Bu gün Bakı dünya şəhərləri ilə müqayisədə bir çox şəhərlərdən yaşıldır. Şəhərimizin mərkəzi küçə və prospektləri ilə yanaşı, şəhərqırağı əraziləri də əhatə edən geniş yaşıl zolaqlar, parklar və bulvar Bakıya göz oxşayan gözəllik, sərinlik, və rahatlıq gətirir. Lakin Bakı hər zaman belə olmayıb. Orta əsrlərdə Bakıya səyahət etmiş ərəb coğrafiyaçısı Əhməd ibn Rza “Yedi iqlim haqqında” kitabında Bakını belə təsvir etmişdi: “Bu yerlərdə sanki səmum yeli əsib. Burada nə bir ağaca, nə də bir yaşıllığa rast gəlmək mümkün deyil.” XIX əsrin sonlarında Bakıya gəlmiş rus çarı III Aleksandrın ilk sözü isə belə olub: “Mən sürgün və katorqa üçün bu yerlərdən daha münasibini təsəvvür etmirəm”. Bir qədər sonra XX əsrin əvvəllərində Abşeron torpağını qarış-qarış gəzən məşhur proletar yazıçısı Maksim Qorkini də o zamankı Bakı mənzərələri dəhşətə gətirib, bir yaşıl ağacın belə gözə dəymədiyi Bakını əsl cəhənnəm adlandırıb. Buna baxmayaraq, Bakıya tarix boyu gələn səyyahlar, tacirlər, yazıçılar, şairlər və rəssamlar Bakının “qara qızıl”ına valeh olaraq burda qalmış və burada yaşıllıq salmağa başlamışdılar .
XIX əsrin sonunda Şamaxıda baş vermiş zəlzələdən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi ilə şəhərdə həyatında yeni dövr başladı. O zamankı dövr üçün şəhərin yaşıllaşdırılması addım-addım irəliləyir və ildən-ilə az-az inkişaf edirdi.
1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə Bakı sakinlərinin istirahət məkanına, havasına, rahatlığına çevrilən meşə zolaqlarının salınması geniş vüsət aldı. Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində paytaxtımız heç vaxt olmadığı yaşıllıqlarla əhatə olundu.
Onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə yeni parkların tikilməsi və rekonstruksiyası prioritet məsələlərdən biri oldu. Bu yolda şəhərimizdə bir çox parklar salındı və yenidən quruldu, yaşıllaşdırma işləri xüsusi dinamika ilə aparıldı.
Bu gün Bakıda 400-dən çox park var və o, şəhərlər arasında parklar şəhəri kimi dayanır. Onun florasının artımında son illərlə müqayisədə əsaslı fərq izlənilir. Hazırda iynəyarpaqlı ağaclarla yanaşı, dekorativ ağac və kolların, həmçinin güllərin əkintisinə üstünlük verilir. Buna misal olaraq, iqlimimizə uyğun Lənkəran akasiyası, sezalpiniya və oleandrlar əkilir. Sakinlərə müraciət edib demək istərdik ki, şəhərimizin abadlaşıb, yaşıllaşmasında fəal iştirak etsin, öz həyətində, bağında gül-çiçək, ağac əksin. Doğma Bakımız hər birimizin əməyi sayəsində sevgi ilə bir az da gözəlləşsin.