Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/03/2026

Paylaşın

TARİX

Çərkəzlər – Qafqazın sönməyən müqavimət Çırağı

III Yazı

Çərkəzlərin  müstəqil dövlət qurmaq yolunda cəsarətli addımı Çar  I Nikolayı qəzəbləndirdi və orduya bir daha hücum əmri verdi

“Qafqazı parçala, hökm sür”  siyasətini davam etdirən rus ordusu 1800-cü ildə 30 min əsgərlə Kabardanın şərqini, İnquşetiyanı və Gürcüstanı işğal etdi. Bu işğal ruslara qarşı birlikdə mübarizə aparan çeçenləri və çərkəzləri bir-birindən ayırdı. Gürcüstanın işğalından sonra çərkəzlər,  kabardinlər, osetinlər və çeçenlər ruslara qarşı birlikdə hərəkət etməyə başladı. İmperator I Aleksandr isə Kabarda çərkəzlərinin Rusiya İmperiyasına qarşı müqavimətini qırmaq üçün  onların  ata yurdlarından  köçürülməsi haqqında fərman imzaladı. 15 min rus əsgəri 1805-ci ildə Kabardaya girərək bütün çərkəz qalalarını, kəndlərini və qəsəbələrini yandırmağa, günahsız mülki vətəndaşları qətlə yetirməyə başladı. 1823-cü ilə qədər davam edən bu hücumlar nəticəsində Kabarda bölgəsi tamamilə işğal edilərkən, savaşdan əvvəl 350 min olan Kabarda əhalisi  sonra 37 minə qədər endi. Çərkəzlərdən boşalan kəndlərə və qəsəbələrə isə ruslar və kazaklar yerləşdirildi. Bu amansız qırğınlardan sonra müqaviməti qırılan Kabarda bölgəsi 1823-cü ildən etibarən bütünlüklə Çar Rusyasının təbəliyi altına keçdi.

Çərkəz ordusunun 30 minə çatan əsgəri qüvvəsi qarşısında ağır itkilər verən ruslar geri çəkilmək məcburiyyətində qaldı

Şərqi Çərkəzistanın ələ keçirilməsindən sonra  sıra Qərbi Çərkəzistana gəlmişdi. Kabardanın başına gələnlərin eynisini yaşamaq istəməyən Qərbi Çərkəzistan Rusiyanın düşməni olan Osmanlı İmperiyasından və İngiltərədən yardım istədi. 1823-cü ildə 200 Osmanlı və ingilis gəmisi Çərkəzistan sahillərinə gələrək Milli müqavimət hərəkatının qəhrəmanlarına hərbi yardım çatdırdı. Bu yardımlarla daha da güclənən Canpolat Boletiqnun  komandanlığındakı  çərkəz ordusu rus hərbi birləşmələrinə hücum etməyə başladı. Çərkəz ordusunun 30 minə çatan əsgəri qüvvəsi qarşısında ağır itkilər verən ruslar geri çəkilmək məcburiyyətində qalarkən, Besleney bölgəsi təkrar çərkəzlərin əlinə keçdi. Bu yeni taxta çıxan İmperator I Nikolayı qəzəbləndirdi.

Qanlı hücumlar Canpolat və İsmayıl Bərzəq tərəfindən dəf edildi

Şimali Qafqazın əldən çıxmaması üçün 1826-cı ildə bölgəyə ehtiyat qüvvələr göndərilərək Qafqazdakı rus ordusunun sayı 70 minə çatdırıldı. Çərkəz kəndlərinə böyük hücum təşkil edildi. Son dərəcə qanlı keçən bu hücumlar çərkəz liderlər Canpolat və İsmayıl Bərzəq tərəfindən dəf edilərkən iki tərəf də olduqca ağır itkilər verdi. 1827-ci ildə İsmayıl Bərzəq tərəfindən Çərkəz Konfederasiyası quruldu.  Bütün çərkəz boyları bir bayraq altında birləşdilər. Əslində bu konfederasiya Calabatico-Şupago tərəfindən qurulsa da, onun liderliyi bir çox qüvvələr tərəfindən qəbul edilməyincə yerinə İsmayıl Bərzəq keçdi. Çərkəzlərin  müstəqil dövlət qurmaq yolunda  cəsarətli addımı Çar  I Nikolayı qəzəbləndirdi və orduya bir daha hücum əmri verdi. Kuban çayını keçən rus ordusu donanmanın yardımı ilə Zane, Natuhay və Şapsığ bölgələrini ələ keçirərək xalqı buralardan sürgün etdi.

“Ədirnə müqaviləsi”nə görə, Osmanlı İmperiyası Çərkəzistan üzərindəki bütün haqlarını itirdi

Eyni ildə başlayan Osmanlı-Rus müharibəsi 1829-cu il sentyabrın 14 -də rusların üstünlüyü ilə  başa çataraq iki tərəf arasında “Ədirnə müqaviləsi” imzalandı. Müqaviləyə görə, Osmanlı İmperiyası Çərkəzistan üzərindəki bütün haqlarını itirməklə yanaşı,  bu torpaqların Rusiyaya ilhaq edilməsini tanıdı. İsmayıl Bərzəq Osmanlı İmperiyasının çərkəzlərə əsla arxa çevirməyəcəyinə inandığı üçün xəbərin doğruluğunu araşdırmaq məqsədilə Osmanlı İmperiyasına nümayəndə heyəti göndərdi. Lakin bu heyət İstanbula çatar – çatmaz rusların istəyi ilə tutulan zaman çərkəzlər tək  qaldıqlarını anladılar.

Polkovnik Qriqori Zas İmperator tərəfindən geniş səlahiyyətlərlə Kuban hərbi xəttinin komandanı təyin edildi

1830-cu ildən əvvəl ruslar Kuban çayı üzərindən çərkəz torpaqlarına hücumlarını davam etdirsə də, sərhədlərdə hər hansı bir dəyişiklik baş vermirdi. 1831-ci ildə I Nikolay Biceduq qəbiləsinin yox edilməsini, torpaqlarının işğal edilərək kazaklarla doldurulmasını əmr etdi. Hərəkətə keçən rus ordusu bütün kəndləri yandırdı, əhalinin böyük bir qismini  qətlə yetirdi, sağ qalanları isə müxtəlif yerlərə sürgünə göndərdi. Amansız qırğında 23 min çərkəz həyatını itirdi. Az bir qism insan sağ qalaraq digər çərkəz kəndlərinə sığındı.

Belə bir ağır dönəmdə, “1833-cü ildə polkovnik Qriqori Zas İmperator tərəfindən geniş səlahiyyətlərlə Kuban hərbi xəttinin komandanı təyin edildi. Polkovnik Zas çərkəzləri ruslardan və digər  xalqlardan daha aşağı görən irqçi kimi yerli əhalinin nifrətini qazandı.” Bu qorxulu zabit çərkəzləri idarə etməyin tək yolunu onları kütləvi şəkildə öldürməkdə, yaxud təyziq göstərərək didərgin salmaqda görürdü.  “1833-cü ilin avqustunda vəzifəyə başlayan polkovnik Zas  başladığı qırğın dolu əməliyyatlarda yalnız iki il içində Abzah, Besleney, Şapsığ və Çemquy bölgələrindəki çərkəz əhalisinin yarısından çoxu məhv edildi. Bu hücuma cavab verən İsmayıl Bərzəq komandanlığındakı çərkəz ordusu isə Kerç boğazına doğru hücuma keçərək Natuhay və Zane bölgəsini ruslardan təmizlədi.”

İmam Şamil Çərkəz ordusuna komandanlıq üçün etibarlı sərkərdəsi Məhəmməd Əmin bəyi Çərkəzistana göndərdi

Son illərdə donanmasından olduqca çox istifadə etməyə başlayan rus ordusu dənizdən Çərkəzistan sahillərinə desant əməliyyatı təşkil edərək sahil zolağını ələ keçirməyə başladı. Paytaxt Soçinin də bu desant əməliyyatlarında rusların əlinə keçməsindən sonra  Anapa konfederasiyanın yeni paytaxtı oldu. Həmçinin İsmayıl Bərzəq özünü uğursuz hesab edərək Çərkəzistanın liderliyindən istefa verdi və yerinə 1839-cu ildə Havduqo Mənsur keçdi.

1848-ci ildə isə Çərkəzistanın müqaviməti sürətlə davam edərkən Çeçenistan müqavimətinin lideri İmam Şamil Çərkəz ordusuna  komandanlıq etməsi üçün  etibarlı sərkərdəsi Məhəmməd Əmin bəyi Çərkəzistana göndərdi. Xalq tərəfindən liderliyi dərhal qəbul edilən Məhəmməd Əmin bəy 1849-cu il ərzində rus mövqelərinə yüzdən çox hücum təşkil etdi. Bu hücumlarda ona yaxın yüksək rütbəli rus zabiti həyatını itirməklə kifayətlənmədi, ruslar bəzi mövqeləridən geri çəkilmək məcburiyyətində qaldı. Bu ərəfədə Məhəmməd Əmin bəy Çərkəzistanın hökmdarı kimi tanımayan Osmanlı İmperiyası onun yerinə keçmiş çərkəz sərkərdəsi Səfər Zanıqonu Çərkəzistana  yeni lider olaraq təyin etdi. Məhəmməd Əmin bəy bu mövzunu şəxsən Sultan Əbdülməcidlə müzakirə etmək üçün İstanbula yola düşdü.  Fikir mübadiləsindən sonra o, Padşah tərəfindən Osmanlı təbəəsi olması şərti ilə müqavimətin ikinci lideri olaraq tanındı və Çərkəzistana geri döndü. Lakin bir müddət sonra iki lider arasında hakimiyyət uğrunda mübarizə baş qaldırdı və çərkəz müqavimət hərəkatı bu  prosesdən çıxılmaz  duruma düşdü.

İki lider arasındakı hakimiyyət davası Çərkəz Vətəndaş müharibəsinin başlamasına səbəb oldu

Osmanlı ilə Rusiya arasında  1853-cü ildə  Krım müharibəsinin başlanmasından  sonra  çərkəzlər Rusiyaya qarşı hücumlarını artırdı. Lakin Məhəmməd Əmin bəy və Səfər bəyin  arasındakı anlaşılmazlıq Krım müharibəsi zamanı daha da gücləndi. “Nəticədə iki lider arasındakı hakimiyyət davası 1855-ci ildə Çərkəz Vətəndaş müharibəsinin başlamasına səbəb oldu. İki il sürən vətəndaş müharibəsini Səfər bəy qazandıqdan sonra Məhəmməd Əmin bəy 1857-ci ildə İstanbula mühacirət etdi. İstanbulda tutularaq Şama sürgün edilsə də, həmin ildə yenidən Çərkəzistana geri  döndü.

Yenidən Çərkəzistanın lideri olmaq üçün səy göstərsə də, uğurlu nəticə əldə edə bilmədi. Bu qarışıqlıq mühitindən istifadə edən ruslar Zane, Natuhay, Şapsığ, Abzah, Çemquy, Besleney və Memhı bölgələrini işğal etməyə nail oldu.  Bölgələrdəki mülki insanların əksəriyəti ya qətlə yetirildi, ya da ölüm yürüşünə məcbur edilərək sürgün olundu”.

“Paris müqaviləsi” ilə Çərkəzistan rəsmi olaraq rus torpağı kimi tanındı

Bu dəhşətli hadisələrdən, Krım müharibəsindən sonra 1856-cı ildə imzalanan “Paris müqaviləsi” ilə Çərkəzistan rəsmi olaraq rus torpağı kimi tanındı. Hər nə qədər çərkəzlər bu qərarı tanımayıb müqavimətlərinə davam etsələr də, bir daha Osmanlı İmperiyasından yardım ala bilmədilər. “Paris müqaviləsi”ndən sonra Çərkəzistanı ilhaq etmək üçün təxminən yüz minlik rus ordusu  onun sərhədinə yığıldı. Sərkərdə Bərzəqin rəhbərliyi altında toplanan Çərkəz Konqresi isə təslim olub öldürülmək əvəzinə ruslara qarşı savaşıb cəbhədə şəhid olmaq qərarı aldı. Bundan sonra baş verən qanlı savaşlarda qazanan tərəf şübhəsiz ki, ruslar oldu. Çərkəzlərin tarixi torpaqları Çar Rusyasının nəzarətinə keçməyə başladı.

Milyon yarımdan çox  çərkəz Osmanlı torpaqlarına sürgün edildi

1864-cü ilin martında Soçi yaxınlığında mühasirəyə alınan son 20 minlik çərkəz ordusu ilə 50 minlik rus ordusu arasında tarixi savaş baş verdi. Daha dəhşətlisi, kədərlisi isə odur ki,  bir gün  ərzində davam edən döyüşdən sonra çərkəz ordusundan bir nəfər belə sağ qalmadı. 153 illik müharibədən sonra Çərkəzlərin tarixi torpaqlarını bütünlüklə işğal edən Çar Rusyası sağ qalan çərkəzləri Osmanlı İmperiyasına doğru sürgünə məcbur etdi. Sankt – Peterburq və Osmanlı arxivlərinə, Nuri – Osmaniyə kitabxanasında qorunan rəsmi bəlgələrə,  XIX əsrin hərb tarixçisi Berje Adın, general İvan Drazdovun, Çar Rusyasının Trapezundaki konsulu Aleksandr Moşinin, amerikalı məhşur tarixçi Custin Makkatinin,  İngilis hərb tarixçisi Villiam Eduard David Allenin bir-birindən qiymətli əsərlərinə istinad edərək deyə bilərik ki, 1864-1879-cu illər arasında təxminən milyon yarım çərkəz Osmanlı torpaqlarına sürgün edilib, onların yarısı Qara dəniz sahillərində xəstəlik və aclıqdan həyatını itirib. 153 il  davam edən Rus-Çərkəz müharibəsində 250 min rus əsgər və zabiti, 1 milyondan çox çərkəz ölümün ağuşuna atılıb.  Əldə olunan məlumatlardan o da bəlli olur ki,  bu gün Rusiya Federasiyasında 700 mindən,  Türküstanda 280 mindən, Türkiyə Cümhuriyyətində isə 3 milyondan, Qaraçay-Çərkəz Respublikasında isə 60 mindən çox çərkəz yaşayır.

Soyqrımın tanınması üçün bir çox ölkələrin parlamentlərində qərarların qəbul edilməsinə nail olan çərkəzlər tarixi dövlətlərini də bərpa edəcəklərinə inanırlar

Çərkəzlərin tarixində ən faciəli və dönüş nöqtələrindən biri XIX əsrin ortalarında baş verən Böyük Qafqaz müharibələri və sonrakı sürgünlərdir. Rusiya İmperiyası ilə aparılan uzunmüddətli mübarizə və müharibələr çərkəzlərin azadlıq istəyini . istiqlal havasını sındırmasa da, 1864-cü ildə Qafqaz müharibəsinin bitməsi çərkəzlərin məğlubiyyəti və kütləvi deportasiyası ilə nəticələndi. Onların böyük bir hissəsi Osmanlı İmperiyasının müxtəlif vilayətlərinə, Orta Şərq və Balkan ölkələrinə köçürüldü. Sürgün nəticəsində çərkəzlərin sayı xeyli azaldı, minlərlə insan həyatını itirdi və çərkəz mühacirəti formalaşdı. Türkiyə Cümhuriyyətində, İordaniya, Suriya, İraq, İsrail, Misir, Almaniya, Fransa və Amerika Birləşmiş Ştatlarında məskunlaşan çərkəzlər  bu gün də tarixi torpaqlarına, Şimali Qafqaza dönəcəkləri ümidi ilə yaşayır və bu istiqamətdə mübarizə aparırlar.  Çərkəz soyqrımının tanınması üçün bir çox ölkələrin parlamentlərində qərarların qəbul edilməsinə nail olan çərkəzlər əvvəl – axır Ata yurdlarında tarixi dövlətlərini də bərpa edəcəklərinə inanırlar.

Qılınc və qalxanla ifa olunan rəqsləri, Çərkəzlərin mücadilə ruhunu, mücahid  taleyini özündə ehtiva edir Sonsuz Vətən sevgisi və zəngin mədəniyyəti ilə tanınan Çərkəzlər həm də dəyərlərin əyarı olan  adət-ənənələrə, folklora, musiqiyə və rəqslərə malikdir. Çərkəzlərin milli geyimləri, ənənəvi mərasimləri, toy və yas adətləri, qonaqpərvərlikləri,  “Adxə” adlanan  qaydaları  onların mədəni özünəməxsusluğunu qoruyub saxlayır. Dünyanın məhşur salonlarını heyrətləndirən çərkəz rəqsləri və musiqisi Qafqaz folklorunda mühüm yer tutmaqla yanaşı, onu yaradan millətin qüdrətini, əzəmətini bəşəriyyətə sübut edir. Musiqi alətləri, qılınc və qalxanla ifa olunan rəqsləri, onların milli mənlik və milli kimlik uğrunda mücadilə ruhunu, mücahid  taleyini özündə ehtiva edir. Qüdrətli tarixi, zəngin mədəniyyəti ilə nümunəyə çevrilən çərkəzlər həm də, milli mətbəxi ilə kimliyini qoruyur, əski gələnəklərini, süfrə mədəniyyətini nəsildən – nəsilə ötürür. Haluva, pastırma, xasy adlanan şorbası , qozlu yeməkləri və pendiri, ağartı məhsulları, süfrələrinin bəzəyi olan ət və xəmir yeməkləri ilə də çərkəzlər öncüllüklərini qoruyub saxlayıırlar.

Osmanlının Şimali Qafqazda möhkəmlənməsindən sonra  müsəlmanlığı bir din olaraq qəbul ediblər

Qədim zamanlardan, əski çağlardan politeist – çoxtanrılığı inanc sisteminə malik olan çərkəzlər Sultan III Muradın zamanına, islamın bölgədə yayılmasına qədər xristian dininə stayiş etsələr də,  Osmanlının Şimali Qafqazda möhkəmlənməsindən sonra  müsəlmanlığı bir din olaraq qəbul edib. İslam dininin sünni məshəbinə xidmət edən çərkəzlərin həyatında bu gün də, dini bayramlar, mərasimlər və adət-ənənələr mühüm yer tutur.

Çərkəzlərin etnik kimliyi, dili, adət-ənənələri və milli mənəvi-dəyərləri dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir

Qədim tarixə, zəngin mədəni irsə və mürəkkəb taleyə malik Qafqaz xalqlarından olan  çərkəzlərin etnik kimliyi, dili, adət-ənənələri və milli mənəvi-dəyərləri dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Sürgünün və mühacirətin acıları  çərkəzləri müxtəlif ölkələrə yayıb, bir-birindən ayrı salsa da, onlar milli birliyini və mədəniyyətini qoruyub saxlamaqda davam edirlər.   Qloballaşmanın insan ruhuna hakim kəsildiyi, bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda savaşların tüğyan etdiyi bir dövrdə çərkəz liderlərinin qeyd etdiyi kimi onların “Ən mühüm vəzifəsi milli kimliklərini, dillərini və tarixi yaddaşlarının qorunması, gələcək nəsillərə ötürülməsi və dünya xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi,  mühacirətdə assimilyasiya proseslərinin qarşısının alınması, tarixi ədalətsizliyin tanınması və sürgün xatirəsinin əbədiləşdirilməsi,  bir çox ölkələrdə çərkəzlərin tarixi və hüquqları ilə bağlı müxtəlif layihələrin, elmi simpoziumların beynəlxalq forumların keçirilməsi, eyni zamanda, çərkəz gənclərinin sosial şəbəkələrdə və virtual platformalarda milli birliyin qorunması üçün fəal mübarizə aparmasıdır”.

Azərbaycan yer üzünə səpələnən çərkəzlərin hüzur bulduğu ölkələrdəndir

Statistik göstəricilərdən bəlli olur ki, hazırda dünyada 5 milyondan çox çərkəz yaşasa da, Azərbaycan həm də yer üzünə səpələnən çərkəzlərin hüzur bulduğu ölkələrdəndir. Çərkəzlərin Azərbaycanla münasibətləri tarixi və mədəni köklərə  bağlıdır. Ölkəmizdə yaşayan çərkəz icması  multikultural dəyərlərə söykənən  Azərbaycanın tolerantlıq ənənələrindən çıxış edərək digər xalqlarla dostluq və qardaşlıq münasibətlərində olduğu kimi, həm də, onlarla qohumluq bağlarına malikdir. Azərbaycan folklorunda, musiqisində və mətbəxində çərkəz təsiri özünü göstərdiyi kimi çərkəzlərin dəyərlərinin qorunmasında, onların cəmiyyətə bütünlüklə inteqrasiyasında dövlətin dəstəyi və qayğısı da daima hiss olunmaqdadır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.

Ən son

TARİX

Çərkəzlərin müstəqil dövlət qurmaq yolunda cəsarətli addımı Çar I Nikolayı qəzəbləndirdi və orduya bir daha

TARİX

Çərkəzlərin müstəqil dövlət qurmaq yolunda cəsarətli addımı Çar I Nikolayı qəzəbləndirdi və orduya bir daha
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin