Azərbaycanın dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Lakin dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu, eləcə də sıx məskunlaşma həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir.
Bunu Baki-baku.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, son 3 ildə dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatını itirib və ya ağır xəsarət alıb. Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb.
“Məlumat üçün qeyd edək ki, mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir.
Azərbaycan Dəmir Yolları qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.
Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini də çətinləşdirir. Nəticədə təmir müddəti uzanır, bu da qatarların hərəkət qrafikində uzun müddət ləngimələrə səbəb olur”, – deyə B. Hacıyev vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdəki sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir.
“Nərimanov rayonu, Bakı sərnişin – Keşlə sahələrində dəmir yollarının mühafizə zonasında təhlükəsizlik səviyyəsi artırılıb, eyni zamanda, bu zonada qatarların sürəti 20-30 km saat artırılıb”, – deyə, o, əlavə edib.
Qeyd edək ki, dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında da bir sıra çətinliklər törədir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Yeni Suraxanı–Hövsan xətlərinin bərpası nəzərdə tutulur.