Özgürlük, istiqlal hər bir xalqın ən böyük sərvəti, nemətidir. Yer üzündə elə xalqlar var ki, nə bayrağı, nə də dövləti var. Adı qalan, cəmi 700 nəfərlik nüfusu ilə dağların yaxasında, irmıqların ətəyində binə tutan, təbiətlə insanın harmoniyasında varlığını yaşadan Doğu türkləri onlardan biridir. Doğu türkləri kimi adı tarixə keçən, özgürlüyünün rəmzi olan bayrağı, dövləti, baş şəhəri olmasa da zəngin mədəniyyəti, qüdrətli tarixi ilə Monqolustanın şərqində sərt-sıldırım qayaların üstündə binə tutan, şaman duaları ilə böyüyən, adət-ənənələrini, milli geyimlərini qoruyan bu qüdrətli xalq dilini, tarixini, mədəniyyətini yaşadan ən qüdrətli xalqlardan biri kimi ömür sürməkdə, təbiətlə iç-içə, ürək-ürəyə yaşamaqda, artıb-ürüməkdədir. Dünyaya gələn körpəsini at üstündə böyüdən, qımızı şərbət bilib içən Doğu türkləri mobil rabitənin olmadığı günlərdə belə dünya ilə ünsiyyətdədir. Moğol bazarlarında satışa çıxarılan, təbiətin al-əlvanlığını özündə ehtiva edən xalçalar, gəbələr, kilim, cecim və xurcunlar, naxışı gül qoxuyan corablar, arxalıqlar, gümüş kəmərlər, bilərziklər, pərək və boyunbağılar, çuxalar, altun dəyərində olan qaxac ətlər, cır meyvələrdən hazırlanan şərab və şərbətlər, süd məhsulları, quru qatıq və qurutlar, çiçək ətirli yağ və pendir, min dərdə dava olan, əttar dükanlarının ziqiməti sayılan müalicəvi otlar onların istehsal mədəniyyətinin göstəricisidir. Atəş kimi yanan, nur saçan gözləri, yanaqları ilə uzaqdan gələndə kimliyinin tərcümanına çevrilən, əlləri, ayaqları təbiətin sərtliyindən rəng çəkən, cadar-cadar olan Doğu türkləri Bozqurdun Ərgənəkon eşqinə, Şaman dədələrin Tanrı sevgisinə səhralarda, qırgəzlərdə, bol sulu çayların, yaşıl yaylaqların, sərt-sıldırım qayaların yaxasında “Biz türklərik, çadırımız Göy qübbəsi” nidası ilə bu gün də yaşamaqda, yaddaş sarayını gündə bir kərpic hörməkdədirlər.
Doğu türkləri 700 nəfərlik nüfusu ilə bəlkə də tərk olub gedərdi. Onu ayaqda tutan, dilinə, mədəniyyətinə, adət-ənənəsinə, tarixinə, yaddaşına sahib çıxmaq hissidir. Min illərdir Tanrının “Ordum dediyi türklər” yaddaşı ilə yaşadı, onu zamanın sərt sınaqlarından qorudu. Sübut etdi ki, yaddaş insanın əbədi varlığı, ruhudur. “Kaş millətdə ruh yaşasın!”
Şərəf Cəlilli