Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/09/2026

Paylaşın

Mədəniyyət

Bakının “Qaya”sı – Azərbaycan musiqisinin səsi

SAVE_20260609_091556

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları eyni duyğular ətrafında birləşdirir, şəhərlərin, küçələrin, xatirələrin və zamanın səsini özündə yaşadır. Azərbaycan musiqi tarixində “Qaya” vokal kvartetinin xüsusi yeri, çəkisi var. Bu gün “Qaya” adı çəkiləndə bir çoxlarının gözləri önündə köhnə Bakının işıqları, cazın zərif improvizasiyaları, estrada musiqisinin ən gözəl nümunələri və dörd gəncin harmonik səsləri canlanır. Onlar sadəcə mahnı oxumurdular; səsləri ilə musiqiyə yeni nəfəs, yeni rəng gətirirdilər.

Dörd səsdən doğulan bir əfsanə

Hekayə 1960-cı illərin əvvəllərində başlayır. Asəf Zeynallı adına musiqi məktəbində təhsil alan Arif Hacıyev, Rauf Babayev, Teymur Mirzəyev və Adil Nəzərov vokal kvartet yaratmaq qərarına gəlirlər.

İlk çıxışlar kiçik auditoriyalarda, tələbə tədbirlərində baş tuturdu. Lakin heç kim təsəvvür etmirdi ki, həmin gənclər bir neçə ildən sonra SSRİ məkanında tanınan musiqi fenomeninə çevriləcəklər.

Adil Nəzərovun ayrılmasından sonra qrupa Lev Yelisavetski qoşuldu və klassik “Qaya” heyəti formalaşdı. Arif Hacıyevin yumşaq tembri, Rauf Babayevin güclü vokalı, Teymur Mirzəyevin musiqi duyumu və Lev Yelisavetskinin özünəməxsus ifa tərzi birlikdə nadir harmoniya yaradırdı.

Qrupun adı da maraqlı təsadüf nəticəsində yaranıb. Dağıstandan Bakıya qayıdan musiqiçilər qatarda yeni ad axtarırdılar. Müxtəlif təkliflər arasında “Qaya” sözü səsləndi və hamı bu adda qərarlaşdı. Sonralar bu ad Azərbaycan musiqisinin ayrılmaz simvollarından birinə çevrildi.

Qələbəyə aparan 25 gün

1966-cı ildə Moskvada keçirilən Ümumittifaq müsabiqəsi “Qaya”nın taleyində dönüş nöqtəsi oldu. Müsabiqəyə cəmi 25 gün qalmış dəvət alan kollektiv qısa müddətdə on mahnı hazırladı və qalib gəldi.

Bu uğurdan sonra “Qaya” artıq təkcə Bakı və ya Azərbaycan səhnələrinin deyil, bütün Sovet İttifaqının ən məşhur vokal kollektivlərindən biri kimi tanınmağa başladı. Onların çıxışları böyük konsert salonlarında anşlaqla keçirdi, mahnıları radiolarda səslənirdi.

Azərbaycan cazının zərif nəfəsi

“Qaya”nı fərqləndirən əsas cəhətlərdən biri caz elementlərini estrada musiqisi ilə ustalıqla birləşdirmələri idi. Onlar Azərbaycan xalq musiqisini müasir səslənmə ilə təqdim edir, eyni zamanda dünya musiqisinin nümunələrini öz üslublarında ifa edirdilər.

Qrup müxtəlif dövrlərdə Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Fərəc Qarayev kimi görkəmli bəstəkarlarla əməkdaşlıq edib. Bu əməkdaşlıq nəticəsində yaranan əsərlər Azərbaycan estrada musiqisinin qızıl fonduna daxil olub.

Dilləri aşan musiqi

“Qaya”nın repertuarı təkcə Azərbaycan mahnıları ilə məhdudlaşmırdı. Onlar ingilis, rus, ispan və polyak dillərində də mahnılar ifa edirdilər.

Məşhur “Guantanamera”, “Summertime”, “The Shadow of Your Smile”, “Vehicle” kimi dünya hitləri onların ifasında yeni çalar qazanırdı. Eyni zamanda kollektiv xalq mahnılarını da böyük ustalıqla səsləndirirdi. “Aman yar”, “Araxçının məndədir”, “Qara xal yar”, “Məcnun gəzər Leylini”, “Bulaq başında”, “Ey həyat, sən nə qəribəsən” kimi əsərlər bu gün də musiqisevərlərin yaddaşındadır.

Hamının dilində olan mahnılar

“Qaya”nın repertuarında onlarla sevilən mahnı olsa da, bəzi əsərlər xüsusi yer tutur.

“Bakı” və “Devuşki Baku” paytaxtın romantik ovqatını yaşadırdı. “Bakı qışı” şəhərin soyuq, lakin isti xatirələrlə dolu günlərini musiqiyə çevirirdi.

“Neft daşları” Azərbaycanın əmək qəhrəmanlığını tərənnüm edən ən yaddaqalan mahnılardan idi.

“İllər, yollar”, “Sahil boyu gəzirəm”, “Mən səni araram”, “Sevgilim”, “Sən danışanda”, “Yollar” kimi lirik əsərlər isə sevgi və həsrət duyğularını zərif melodiyalarla ifadə edirdi.

“Bayatılar”, “Azərbaycan”, “Coş dənizim”, “Gəl ey səhər” kimi mahnılar milli ruhu, vətən sevgisini və Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirirdi. “Almanı atdım xarala” mahnısı isə xüsusən sevildi və bu gün də o əsərin adı gələndə ilk olaraq ağla “Qaya” qrupunun ifası gəlir.

Səhnədə bir inqilab

1972-ci ildə “Qaya”ya Dövlət Ansamblı statusu verildi. Bu, kollektiv üçün yeni mərhələnin başlanğıcı oldu.

Həmin dövrdə onlar SSRİ məkanında ilk iri musiqili şou proqramlarından birini hazırladılar. “Böyük şəhərin alovları” adlı proqram üç saat davam edir, musiqi, teatr, parodiya və səhnə həllərini bir araya gətirirdi.

Bu layihədə məşhur “İsa Məsih — Super Ulduz” rok-operasından parçalar da yer almışdı. Rauf Babayev İsanı, Lev Yelisavetski isə İudanı canlandırırdı. Bu cür yeniliklər həmin illər üçün olduqca cəsarətli addım hesab edilirdi.

Amerikada alqışlarla qırılan sükut

“Qaya” yalnız SSRİ-də deyil, xaricdə də uğur qazanmışdı. ABŞ-ın Hyuston şəhərindəki Caz Kollecində çıxış zamanı maraqlı hadisə baş verir.

Mahnı bitdikdən sonra zalda dərin sükut hökm sürür. Musiqiçilər tamaşaçıların ifanı bəyənmədiyini düşünərək səhnəni tərk etmək istəyirlər.

Lakin bir neçə saniyə sonra salon gurultulu alqış səsləri ilə dolur. Tamaşaçılar eyni mahnını yenidən dinləmək istədiklərini bildirirlər. Həmin gün “Qaya” bəzi əsərləri bir neçə dəfə təkrar ifa etməli olur.

Bu hadisə kollektivin peşəkar səviyyəsinin beynəlxalq auditoriya tərəfindən də yüksək qiymətləndirildiyini göstərirdi.

Qayanın izi

1980-ci illərdə qrupun tərkibində dəyişikliklər baş versə də, “Qaya” adı Azərbaycan musiqisinin tarixində silinməz iz buraxdı. Onların yaratdığı vokal məktəbi sonrakı nəsil ifaçılar üçün örnəyə çevrildi.

Bu gün “Qaya”nın mahnıları səslənəndə təkcə melodiyalar deyil, bütöv bir dövr yenidən canlanır. O dövrün Bakısı, onun küçələri, insanları, arzuları və musiqi sevgisi həmin nəğmələrin içində yaşayır.

Çünki “Qaya” sadəcə vokal kvartet deyildi. O, Azərbaycan musiqisinin səsi, cazla estradanın qovuşduğu nöqtə, bir neçə nəslin yaddaşında yaşayan musiqi əfsanəsi idi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti başa çatıb.

Ən son

Mədəniyyət

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları

Mədəniyyət

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin