Milli-mənəvi dəyərlər və musiqi tariximizə adı qızıl hərflərlə yazılan Niyazini sərt, sıldırım qayaları xatırladan görkəmi, bir də dirijor çubuğunun ucundan boy verən əzəməti ilə yaddaşına yazanlar əsasən XX yüzilliyin sənət, mədəniyyət, incəsənət bumunu yaşayanlar oldu. Klassik musiqi ilə yanaşı, xalq mahnılarının və muğamların dünya səhnələrinə təqdimatında mühüm rol oynayan bu ustad sənətkar – dirijor təkcə Azərbaycan səhnəsinin deyil, dünyanın məşhur musiqi salonlarını Maestro Niyazi imzası ilə heyrətləndirdi. O, Tiflisdə – Qafqazın elmi-mədəni mərkəzində dünyaya gəldi. Soyu, soykökü, şəcərə dəftəri ilə Qacarlar bağlı olan bu qüdrətli sənətkar, Şuşa əslzadələrindən idi. Böyük Üzeyir bəyin, Əliverdibəyovların, Bədəlbəylilərin, Ağaoğullarının, Mehmandarovların genetik kodlarının ana və ata tərəfdən daşıyıcısı olan bu qüdrətli sənətkar, həm də milli muğamlar, musiqi nəzəriyyəsi ilə bağlı əsələrin və məxəzlərin müəllifi olan Mirmövsüm Nəvvab ucalığına bağlı idi. Bəşəri dəyərlər xəzinəsini “Rast”ı və “Nərgiz”i ilə zinətləndirən Niyazi bütün ruhu, duyğuları ilə Şuşa, Qarabağ, Azərbaycan idi. Pənahəli xanın, Ağabəyim ağanın, Xurşidbanu Natəvanın, Bəhmən Mirzə Qacarın, Şahnaz Abbasın, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Seyid və Xaş Şuşinskilərin, Bülbülün, Rəşid Behbudovun ruhunun dolandığı Şuşa Qalası, Topxana meşəsi, 40 pilləkanın, Cıdır düzünün bütün əzəməti, zahiri və batini gözəlliyi ruhları yerindən oynadan dirijor çubuğunun ucunda idi.
Türkün qüdrətli sərkərdə-xaqanları dünyanı atının kişnərtisində, qolunun davamı olan qılıncın, oxun nizəsində fəth etdi. Böyük Niyazi Baxın, Bethovenin, Şopenin, Qlinkanın var olduğu dünyanı dirijor çubuğunun ucunda hökmünə müntəzir etdi.
XX yüzilin önündə Xalq Cümhuriyyəti Qızıl ordunun qırmızı terroruna qurban gedəndə çar cəlladları düşündü ki, zəngin mədəniyyəti, qüdrətli tarixi ilə dünyaya meydan oxuyan Odlar Yurdu Azərbaycan onun iradəsi önündə diz çökdü. Böyük Üzeyir bəyin milli musiqi tarixində açdığı cığırdan keçən Niyazi kimi dahilər özünü dünyanın fatehi hesab edənləri qüdrətli sənət əsərləri ilə heyrətləndirdi. “Koroğlu”dan, “Rast”dan, “Arazbarı”dan başlayan yol “Koroğlu” uvertürası ilə mənsub olduğu milləti əbədi istiqlala qovuşdurdu.
30 illik intizardan, işğaldan sonra hüzura qovuşan müqəddəslərin sırasında bu gün dünyaya gələn Niyazinin ruhu da var. Cabir Novruz ötən sərin 80-ci illərində üzünü əbədi istiqlala doğru yol gedən millətinə tutub, söyləmişdi: “Millət ölər, dirilər də! Kaş millətdə ruh ölməsin!”. 70 illik işğal, bolşevik rejimi zamanı əbədi ruhumuzun diri qalması üçün, həm də biz Niyazi kimi ustad sənətkarla minnətdar olduq. 20 Yanvar dəhşətlərini, Xocalı faciəsini, Qarabağın işğalını milyondan çox məcburi köçkünə çevrilən insanımızın ağrı-acısını yaşayanda da ruhumuzdan “Rast”ın nidası, “Nərgiz”in sədası boy verdi.
Bu gün Maestro Niyazinin, milli musiqimizin sıldırım qayalar kimi sərt baxışlı zirvəsinin, Həcər xanımın sevgili yarının günüdür. Bu gün, həm də bizim günümüzdür. Min illərdir ruhunu sözə, səsə və nəfəsə köçürən millətin…

Şərəf Cəlilli