Son illər ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsi, parkların salınması və mövcud istirahət məkanlarının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu təşəbbüslər həm insanların asudə vaxtlarının daha səmərəli keçməsi, həm də iqlim dəyişikliklərinin təsirlərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, şəhər mühitində ağacların, yaşıllığın çoxalması havanın keyfiyyətini yaxşılaşdırır, temperatur balansını nizamlayır və sağlam ekoloji mühit formalaşdırır.
Baki-baku.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində, keçmiş Şəhriyar parkında aparılan təmir və abadlıq işləri görülür. Parkda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir və buranın müasir istirahət zonasına çevrilməsi planlaşdırılır.
Parkda görülən işlərin mənzərəsindən aydın olur ki, burada yeni hovuz tikilir. Bu da estetik baxımdan məkana gözəllik qatacaq. Eyni zamanda gəzinti yolları boyunca daş örtük salınır.
Parkda olacaq növbəti yeniliklərdən biri isə uşaqlar üçün əyləncə zonasının yaradılmasıdır. Bu, valideynlərin övladları ilə birlikdə daha çox vaxt keçirə biləcəyi, təhlükəsiz və maraqlı bir məkan yaradacaq.
Əlavə olaraq, parkda uzun illərdir qurumuş və yaşama qabiliyyətini itirmiş ağaclar da ekoloji prinsiplərə uyğun olaraq yeniləri ilə əvəzlənir. Beləliklə, park həm təbii gözəlliyini qoruyacaq, həm də şəhərin yaşıllıq xəritəsində daha sağlam və dayanıqlı mövqeyə sahib olacaq.
Keçmiş Şəhriyar parkının yenilənməsi paytaxt sakinlərinin asudə vaxtını daha keyfiyyətli keçirməsi üçün yeni imkanlar yaradacaq, eyni zamanda şəhərin ekoloji tarazlığının qorunmasına öz töhfəsini verəcək.