Bakı təkcə daş küçələri, dəniz qoxusu, neft lampalarının işığı və küləyi ilə yadda qalmayıb. Bu şəhəri şəhər edən, onu isti evə çevirən başqa bir sərvəti də vardı – qonşuluq.
O vaxtlar Bakı məhəllələrində insanlar eyni binada yaşamırdılar, sanki eyni evdə yaşayırdılar. Bir qapının səsi o biri qapının ürəyinə çatırdı. Həyətdə oynayan uşaqların kimə məxsus olduğunu soruşan olmazdı. Hamı hamının övladını tanıyır, danlayır, əzizləyir, qoruyurdu. Lazım olanda qulluq dalınca da göndərirdi və heç kim bundan incimirdi. Çünki hamı birlikdə bir böyük ailə idi.
Qapılar da indiki kimi ağır dəmir seyf qapılar deyildi. Onlar insanlara açılırdı. Kiminsə uzaq rayona, toy məclisinə, ziyarətə getməsi xəbər olan kimi açar qonşuya verilərdi.
“– Ay qonşu, evim sənə əmanət!”
Bu cümlənin içində notarius da vardı, müqavilə də, möhür də. Çünki o dövrdə etibar kağız üzərində deyil, insanların gözündə yazılırdı.
Qonşu da həmin açarı cibində daşımırdı. O açar vicdanında olurdu. Gülləri sulayır, poçtu götürür, gecələr işığa baxır, evə yad adam yaxınlaşsa, ilk o xəbər tuturdu. Çünki o ev artıq təkcə sahibinin yox, bütün məhəllənin evi idi.
O vaxtlar evlərdən təkcə yemək ətri gəlmirdi, paylaşmaq ətri gəlirdi. Bir evdə xəmir yoğrulurdusa, az sonra iki-üç qonşu da ora yığışardı. Biri kündə açardı, biri iç hazırlayardı, biri sobanın başında dayanardı. Qutab da bir yerdə bişərdi, düşbərə də, şəkərbura da. Bayramın dadı şəkərin şirinliyindən yox, birlikdən gəlirdi.
Həyətdə samovar qaynayardı. Çayın buxarı söhbətləri isidərdi. Stəkanlar boşalsa da, söhbətlər qurtarmazdı. Kiminsə gətirdiyi mürəbbə o birinin süfrəsinə keçər, o birinin bişirdiyi plov üçüncünün boşqabında olardı.
Yay gələndə xalça yumaq da bir mərasim idi. Məhəllənin qadınları səhərdən vedrələri, sabunları götürüb həyətə düşərdilər. Suyun səsi, gülüş səsi, zarafatlar bir-birinə qarışardı. Xalçalar təmizləndikcə, elə bil insanların ürəyi də yüngülləşərdi.
Və o dövrün ən gözəl “bankı” vardı.
Adı qonşu idi.
“– Ay bacı, bir qaşıq duzun var?
– Bir stəkan un verərsən?
– Qonaq gəlib, bir qab konfet göndər.
– Şəkər tozum qurtarıb.
– Uşaq məktəbdən gəlib, evdə çörək yoxdur, iki dilim çörək ver.”
Bu sözləri demək üçün insan utanmırdı. Çünki borc alınan duz yox, etibar idi. Sabah həmin boşqab, həmin stəkan mütləq geri qayıdırdı. Çox vaxt da boş yox. İçində bir ovuc peçenye, iki alma, bir tikə paxlava, ya da təzə bişmiş çörəklə…
Əslində insanlar bir-birindən ərzaq almırdılar. Bir-birləri ilə ailə olduqlarını, bir-birlərinə etibar etdiklərini və güvəndkilərini göstərirdilər.
Kiminsə evində yas düşəndə bütün məhəllə susardı. Kiminsə övladı dünyaya gələndə bütün həyət sevinərdi. Toy bir evdə olsa da, hazırlığı bütün qonşular görərdi. Heç kim “mənə aid deyil” deməzdi. Çünki hamıya aid idi.
İndi isə…
Eyni binada illərlə yaşayan insanlar liftdə bir-birinə baxmadan telefon ekranına baxırlar. Yan mənzildə kimin yaşadığını bilməyənlər var. Qapılar əvvəlkindən möhkəmdir, amma münasibətlər daha kövrəkdir. İndi kimsə qapını döysə, əvvəl domofona baxılır. Bir vaxtlar isə qapı döyüləndə ilk sual bu olurdu:
“– Keç içəri, nə olub?”
Bəlkə də Bakı dəyişib.
Binalar hündürləşib, küçələr genişlənib, həyat sürətlənib. Amma insanı insan edən bəzi dəyərlər həmin sürətin içində haradasa itib. Halbuki bəzən bir şəhəri gözəlləşdirmək üçün milyonlarla manatlıq layihələr lazım olmur. Bəzən bir qaşıq duz kifayət edir. Çünki o qaşığın içində etibar var. Bir stəkan un kifayət edir. Çünki onun içində paylaşmaq var. İki dilim çörək kifayət edir. Çünki onun içində “sən tək deyilsən” mesajı var.
Köhnə Bakının evləri, küçələri, işıq dirəkləri çox şeyi xatırlayır. Həyətdə qaynayan samovarları, birlikdə yuyulan xalçaları, bayram axşamı qapı-qapı gəzən boşqabları, açarları, etibarı…
Bəlkə də həmin Bakı bu gün yalnız köhnə fotolarda deyil. Onu hələ də yaşatmaq olar. Bunun üçün bəzən sadəcə qapını döymək kifayətdir. Və demək:
“– Ay qonşu… bir qaşıq duzun var?”
Xanım Aydın