yaşadır. Rus dilinin hakimi mütləq olduğu zamanlarda milli kadrların yetişdirilməsi, elm, təhsil, mədəniyyət mərkəzlərinin qurulmasına nail olur. 130 mindən çox igid oğul və qızı İkinci Dünya müharibəsinin taleyini həll edənlərin sırasında yer alır. Beş mindən çox Sovet İttifaqı qəhrəmanı, sinəsini Şura hökumətinin ən ali mükafatları, orden-medalları bəzəyən cəsur, əməksevər insanları ilə tarix yaradır. Qayaların, qalaların quşqonmazında qartala, şahinə dönən, özü də bir sərt qala, sərt keçid olan dağlılar Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçir. Bütün bunlar polkovnik Əziz Əliyevin sərkərdə-xaqan, təşkilatçı – rəhbər ucalığına bağlıydı.
Qarşısı alınmaz, idarəolunmaz vəziyyət yaranmışdı
Polkovnik Əziz Əliyevin Dağıstana rəhbərliyə gətirilməsinin əsas səbəblərindən biri, şübhəsiz ki, birincisi bilavasitə Bakı neftinə bağlı idi. Bakı nefti müharibənin taleyini həll edən əsas amillərdən olduğu kimi. Özünəməxsus idarəçilik məktəbi, təşkilatçılıq qabiliyyəti, siyasi rəhbərlik xüsusiyyətləri, hərbçi, həkim kimi nüfuzu onu bir çox partiya, sovet məmurlarından, dövlət xadimlərindən fərqləndirirdi. Stalinqradın işğalı, faşist qoşunlarının Moskvanın bir addımlığında manevrlər etməsi, Berlindən Mozdoka qədər irəliləməsi, Qroznı neftini ələ keçirməsi Bakı nefti üçün təhlükə idi. Qarşısı alınmaz, idarəolunmaz vəziyyət yaranmışdı. Belə bir ərəfədə polkovnik Əziz Əliyevə etimadın göstərilməsi qaçılmazdı. Bunu daha çox o zamanlar SSRİ rəhbərinin yanında xüsusi nüfuza malik olan, SSRİ Müdafiə Komitəsinin Hərbi Şurasının üzvü, Azərbaycanın birinci katibi Mircəfər Bağırov, onun təqdimatına dərkənar qoyub, idarəçilik məharətini etirafda bulunan Ali Baş Komandan marşalİosif Stalin, Əziz Əliyevi Güney AzərbaycanMissiyasının – “Əziz Əliyev qrupu”nun rəhbəri kimiyaxından tanıyan SSRİ Xarici İşlər nazirinin müavini Georgi Malenkov da anlayırdı. Əslində belə bir ciddi kadra, dövlət idarəçilik təcrübəsi olan siyasi xadimə, təmiz, ləyaqətli, etibarlı, əqidəli vətəndaşa ehtiyac var idi. Zaman sübut etdi ki, bu təqdimat və təyinat gerçəkdən Bakı neftinin də, Bakının, Azərbaycanın da, 1941-1945-ci illər müharibəsinin də taleyini sözdə yox, əməldə həll edən amillərdən olub.
SSRİ Mərkəzi Komitəsinin şöbə müdiri Əziz Əliyevi möhkəm iradəli partiya işçisi adlandırdı
Mərkəzi Komitənin qərarını plenum iştirakçılarınatəqdim edən SSRİ Mərkəzi Komitəsinin şöbə müdiri Kiselyov dağlıların özü qədər əzəmətli, mərhəmətli rəhbərini, polkovnik Əziz Əliyevi təqdim edəndə nigaran olmadı. Təqdimatda deyilirdi: “Yoldaş Əziz Əliyev möhkəm iradəli partiya işçisidir. O, layiqli, mətin təşkilat olan Azərbaycan, Bakı partiya təşkilatlarında yetişmişdir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin üçüncü katibi işləmişdir. ÜİK(b)P MK onun bacarıqlı və yetkin partiya işçisi kimi tanıyır və inanmaq olar ki, Dağıstan partiya təşkilatı yeni rəhbərliyi ilə bütün qüvvələrinisəfərbərliyə alaraq respublikadakı vəziyyəti nizamasalacaqdır”. Kiselyovun Moskvanın adından xüsusivurğuladığı “Respublikadakı vəziyyəti nizamasalacaqdır” ifadəsi elə-belə deyilməmişdi. Polkovnik Əziz Əliyev peşəkar kadr kimi nizam-intizama, qayda-qanunlara təkcə hörmətlə yanaşmamışdı, vicdanının səsi, təşkilatçılıq məharəti ilə elə qərarlar vermişdi ki, yeniliklərə yollar görünmüş, problemlər ortadangötürülmüş, ciddi məsələlər həll edilmişdi.Təqdimatdan sonra polkovnik Əziz Əliyev kürsüyə qalxmış, düz altı ilə ömrünü yolunda əritdiy, varlığını fəda etdiyi Dağıstanın və dağlıların önündə söz vermişdi. Dağıstan Vilayət Partiya Komitəsinin sədri üzünü Moskvanın nümayəndəsinə, dağların özü qədər əzəmətli dağlılara tutub söyləmişdi. “Mənə göstərilən etimada görə öz minnətdarlığımı bildirirəm. Var gücümü əsirgəməyəcəm, sizin etimadınızı doğrultmağa çalışacağam. Elə hesab edirəm ki, bir iki ildən sonra Dağıstanda geriliyin ləğvi haqda partiyamızın Mərkəzi Komitəsinə hesabat verə bilərik!”

Mahaçqala Müdafiə Komitəsinin sədri, həm də 47-ci və 58-ci Orduların Hərbi Şuralarının sədr müavini idi
Polkovnik Əziz Əliyev sözünə sahib çıxmağı bacaran, vədinə əməl edən qüdrətli şəxsiyyətlərdən, təşkilatçı rəhbərlərdən idi. O, söz verər, sözünün arxasında dayanar, nümunəyə çevrilər, bu səbəbdən də pillə-pillə yüksələr xalq arasında, dövlət qarşısında hörmət qazanar, etimadı doğruldardı. Bu dəfə verdiyi vəd bir başqa idi. Hərbi and kimiydi. Vəd verən təkcə bir kommunist, Dağıstan Vilayət Partiya Komitəsinin katibi deyildi. Polkovnik Əziz Əliyev Mahaçqala Müdafiə Komitəsinin sədri olmaqla yanaşı, həm də 47-ci və 58-ci Orduların Hərbi Şuralarının sədr müavini, SSRİ-nin Hava Hücumundan Müdafiə Ordusu Bakıdairəsinin üzvü idi. Onun bir Sərkərdə ucalığı olduğu kimi, həm də məsuliyyəti var idi.
O mürəkkəb, ziddiyyətli, eyni zamanda dəhşətli illərdə Dağıstan rəhbərliyinin, Mahaçqala Müdafiə Komitəsinin sədrinin qarşısında gerçəkdən mühüm vəzifələr dururdu. Dağıstanın sənaye obyektlərinin, zavod və fabriklərinin, kənd təsərrüfatı sisteminin, kolxoz və sovxozların pozulmuş ahəngini bərpa etmək, nəqliyyat sektorunu qaydaya salmaq, müdafiə qurğularının, istehkamların tikintisinə nail olmaq, əhalini səfərbər etmək, Zaqafqaziya cəbhəsinin səngər problemi ilə yanaşı, könüllü hərbi hissələrin təşkilinə çalışmaq, ordunun şərq cinahındakı arxa xəttini möhkəmlətmək, hərbi hissələrin yaradılmasını təmin etmək üçün mühüm vəzifələri icra etmək vacibdi. Belə bir məsuliyyətli, eyni zamanda məşəqqətli, dəhşətli günlərdə faşist hərbi birləşmələri tərəfindən işğal edilmiş sovet respublikalarından, müxtəlif vilayət və şəhərlərdən, dağıdılmış kənd və qəsəbələrdən Dağıstana evakuasiya olunan insanlara, səngərlərdə düşmənlə üz-üzə dayanan ölüm-qalım savaşına cəlb olunan əsgər və zabitlərin ailə üzvlərinə diqqət və qayğı göstərmək, ön cəbhədə qanı tökülən, qan tökən igidlərə arxa cəbhənin ehtiramını çatdırmaq, onlarda dövlətə inam hissini qüvvətləndirmək üçün mühüm işlər görmək gərəkdi. Müdafiə Komitəsinin sədri, hərbi şuraların üzvü kimi hərbi səfərbərlik problemlərini önə çəkən, ön cəbhənin uğurlar əldə etməsi üçün arxa cəbhədə siyasi sabitliyə, Dağıstanın və Azərbaycanın milli diviziyalarının təşkilinə nail olan, Əziz Əliyev Vilayət Partiya Komitəsinin katibi təyin olduğu ilk gündən cəsarətli addımları, müdrik qərarları ilə yerliəhalinin diqqətini özünə cəlb edir, xalqın hörmətiniqazanır.
Müxtəlif xarakterli, adət-ənənələri olan xalq vəqrupları birləşdirmək, səfərbər etmək lazım idi
“Elə ilk gündən Muxtar Respublikanın təbii şəraitini, yaşayış məntəqələrinin yerləşməsini, ərazidə məskunlaşan xalqların və etnik qrupların kompakt yaşadıqları məntəqələri, Çeçen-İnquş Muxtar Respublikası ilə sərhəd zonalarının zəif nöqtələrini, dağ aşırımlarını, əsas yollardan başqa əhalinin piyada gedib-gəldiyi cığırları müəyyənləşdirmək və bunların müdafiəsini təşkil etmək üçün araşdırmalar aparan Əziz Əliyev Vilayətin müdafiəsinə, xalq təsərrüfatının normal faəliyyətinə lazımi, operativ nəzarəti təşkil etmək üçün sənədləri bir araya gətirir. Bəlli olur ki, respublika 50 min kv. km-dən artıq əraziyə malikdir. 50-dən artıq inzibati rayonu, bir neçə min kənd, qəsəbə və aulu var. Bunlardan çoxuna ancaq piyada və atla gedib-gəlmək mümkündür. Səksəndən çox xalq və etnik qrupun nümayəndələri yaşayır. Sayca çox olanlar avarlar, darginlər, kumıklar, ləzgilər, laklar, azərbaycanlılar, tabasaranlar, ruslar, noqaylar, rutullar, tatlardır. Ən böyük çətinlik də buradan başlayır. Bu qədər müxtəlif xarakterli, adət-ənənələri olan xalq və qrupların yekdil bir ailədə birləşdirmək, ümumi işin qələbəsinə səfərbər etmək lazım idi. 50-dən artıq inzibati bölgü vahidini, rayonu, 80-dən artıq xalq və etnik qrupu bir araya gətirmək, səfərbər etmək, hərbi xidmətə, vətənə sədaqətə, dövlət idarəçilik sisteminə, xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına yönəltmək o qədər də, asan məsələ deyildi”.

On beş min dağıstanlı Qızıl Ordu sıralarına könüllü olaraq daxil olmuşdu
Əziz Əliyev peşəkar kadr, eyni zamanda özünəməxsus idarəçilik məktəbi olan siyasi lider idi. Onun idarəçilik məktəbini keçən, əyləşdiyi kürsünü uzun müddət şərəfləndirən, adını Dağıstan Respublikasının rəhbərləri sırasına qızıl hərflərlə, dağlıların qəlbinə məhəbbətlə yazan Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Maqomedsalam Umaxanov Əziz Əliyevlə birgə faəliyyətini üstündən illər ötəndən sonra, yada salaraq keçən əsrin 80-ci illərində onunla bağlı nəşr olunan “Xatirələr” kitabına təqdim etdiyi yazıda qeyd edir: “Dağıstan Vilayət Partiya Təşkilatına rəhbərlik edərkən o, hər şeydən əvvəl sosialist Vətəninin müdafiəsi məsələləri, yolları və vasitələri barədə düşünürdü. Onun başçılığı ilə Vilayət Partiya Təşkilatı siyasi və hərbi rəhbərliyi vəhdətdə götürərək, hər iki sahədə səfərbərliyin düzgün gedişatını təmin etmiş, cəbhə üçün sənaye məhsulu buraxılmasınıqaydaya salmışdır.
Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi diqqət yetirdiyi ən mühüm sahələrdən biri də respublikada ideoloji işin daha da təkmilləşdirilməsi idi. Onun rəhbərlik etdiyi vilayət partiya komitəsi, olduqca çətin hərbi şəraitdə çox münasib və əlverişli ideya-siyasi iş üsulları axtarıb tapırdı. Məsələn Əziz Məmmədkərim oğlunun təşəbbüsü ilə vilayət partiya komitəsi döyüşən ordunun qızıl əsgərləri qarşısında öz ana dillərində çıxış etmək üçün Dağıstanın bütün xalqlarını təmsil edən ən yaxşı təbliğatçı və mühazirəçiləri seçib ön xətlərə göndərirdi. 1943-cü ilin sentyabrınadək Dağıstan təbliğatçılarının və təşviqat kollektivləri briqadalarının cəbhəyə yüz on bir səfəri təşkil olunmuşdu.
Əziz Məmmədkərim oğlu Əliyev respublika ərazisində hərbi hissələrin təşkil olunmasına ciddi diqqət yetirir, səfərbərlik planlarının yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edirdi. 15 min dağıstanlı Qızıl Ordu sıralarına könüllü olaraq daxil olmuşdu.
1942-ci ildə Əziz Əliyevin təşəbbüsü ilə Dağıstanda Vətəndaş müharibəsinin qəhrəmanı Qara Qarayevinkomandanlığı altında Milli Süvari Eskadronu təşkil olundu. Eskadron cəbhəyə yola salınarkən Vilayət Partiya Komitəsinin birinci katibi eskadron üzərində “Ayrıca Dağıstan könüllü süvari eskadronu” sözləri yazılmış Qırmızı bayraq təqdim etdi.
Dağıstanlı döyüşçülər öz həmyerlilərinin tapşırıqlarını şərəflə yerinə yetirəcəklərinə, bu bayrağı məğlub edilmiş Reyxstaqa sancacaqlarına söz verdilər və bu sözə sadiq qaldılar. Öz döyüş yolunu Mozdokunşərqindən İşşerskaya stansiyasından başlamış eskadron, zəfər yürüşünü Berlində başa vurdu: 416-cı Taqanroq diviziyasının tərkibində zərbə taqımı kimi vuruşan dağıstanlı süvarilər çox məsul döyüş əməliyyatlarını şərəflə yerinə yetirdilər. O vaxt diviziya komandirinin vilayət partiya komitəsinin birinci katibinə göndərdiyi məktubda belə yazılmışdı: “Dağıstanlı döyüşçülər bizim sıralarımızda əzmlə, şücaətlə vuruşur, Vətənimizin düşmənlərinə sarsıdıcı zərbələr endirirdilər. Diviziyanın şanlı zəfər yollarında sizin süvarilər qəfil hücuma keçməklə, düşmən arxasına gözlənilməz reydlər etməklə fərqlənmişlər”…
Bütün bu faktlar yuxarıda qeyd etdiklərimizindəqiqliyini təsdiqləyir. Ön cəbhədə qəhrəmanlıqlar göstərən, düşmənə amansız, sarsıdıcı zərbələr vuran, Vətənin hər qarışı uğrunda şəhid olmağa hazır olan dağlılar təkcə Şeyx Şamildən, ulu dədələrindən qalan qəhrəmanlıq, mərdlik, cəsurluq tarixini təkrarlamırdılar. Onları xəyanətdə, etibarsızlıqda, Osmanlıya və Hitler Almaniyasına casusluqda ittiham edən, deportasiyalarına, tarixi torpaqlarındanköçürülmələrinə qərar verən Stalin-Mikoyan-Beriyaüçlüyünə dərs verirdilər. Cəsarətin, ləyaqətin, Vətənə sədaqətin, sonsuz sevginin, qeyrətin dərsini. Onların bir Ustadı var idi: polkovnik – komissar Əziz Məmmədkərim oğlu Əliyev! Onlar “Göydə Allah, yerdə Ağsaqqal, Dağıstanda yoldaş Əliyev!” deyib süngülərinə söykənmişdilər.
Dağıstanlılar üçün “Göydə Allah, yerdə Əziz Əliyev” var idi
Əziz Əliyev müdrik şəxsiyyət, ədalətli rəhbər, cəsur sərkərdə idi. Təyinatının ilk günlərindən imzaladığı, verdiyi üç tarixi qərar, yerli əhaliyə ünvanladığı bir müraciət Zaqafqaziya cəbhəsinin də, Dağıstanın da, dağlıların da, sonralar “Qurucu Əziz!” ünvanı qazanan bir rəhbər kimi onun özünün də tarixi taleyini həll etmiş oldu. Bu Dağıstan ağsaqqallarının, keçmiş partizanların, Vətəndaş və Böyük Vətən müharibəsi iştirakçılarının yığıncağında Dağıstanlı ahıllara, ağsaqqallara, analara, qadınlara, gənclərə, arxa cəbhənin döyünən ürəyi, vuran biləyi kolxozçulara, fəhlələrə, ayağı yer, əli kürək, bel, dili söz tutan hər kəsə ünvanlanan müraciət idi.
Müraciət 1942-ci il oktyabrın 28-də Əziz Məmmədkərim oğlu Əliyevin Dağıstana rəhbərliyə başlamasından bir ay sonra qəbul edilmişdi. Bu müddət ərzində o, bütün birinci katiblərə sübut etmişdi ki, hərbi rejimdə, müharibə gedən ölkədə heç bir rəhbər şəxs kabinetdə qərar verib əmr imzalaya bilməz.
Bu səbəbdən də o, təyinatından bir ay keçməmiş Mahaçqalada çox böyük çətinliklərə baxmayaraq, respublika ağsaqqalarının müşavirəsini, məsləhət-toplantısını keçirir. Əsas məsələ əhalinin kəndlərə, aullara qaytarılması olur. Müşavirə-məsləhətləşmə Əziz Əliyevin uğuru ilə nəticələnir. Ağsaqqallar əhalini dağlardan kəndlərə, aullara qaytarmağa söz verirlər. Mahaçqalada ağsaqqallar qrupu təşkil olunur. Bu gün Dağıstan Respublikasının Ağsaqqallar İnstitutuna çevrilən həmin Şura Vilayət Partiya Komitəsinin qərargahına çevrilir. Əziz Əliyev yerlərə gedərkən, ilk növbədə, ağsaqqallarla görüşür, onları dinləyir, bu əsasla da gələcək işləri təşkil edirdi. O dövrdə Dağıstanda xüsusi hörməti olan, xalqın ehtiram və məhəbbətlə yanaşdığı şairlərdən Həmzət Sadasa və Abutalıb Qafurovla Əziz Əliyevin dostluğu belə başlayır. Onların bu dostluğu Dağıstan xalqlarının taleyi naminə yaranan bir dostluq idi”…
Dağıstanın taleyi – bir müraciət, üç qərarla həll olundu
1942-ci ilin oktyabrın 28-də keçirilən Respublika Ağsaqqallarının müşavirəsindən sonra Dağıstan Vilayət Partiya Komitəsi qeyd etdiyimiz kimi üç mühüm qərara, Böyük Vətən Müharibəsinin, Zaqafqaziya cəbhəsinin taleyində xüsusi yer tutan sənədə imza atacaqdı. Bunlar sərkərdə Əziz Əliyevin təşkilatçı rəhbər, peşəkar kadr, görkəmli dövlət xadimi olduğunu bütün Sovetlərə nümayiş etdirəcəkdi. ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin “Respublika ərazisində partizan dəstələrinin yaradılması barədə” qərara oktyabrın 8-də, ÜİK(b)P Dağıstan Vilayət Komitəsi Bürosunun “Xalq könüllülərindən ibarət dəstələrinin təşkil olunması barədə”, ÜİK(b)P Dağıstan Vilayət Komitəsi Bürosunun “Zərbə batalyonlarının vəziyyəti barədə” qərarlara oktyabrın 13-də imza atan Vilayət Partiya Komitəsinin Birinci katibi əslində respublikada hərbi səfərbərliklə, müdafiə məsələləri ilə bağlı prioritetləri müəyyənləşdirmiş, ağsaqqalların xeyir-duasını almış, bununla da Zaqafqaziya cəbhəsinin taleyini həll etmişdi.
Şərəf Cəlilli