“New Zeon” məkanında “Yol kənarındakı mələklər” adlı fotosərginin açılışı keçirilib. Sosial-bədii layihənin müəllifləri rəssam Marina Vəliyeva və heyvan haqları müdafiəçisi Vüsalə Saydamdır. Ekspozisiyada küçə itlərinə həsr olunmuş 25 foto nümayiş etdirilib.
Baki-baku.az xəbər verir ki, layihədə sənədli fotoqrafiya və emosional vizual təqdimat vasitəsilə sahibsiz heyvanların problemi diqqətə çatdırılır, incəsənətlə sosial reallıq arasında dialoq yaradılır.
Sərgi ziyarətçilərinə itlərin fotoları əks olunan açıqcalar və tematik bukletlər təqdim olunub. Tədbir çərçivəsində it pəncəsi formasında gips fiqurların rənglənməsi üzrə master-klas da keçirilib. Lalə Həsənovanın rəhbərlik etdiyi “Modern Poems” Ədəbi Birliyinin gənc üzvləri insanın dördayaqlı dostlarına həsr olunmuş şeirlər səsləndiriblər.


