Bakı metrosunda görülməli bir neçə zəruri işlər var.
Baki-Baku.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov açıqlama verib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır.
Dəfələrlə vurğuladığımız kimi, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyat olmadan dayanıqlı mobillik və təhlükəsiz yol olmur. Ona görə də, həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir”, – deyə ekspert bildirib.
O qeyd edib ki, 10 yeni stansiyanın harada tikiləcəyi deyilməsə də, Bakının Baş planını, metropolitenin hazırkı vəziyyətini və inkişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğunu bilmək mümkündür: “Düşünürəm ki, Bakı metropolitenində görülməli zəruri işlər var. Bunlara “Yaşıl” və “Qırmızı xətt”lərin ayrılması (yəni “Dərnəgül” stansiyasından gələn qatarların “28 May” stansiyasına deyil, “Cəfər Cabbarlı” stansiyasına və oradan “Xətai” stansiyasına keçməsinin təmin olunması), “Dərnəgül” deposunun tikilməsi, “Yaşıl xətt”in “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə yeni stansiyalarının və “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına tərəf yeni stansiyalarının tikilməsi və bundan sonra “Yaşıl xətt”in dairəvi sxeminin təmin edilməsi aiddir. Həmçinin “Bənövşəyi xətt”in mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin Xırdalan istiqamətinə uzadılması, “Qırmızı xətt”in “İçərişhər” stansiyasından sonra Badamdar istiqamətində, “Həzi Aslanov” stansiyasından isə Zığ istiqamətinə inkişafı və sair də görülməsi zəruri işlərdəndir”.
Ə. Hüseynov diqqətə çatdırıb ki, Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamalıdır: “Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üzərindədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər tələb olunur. Bakının Baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır. Yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir”.