Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2026

Paylaşın

Mədəniyyət

“Balaca Ərəblinski”dən “Koroğlu”nun ilk rejissoruna: İsmayıl Hidayətzadənin səhnə taleyi

İsmayıl Hidayətzadə

Azərbaycan teatr tarixində elə sənətkarlar var ki, onlar təkcə obraz yaratmayıb, bütöv bir sənət ənənəsinin istiqamətini dəyişiblər. İsmayıl Hidayətzadə də məhz belə şəxsiyyətlərdən idi. O, aktyor kimi tamaşaçını inandırmağı bacardı, rejissor kimi isə Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi. Və ən əsası, dahi Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasını ilk dəfə səhnəyə gətirən rejissor kimi adını mədəniyyət tariximizə əbədi həkk etdirdi.

Bu gün “Koroğlu” Azərbaycan opera sənətinin zirvəsi hesab olunursa, həmin zirvənin ilk səhnə nəfəsini verən insan məhz İsmayıl Hidayətzadə idi.

Səhnəyə vurğun bir uşaq

1901-ci ildə Bakıda dənizçi ailəsində doğulan İsmayılın uşaqlığı rahat keçmədi. Atası gəmi qəzasından sonra ağır xəstələndi və ömrünün sonunadək xarrat işləməyə məcbur oldu. Ailənin çətin dolanışığı balaca İsmayılın xəyal dünyasını məhdudlaşdıra bilmədi.

Məhərrəmlik günlərində məhlə uşaqlarını başına yığıb kiçik tamaşalar qururdu. Hələ heç teatr səhnəsini görmədən rejissor kimi düşünür, aktyor kimi yaşayırdı.

1909-cu ildə “İttihad” məktəbində təhsil alarkən izlədiyi tamaşalar onun taleyini müəyyənləşdirdi. Teatr artıq onun üçün sadəcə əyləncə deyildi. Bu, ömürlük eşq idi.

İsmayıl Hidayətzadə

“Balaca Ərəblinski”

O dövrün bütün gənc aktyorları Hüseyn Ərəblinskiyə bənzəməyə çalışırdılar. Ancaq İsmayıl onu elə ustalıqla təqlid edirdi ki, məktəb yoldaşları ona “Balaca Ərəblinski” deyirdilər. Bir gün Hüseyn Ərəblinski özü onun oyununa baxdı.

İsmayıl sonralar xatirələrində həmin günü belə təsvir edirdi: Böyük aktyor ona yaxınlaşıb demişdi ki, onu təqlid etməsin. Rus aktyorlarını izləsin, müxtəlif sənət məktəblərini öyrənsin və ən əsası — özünü tapsın.

Bəlkə də bu bir neçə cümlə Hidayətzadənin bütün yaradıcılıq fəlsəfəsini müəyyənləşdirdi. O gündən sonra o, başqasına bənzəməyə yox, öz üslubunu yaratmağa çalışdı.

Səhnədən ayrılmağa məcbur qalan aktyor

1917-ci ildə atasının vəfatı onun həyatını dəyişdi.

Ailənin böyük övladı idi. Məktəbi yarımçıq qoydu, işləməyə başladı, bacı-qardaşlarının yükünü çiyinlərinə götürdü. Amma teatr sevgisi onu buraxmadı. 1920-ci ildə Dövlət Teatrına qəbul olundu, sonra Voronovun teatr studiyasında peşəkar təhsil aldı. Burada artıq həvəskar aktyor yox, gələcəyin böyük sənətkarı formalaşmağa başladı.

İsmayıl Hidayətzadə

Səhnədə yeni düşüncə

İsmayıl Hidayətzadə təkcə aktyor olmaqla kifayətlənmirdi. O, rejissorluğun sirlərini öyrənir, rus rejissorlarının yanında çalışır, tamaşaların quruluşunu incəliklərinə qədər mənimsəyirdi. 1934-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin “Siyavuş” əsərinə verdiyi quruluş teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Bu uğur onun qarşısında daha böyük qapılar açdı.

“Koroğlu”nun ilk nəfəsi

Azərbaycan opera tarixində bəzi hadisələr dönüş nöqtəsi sayılır. Onlardan biri Üzeyir Hacıbəylinin “Koroğlu” operasının səhnəyə qoyulmasıdır. Bu möhtəşəm əsərin ilk rejissoru İsmayıl Hidayətzadə oldu. “Koroğlu” milli qəhrəmanlıq ruhunu, xalq musiqisini, monumental səhnə həllini özündə birləşdirən mürəkkəb opera idi. Onun ilk quruluşu həm musiqinin, həm dramatik hadisələrin, həm də kütləvi səhnələrin böyük ustalıqla uzlaşdırılmasını tələb edirdi. Hidayətzadə bu məsuliyyətin öhdəsindən uğurla gəldi. Sonralar opera dəfələrlə müxtəlif rejissorlar tərəfindən səhnələşdirildi. Lakin ilk addımı atan, Üzeyir bəyin musiqisini səhnə məkanına çevirən məhz o idi. Ardınca Bizenin “Karmen” operasını da səhnələşdirdi.

İsmayıl Hidayətzadə

Moskvanı fəth edən tamaşalar

1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Hidayətzadənin quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazandı. Bu tamaşalar Azərbaycan teatr məktəbinin peşəkarlığını nümayiş etdirdi. Elə həmin uğurdan sonra İsmayıl Hidayətzadə Opera və Balet Teatrının rəhbəri təyin olundu.

Baş rol yox, böyük obraz

Gəncliyində həmişə baş qəhrəmanları oynamaq istəyirdi. Cəfər Cabbarlı və Aleksandr Tuqanov ona başqa həqiqəti öyrətdilər: “Əsas odur ki, xarakter yaradasan”.  Bu fikir onun yaradıcılığını dəyişdi. Artıq baş rolun deyil, yaddaqalan obrazın arxasınca gedirdi. “Almaz”dakı Şərif, “1905-ci ildə” əsərində Salamov kimi rolları bunun ən gözəl nümunələrinə çevrildi.

Şərif obrazındakı məşhur “Həri, həri, bəs necə?” ifadəsi də təsadüfi deyildi. Türkan kəndində rastlaşdığı bir kənd soveti işçisinin danışıq tərzini yadda saxlamış, Cəfər Cabbarlı ilə bölüşmüş, dramaturq da həmin ifadəni əsərə daxil etmişdi. Bu, Hidayətzadənin sənət metodunu açıq göstərirdi. O, obrazları kabinetdə yox, həyatın içində tapırdı.

Cabbarlı ilə ortaq arzu

İsmayıl Hidayətzadə tez-tez deyirdi: “Mən Cabbarlı məktəbinin yetirməsiyəm”. Bu sözlər təkcə minnətdarlıq deyildi. Onların cib dəftərçəsində yazılmış ortaq andı vardı. Məqsədləri Azərbaycan teatrını yeniləmək, yeni aktyor nəsli yetişdirmək və yeni teatr yaratmaq idi. Bu arzu həyata keçmədi. Ancaq onların yaratdığı sənət məktəbi sonrakı onilliklərdə Azərbaycan teatrının inkişafına güclü təsir göstərdi.

İsmayıl Hidayətzadə

Gözlə danışan aktyor

Stanislavski aktyorun ən mühüm keyfiyyətlərindən birini “gözlə oynamaq” adlandırırdı. Müasirlərinin yazdığına görə, İsmayıl Hidayətzadə bu bacarığa nadir səviyyədə sahib idi. İri, ifadəli gözləri ilə mürəkkəb psixoloji vəziyyətləri sözsüz çatdırırdı. Görkəmli rejissor Aleksandr Tuqanov onun haqqında yazırdı: O, heç vaxt oynamırdı. O, yaşayırdı. Tamaşaçını öz ardınca aparmağı bacarırdı. Onun oyununda sadəlik, təbiilik və ehtiras vardı”.

Teatrdan böyük xidmət

İsmayıl Hidayətzadənin fəaliyyəti yalnız aktyorluq və rejissorluqla məhdudlaşmadı.

O, Azərbaycanın ilk milli baleti olan “Qız qalası”nın librettosunu yazdı.

Opera studiyasının yaradılmasına təşəbbüs göstərdi. “Qız qalası”, “Almaz”, “Altıncı hiss” filmlərində yaddaqalan obrazlar yaratdı. 1933-cü ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Səhnənin tarixində qalan ad

Bəzən bir insanın taleyi bir cümlə ilə ifadə olunur. İsmayıl Hidayətzadə haqqında isə bunu demək olar: O, əvvəlcə “Balaca Ərəblinski” kimi tanındı, sonra isə elə bir sənətkar oldu ki, artıq başqaları onun yaratdığı məktəbdən öyrənməyə başladılar. Azərbaycan teatrı böyük aktyorlar yetişdirib. Azərbaycan operası böyük əsərlər yaradıb. Amma Üzeyir Hacıbəylinin “Koroğlu” kimi monumental operasını ilk dəfə səhnəyə gətirən rejissorun adı həmişə xüsusi hörmətlə çəkiləcək. Çünki İsmayıl Hidayətzadə bütün dövrlərdə yaşayacaq əsərlərin müəllifi, ideya carçısı, vətənə və sənətə olan sevginin nümunəsidir…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan təsviri sənətinin ilk professional qadın rəssamı Maral Rəhmanzadə də məhz belə sənətkarlardan idi.

Ən son

GÜNDƏM

Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir.

GÜNDƏM

Azərbaycanda iyulun 25-də 39 dərəcə isti gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin