Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Baki-baku.az xatırladır ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Vətən müharibəsinin ilk günlərində – 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri və daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Ümumilikdə, Cəbrayıl rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd düşmən tapdağından xilas edilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin azad olunması xəbərini oktyabrın 4-də xalqa müraciətində elan edib. Bununla da Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər kimi tarixə düşüb.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib.
Cəbrayıl əməliyyatı müharibənin gedişində xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin azad olunması sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar açdı. Buradan başlanan uğurlu əks-hücum nəticəsində Azərbaycan Ordusu Xocavəndin cənub kəndlərini və strateji əhəmiyyətli Hadrut qəsəbəsini azad etdi. Ardınca Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi düşməndən təmizləndi, Laçın dəhlizi isə Azərbaycanın nəzarətinə götürüldü.