İyulun 17-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Baki-baku.az-a verilən məlumata görə, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə tər güllər düzüb, habelə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2025-ci ilin birinci yarımilində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasi, iqtisadi, sosial, hərbi quruculuq və diplomatik siyasət nəticəsində cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunmaqla, ölkəmizin suverenliyinin daha da möhkəmləndiyini bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, şəhid ailələrinin, müharibə iştirakçılarının qayğılarının və onların müraciətlərinin vaxtında həlli istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edildiyi diqqətə çatdırılıb.
Dövlətimizin başçısı tərəfindən prokurorluq orqanlarının inkişafının daim diqqətdə saxlanıldığı, xidməti vəzifələrin icrası üçün bütün şəraitin yaradıldığı, cari ilin aprel ayının 18-də Pirallahı, 25-də Nəsimi Rayon Prokurorluqlarının yeni inzibati binalarının, may ayının 8-də Bakı Şəhər Prokurorluğunun yeni inzibati korpusunun istifadəyə verilməsinin prokurorluq əməkdaşlarına olan qayğının təcəssümü kimi vurğulanıb.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar, paytaxtın prokurorluq orqanlarının da bu mühüm tədbirlərdə yaxından iştirak etməsi, cari il mayın 8-də Bakı Şəhər Prokurorluğunda, mayın 23-də Nəsimi Rayon Prokurorluğunda “Konstitusiya quruculuğu və suverenliyin təmin olunması” mövzularında konfrans və seminarların keçirildiyi, bu mövzuda tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Əməliyyat müşavirəsində Baş prokurorun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 min 549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 92,6 faizinin açılması təmin olunub. Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adamöldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israfetmə, dələduzluq, hədə-qorxu ilə tələbetmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, qəsdən adamöldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.
Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2 min 722 cinayət işinin istintaqı tamamlanaraq, 2 min 151 iş məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14 manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 faizinin ödənilməsi təmin edilib.
Müşavirədə, həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib. Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub, xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin olunması, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Hesabat dövründə Bakı Şəhər Prokurorluğuna 9 min 225 müraciət daxil olaraq baxılıb, ümumilikdə 1214 vətəndaş qəbulu həyata keçirilib, onlardan 158 nəfər Bakı şəhər prokuroru tərəfindən qəbul edilib.
“Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri xüsusi qeyd olunmaqla, bütün prokurorluq işçilərinin gündəlik fəaliyyətlərində sistemin imkanlarından istifadə etməsi vurğulanıb.
Bakı Şəhər Prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində müvafiq tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış qəsdən adamöldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunmaları qeyd edilib.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.