Bakı qədim binaları, küçələri, məhəllələri, küləyi, dənizi və özünəməxsus xüsusiyyətləri ilə fərqləndirir. Amma Bakını fərqli edən həm də onun öz musiqisidir. Axı Bakı həm də musiqi şəhəridir. O musiqi şəhərin mədəni kimliyinin ən incə qatlarını təşkil edir. Muğamın qədim fəlsəfi nəğməsindən tutmuş Bakı cazının müasir ritmlərinə qədər uzanan bu musiqi xətti, şəhərin çoxqatlı ruhunu, zamanlararası yaddaşını və bəzən də paradoksal modernliyini əks etdirir. Bakının musiqi kimliyi onun özü kimi zəngin, ziddiyyətli və çoxsəsli bir mənzərədir.
Muğam – Şərqin səsi, Bakının nəfəsi
Muğam musiqidir. Amma ona təkcə musiqi deməklə kifayətlənmək olmaz. O, Azərbaycanın, xüsusilə də Bakının ruhani dərinliyini ifadə edən mənəvi bir dil, qədimdən gələn fəlsəfədir. İçərişəhərin daş küçələri ilə dolaşan sədalar kimi muğam da şəhərin ruhuna hopub. Əlibaba Məmmədov, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev kimi ustadların ifasında bu sənət Bakının mədəni kodeksinə çevrilib.
Muğamın əsas özəlliyi onun doğma olduğu torpaqla əlaqəsidir. Bu musiqi janrı Bakının məhəllə mədəniyyətindən çıxıb saraylara, konsert salonlarına və beynəlxalq festivallara qədər uzanaraq bir sivilizasiya təmsilçisinə çevrilib.
Caz – Neftlə gələn harmoniya
Əgər muğam Bakının tarixi və ruhani köklərinə bağlıdırsa, caz onun müasirliklə qarşılaşmasının simvoludur. XX əsrin əvvəllərində neft bumu dövründə Bakı, Avropa və Şərq arasında bir musiqi körpüsünə çevrilmişdi. Bu dövrdə Qərb musiqi alətləri, nota təhsili və urbanist həyat tərzi ilə caz da şəhərə daxil oldu.
Amma Bakı cazı heç vaxt kor-koranə təqlid olmadı. O, özünəməxsus improvizasiya, muğam elementləri və yerli ritmlərlə fərqləndi. Vaqif Mustafazadə bu sintezə həyat verən ən böyük adlardan biri oldu. Onun “caz-muğam” üslubu, dünya musiqi tarixində özünəməxsus bir istiqamət olaraq qalır. Qızı Əzizə Mustafazadə isə bu mirası beynəlxalq səviyyədə təbliğ etməyə davam edir. Onun ecazkar ifası qəlbləri fəth edir, könüllərə sevgi verir.
Bakının səsləri – Küçədən səhnəyə
Bakının musiqi kimliyi yalnız rəsmi konsert zalları ilə məhdudlaşmır. Bəzən şəhərin ruhunu bir küçə musiqiçisinin tar ifası, metro keçidində səslənən qarmon, ya da bir müğənninin oxuduğu hər hansı nostalji mahnı əks etdirir. Bu müxtəliflik Bakının yaşadığı zamanların, dəyişən dövrlərin, sosial təbəqələrin və ruh hallarının musiqi xəritəsini yaradır.
Musiqi festivalları və yeni nəsil
Son illərdə Bakıda keçirilən Beynəlxalq Caz Festivalı, Muğam Mərkəzinin layihələri, Gənc Musiqiçilər platformaları bu şəhərin musiqi kimliyinin qorunmağını, daim yenilənməyini göstərir. Yeni nəsil musiqiçilər – bəzi hallarda ənənəvi muğamı elektron musiqi ilə birləşdirir, ya da klassik əsərləri eksperimental janrlarda təqdim edir. Bunun da öz yeri var. Musiqi də insan kimi daim inkişafa, yeniliyə can atmalıdır.
Bir şəhərin musiqi ilə danışması
Bakının musiqi kimliyi onun multikultural, çoxlaylı və eyni zamanda bütöv mədəniyyətindən doğur. Muğamla caz arasında görünən məsafə, əslində bu şəhərdə mövcud olan mənəvi harmoniyanın ifadəsidir. Bu musiqi xətti Bakının zamana necə adaptasiya olduğunu, keçmişini unutmadan gələcəyə necə irəlilədiyini göstərir.
Çünki Bakı danışmır, o, səslənir. Muğamda nəfəs alır, cazda addımlayır…
Musiqili afişa
Afişaya gəlincə…
Hər axşam IX “Muğam” Televiziya Müsabiqəsini Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində və ya keçirildiyi ünvanlarda izləyə bilərsiniz. Oktyabrın 26-da isə Opera Studiyasının səhnəsində dəvət olunmuş musiqi qonaqları ilə maestro Aleks Çeremizovun həm əyləncəli, həm də maarifləndirici layihəsi olan “Uşaqlar üçün caz” konserti olacaq. Bundan başqa, iyulun 4, 8, 9,10, 12, 13, 17, 22, 24, 25, 27, 31-də “Bestplacebaku”da, iyulun 10-da “dome.baku”da caz gecələri keçiriləcək. Orada gözəl musiqidən zövq ala, eyni zamanda istirahət də edə bilərsiniz.
Unutmayaq ki, musiqi ruhun qidasıdır.
Xanım Aydın