Bu gün – 29 avqust, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist, telereportyor və şəhid Çingiz Mustafayevin doğum günüdür. O, 1960-cı ildə hərbçi ailəsində – Rusiya ərazisindəki Kapustin Yar kəndində dünyaya gəlib. Əslən Şəkidən olan Çingiz, uşaqlıq illərindən yüksək intellekti və cəsarəti ilə seçilirdi.
O, Azərbaycan Tibb İnstitutunu bitirib, bir neçə il həkim kimi fəaliyyət göstərib. Ancaq Ermənistanın Azərbaycana qarşı təcavüzü başladıqdan sonra, o, peşəsini dəyişərək jurnalistikaya üz tutdu və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başladı.
Çingiz Mustafayev təkcə müxbir deyildi – o, döyüş meydanında əsgər kimi vuruşan, kamera arxasında həqiqəti lentə alan bir qəhrəman idi. Xüsusilə Xocalı faciəsi zamanı çəkdiyi görüntülər dünya ictimaiyyətinin diqqətini Azərbaycanın üzərinə çəkdi. Onun lentə aldığı kadrlar Ermənistanın törətdiyi vəhşilikləri bütün dünyaya göstərdi.
Çingiz Mustafayevin yaratdığı “215 KL” studiyası, senzura və informasiya blokadasının hökm sürdüyü bir dövrdə Azərbaycanın səsi oldu. Onun reportajları ABŞ və Avropa telekanallarına qədər yol taparaq Azərbaycan haqqında həqiqətlərin yayılmasına xidmət etdi.
Qısa, lakin şərəfli ömrü ərzində 18 sənədli film çəkən Çingiz Mustafayev 1992-ci ilin 15 iyununda, cəbhə bölgəsində – Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı mərmi qəlpəsindən şəhid oldu. O, son nəfəsinə qədər kamera ilə həqiqətləri lentə almağa davam edirdi.
Çingiz Mustafayevin adı bu gün sadəcə qəhrəmanlıqla deyil, həm də peşəkar vicdan, media cəsarəti və milli şüurla assosiasiya olunur. O, Azərbaycan jurnalistikasında müstəqillik və fədakarlığın simvoludur.
Bu gün onu ehtiramla xatırlayırıq.