Müxtəlif regionlarda yerləşən sənaye zonaları arasında yeni əlaqələrin qurulması və iqtisadi imkanların yenidən bərpası, uzunmüddətli sülhün və əməkdaşlığın formalaşması üçün zəruri şəraitin yaradılması deməkdir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, yeni nəqliyyat dəhlizləri, dəmir yolu və avtomobil infrastrukturu, enerji şəbəkələri və rəqəmsal sistemlər yenidən qurulan ərazilərin daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiyasını təmin edir. Onun sözlərinə görə, bu investisiyalar mobilliyin, ticarətin, investisiya axınlarının, turizmin və məşğulluğun inkişafına təkan verir, eyni zamanda regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi möhkəmləndirir.
C.Bayramov vurğulayıb ki, bu proseslərin təsiri Azərbaycanın sərhədlərini aşaraq Asiya ilə Avropa arasında əlaqələrin daha da güclənməsinə və ümumilikdə regional iqtisadi artım və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.