Bakının sərvətlərindən biri də Bakı metrosudur. Xüsusi memarlıqla inşa edilən metro stansiyaları illərdir həm sakinlərə, həm də şəhərimizin qonaqlarına xidmət etməklə yanaşı öz gözəlliyi ilə heyran edir, insanların ruhunu oxşayır. Bu tarixi gözəlliyin qorunması, gələcək nəsillərə ötürülməsi isə hər kəsin borcudur. Bu səbəbdən illər öncə mühüm bir qərar verildi. Belə ki, 2014-cü ilin mart ayının 20-dən Bakı metropoliteninin keçidlərindəki ticarət köşklərinin yığışdırılmasına başlandı. Bu qərar şəhərin və metronun infrastrukturu və ictimai təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyırdı.
Baki-baku.az 11 il əvvəl verilən qərarın bu gün üçün də oynadığı mühüm rola, əhəmiyyətinə diqqət çəkir.
Metronun keçidlərindəki ticarət köşkləri estetik görünüşünə mənfi təsir göstərir və bəzən metro stansiyalarının təmizlik və nizam-intizamını da pozurdu. Köşklərin yığışdırılması bu istiqamətdə təmizliyin bərpasına və nizama şərait yaratdı, Bakının müasir şəhər infrastrukturu ilə uyğunlaşmasına kömək etdi.
Bakı Metropoliteni, eyni zamanda strateji mülki müdafiə obyekti hesab edilir. Xüsusi fövqəladə hallarda metro, həm də insanların sığınacaq yeridir. Təhlükəsizlik prinsiplərindən irəli gələrək metroya bir dəqiqə ərzində neçə nəfərin girib-çıxa bilməsi, oradakı hava sirkulyasiyası dəqiqliyi ilə hesablanıb. Bu səbəbdən metro keçidlərində ticarət köşklərinin quraşdırılması təhlükəsizlik qaydalarına zidd idi. İnsanların təxliyəsi ilə bağlı hal yaşanarsa bu zaman keçidlərdəki ticarət köşkləri bu işlərə birbaşa mane olacaqdı və ağır nəticələrə yol açacaqdı.
Beləliklə köşklərin yığışdırılması həm sərnişinlərin rahat hərəkət etməsini, həm də fövqəladə vəziyyətlərdə daha sürətli müdaxilə imkanlarını təmin etdi.
Metro keçidlərindəki ticarət köşkləri sərnişinlərin təbii hərəkət axınına da mane olurdu. Bu da sıxlıq və ətraf mühitdə narahatlıq da yaradırdı. Köşklərin yığışdırılması ilə keçidlər daha açıq və sərbəst oldu, sərnişinlərin daha rahat hərəkət etməsinə şərait yarandı.
Ticarət obyektləri metro stansiyalarında hava axınının da qarşısını alırdı ki, bu da insanların tənəffüsünü çətinləşdirirdi, bəzi hallarda isə müəyyən xəstəlikləri ilə olan insanların həyatını təhlükə altına qoyurdu.
Son olaraq Bakı metrosundakı ticarət köşklərinin yığışdırılması qərarı yalnız şəhər estetikası, təhlükəsizlik və infrastruktur baxımından deyil, həm də iqtisadiyyatın, sosial həyatın və ticarət mühitinin modernləşməsinə yönəlmiş bir addım idi. Bu dəyişiklik Bakı metropolitenini daha müasir, təhlükəsiz və rahat bir nəqliyyat sistemi halına gətirməyi məqsəd qoymuşdu və bu məqsədə nail olundu. Hazırda paytaxt əhalisinin sayının artması fonunda metrodan istifadə də geniş hal alıb. Bunu da nəzərə alsaq o zaman atılan addımın necə doğru bir qərar olduğunu görürük. Bu qərar həm də Bakının böyük metropol şəhərləri arasında yerini daha möhkəm edərək şəhər sakinlərinin gündəlik həyatını daha keyfiyyətli və rahat bir şəkildə davam etdirmələrinə imkan verib.