Bakıda kirayə mənzil bazarında qiymətlərin artımı müşahidə olunur. Xüsusilə də paytaxta yeni gələn tələbələr münasib qiymətə kirayə mənzil tapmaqda ciddi çətinlik çəkirlər.
Baki-baku.az-ın məlumatına görə, artıq bir otaqlı mənzillərin qiyməti belə kifayət qədər yüksəkdir.
Məsələn, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında köhnə tikililərdə kirayə qiymətləri 650–1000 manat arasında dəyişir. Yeni binalarda isə bu rəqəm 800 manatdan başlayaraq 1500 manata qədər yüksəlir. Nərimanov rayonunda da oxşar vəziyyət hökm sürür: köhnə binalarda qiymətlər 600–900 manat arasında dəyişir, yeni tikililərdə isə 1000–1300 manat aralığında formalaşır.
Qeyd edək ki, qiymət artımının əsas səbəblərindən biri tələb-təklif balansının pozulmasıdır. Paytaxtda təhsil alan tələbələrin sayının artması, ali məktəblərə qəbul göstəricilərinin yüksəlməsi və şəhərə bölgələrdən axının güclənməsi kirayə mənzil bazarına əlavə təzyiq göstərir.
Digər səbəblər sırasında isə yeni tikililərin üstünlük təşkil etməsi, mənzil sahiblərinin evləri qısa müddətli kirayəyə (günlük və ya aylıq) verməyə meyilli olması, eləcə də yaşayış xərclərinin artması ilə əlaqədar mənzil sahiblərinin qiymətləri qaldırması qeyd edilir.Nəticədə tələbələr və gənc ailələr münasib qiymətə ev tapmaqda daha da çətinlik çəkirlər.