Şəhərin səsi xəritədə görünmür, amma onu itirəndə birdən boşluq hiss edirik. Bakı hər gün yeni binalar, yeni küçələr qazanır. Bu zaman bəzi səslər sakitcə yoxa çıxır, heç kim də bunun nə vaxt baş verdiyini dəqiq deyə bilmir.
Baki-baku.az bu yazıda paytaxtın zamanla itən səslərinə nəzər salır.

Həyətdən gələn səslər
Köhnə Bakı həyətlərində səhər uzaqdan tanış bir səs gəlirdi. Eyvandan gələn çağırışlara hər birimiz qulaq verirdik: “Səməd, çörək al!”, “Arif, tez evə gəl!”. Telefon cibə girəndən sonra bu səs yavaş-yavaş azaldı. İndi uşağı yuxarı çağırmaq üçün mesaj yazırlar. Həyət isə daha səssizdir.
Bu həyətlərin xalça, yun çırpmaq kimi səsləri də olurdu.

Relsin üstündəki zınqırov
Bakı tramvayının səsini eşidənlər onu heç səhv salmazdı: təkərlərin relsə vurduğu bərabər taqqıltı, dayanacaqda cingildəyən zəng, sərnişin çoxalanda cırıldayan taxta oturacaqlar. Tramvay şəhərin yavaş, təmkinli ritmi idi. Tələsən üçün darıxdırıcı, baxan üçün isə şəhərin içində süzən canlı bir şey kimi görünürdü. Bu ritm bir gün sona çatdı və relslərin üstündən asfalt keçdi. Bu gün tramvay səsi daha çox yaşlıların söhbətində eşidilir: “Bax, elə bu küçədən keçirdi”.

Köhnə avtobusların və trolleybusların dünyası
Köhnə “İkarus”un və “Liaz”ın kəskin mühərrik gurultusu, qapıların hava ilə açılarkən çıxardığı fısıltı, sürücünün “irəli keçin, arxa boşdur!” deməsi bir vaxt gündəlik həyatın fonu idi. Trolleybusun naqillərdən gələn xırıltısı və dayananda çıxan o nazik elektrik cızıltısı da artıq yoxdur. Yeni avtobuslar sakit və rahatdır, amma o sakitlikdə köhnə nəqliyyatın xarakteri də yox olub.

Metroda düşən jeton
Bir dövrdə metroya girmək üçün jeton atmaq lazım idi. Cingiltili səslə çəkilib düşən o kiçik metal, turniketin “şaqqıltısı” və arxadan gələn “tez ol, keç!” nidası vardı. İndi kartı bir anlıq oxuducuya toxundurursan və “bip” səsi eşidilir. Asan, sürətli, amma soyuq.

Küçə satıcılarının avazı
Bir vaxt “Köhnə şeylər alıram!” deyə uzaqdan nidalar gəlirdi. Bəzən tək bir adam, bəzən də meqafonlu maşın olurdu. Süd, qatıq satanların avazı fərqli idi, bir-birinə də bənzəmirdi. İndi sifarişlər tətbiqlə gəlir və ya iri marketlərdən alış-veriş edilir. Kuryer qapı zəngini basır, bəzən onu da basmır və “qapının ağzındadır” mesajı yazır. Satıcı nidası ilə alıcı arasındakı o qısa söhbət də yoxa çıxır.

Nərdin taqqıltısı
Çayxana və həyət masalarında nərdin zərləri, daşların taxtaya dəyməsi, ardınca gələn “şeş-beş!” səsi Bakının musiqisi sayılırdı. Nərd tam yox olmayıb, amma əvvəlki kimi hər küncdə eşidilmir. İndi həmin masalar arxasında ekranlara baxan adamlarla doludur. O taqqıltı isə insanın tək olmadığını xatırladırdı: kimsə qarşında oturur və səninlə oynayır.

Texnikanın səsləri
Diskli telefonun fırlanması, kasetin geri sarınması, çap makinasının cıqqıltısı, köhnə televizorun işə düşəndəki cızıltısı artıq eşitdiyimiz gündəlik səslər deyil. Küçədəki taksofona atılan sikkənin düşmə səsi də onlardandır. Bunlar bir dövrün tempinə uyğun idi: gözləmək, sarımaq, düzəltmək. Yeni cihazlar sakitdir, tez işləyir. Bəlkə də bu səbəbdən o səsləri qəribə bir həsrətlə xatırlayırıq.

Səslər yox olanda biz çox vaxt bunu yalnız bir gün fərq edirik: “Bəs o səs hardadır?” Bakının susan səsləri xatırladır ki, şəhərlər təkcə baxdığımız yerlər deyil, eşitdiklərimizdir. Əgər həyətdə bir gün yenə kimsə pəncərədən adınızı çağırsa, bir anlıq dayanıb dinləyin.
Elvin Camalov