Səhər tezdən Bakının hansısa köhnə məhəlləsindən keçəndə mütləq onları görəcəksiniz. Həyət qapısının ağzında, çinar kölgəsində və ya köhnə dəmir skamyada oturan, əllərində təsbeh olan, hər gələn-gedənə “afərin”, “necəsən bala” deyən kişiləri… Onlar sadəcə yaşlı sakinlər deyil, Bakı məhəllə mədəniyyətinin canlı yaddaşı, yazılmamış nizamnaməsi, bəzən isə ən ədalətli məhkəməsidirlər.
Baki-baku.az bu yazıda paytaxtın ağsaqqalları, onların nəsillər arasındakı roluna toxunur.

Kim idi bu ağsaqqallar?
Sovet dövründən əvvəlki Bakıda, neft bumunun məhəllələri bir-birinə qatdığı illərdə, hər həyətin, hər döngənin özünə məxsus “ağsaqqalı” olub. Bu, rəsmi vəzifə deyildi, heç kim onları seçmirdi, kağız üzərində təsdiq olunmurdu. Sadəcə illər keçdikcə onların hörməti, təcrübəsi və ədalətli sözü ilə qazanılan bir status idi. Bəzən bu, məhəllənin ən yaşlı kişisi, bəzən isə ən müdrik danışan, ən sakit, amma ən ağıllı söz deyən insanı olurdu.
Onların əsas “silahı” nəsihət idi. Söz-söhbətlə, bəzən bir baxışla, bəzən sadəcə susmaqla insanları düşündürə bilirdilər.

Məhəllə “məhkəməsi”: kağızsız ədalət
Bakı məhəllələrində münaqişələr indiki kimi məhkəməyə, polisə getmirdi, ilk ünvan ağsaqqal idi. Qonşular arasında hasar mübahisəsi, uşaqların dava-dalaşı, gəlin-qayınana söhbəti, hər şey ağsaqqalın süfrəsi başında, çay içə-içə həll olunurdu. Onun sözü qanun kimi qəbul edilirdi, çünki tərəfsizliyinə və təcrübəsinə hamı inanırdı.
Maraqlıdır ki, bu “məhkəmələr” heç vaxt kimisə utandırmaq üçün deyil, barışdırmaq üçün qurulurdu. Ağsaqqal adətən deyərdi: “Ay bala, sən get, ay qız sən get, sabah hər ikiniz mənim süfrəmə çay içməyə gələrsiniz” və çox vaxt elə də olurdu.

Nəsillər arası körpü
Bu gün Bakı yüksək binalar, yeni məhəllələr, fərqli həyat tərzi ilə sürətlə dəyişir. Amma köhnə məhəllələrdə, xüsusən İçərişəhər, Yasamal, Nərimanov kimi ərazilərin köhnə hissələrində, ağsaqqal institutu zəifləsə də, hələ də yaşayır.
Bu institutun ən qiymətli tərəfi məhz nəsillər arasında əlaqə yaratmasıdır. Gənclər telefon ekranından baş qaldırıb qonşu babanın söhbətinə qulaq asanda, əslində tarixlə, təcrübə ilə, unudulmaqda olan dəyərlərlə təmasda olurlar. Ağsaqqal isə gəncin timsalında öz gələcəyini, məhəlləsinin davamını görür.
Bir çox hallarda məhz bu adamlar sayəsində uşaqlar milli adət-ənənələri, hörmət-izzət mədəniyyətini, “böyüyə necə müraciət etmək lazımdır”ı kitabdan yox, canlı nümunədən öyrənir.

Dəyişən şəhər, dəyişməyən ehtiyac
Müasir Bakıda çoxmərtəbəli binalar, qapalı həyətlər, təhlükəsizlik kamerları məhəllə həyatının o səmimi ovqatını get-gedə arxa plana keçirir. Qonşular bir-birini tanımır, uşaqlar həyətdə yox, telefonda oynayır. Amma maraqlıdır ki, məhz bu boşluq insanlarda köhnə məhəllə hissinə həsrəti daha da artırır.
Bəlkə də Bakının ən böyük sərvətlərindən biri də bu cür, küçənin, həyətin, məhəllənin yaddaşını daşıyan, sözü ilə nəsilləri bir-birinə bağlayan sakit, müdrik insanlardır. Onlar gedəndə, onlarla birgə bir dünya da gedir. Amma yaxşı xəbər budur ki, hələ də hər məhəllədə bir ağsaqqal, bir də ona qulaq asan gənc var.

Elvin Camalov