Səyavuş Əlizadənin “Bakılı belə danışır. Bakı ləhcəsi” kitabı mədəniyyətimizin, etnoqrafiyamızın təbliğatına həsr olunub. Kitabda artıq yavaş-yavaş unudulmaqda olan spesifik Bakı-Abşeron leksikonunun sözlərinin bir ekspozisiyası toplanmışdır. Artıq ənənəvi hal almış “Bakı Lüğəti” rubrikamızdan sizə yeni sözlər təqdim edirik. Bu gün lüğətimiz ölçü vahidləri ilə əlaqəli sözlərə ekskurs edəcək.
Buğda – ən kiçik ölçü vahidi kimi istifadə olunur.
~Bir buğda oldu besdi.
Bəndəm – ağacın iki tumurcuq arasında qalan hissəsi.
Bir dınqa – bir az.
Bir çin – bir lay, bir təbəqə.
~Bir çin daş düz bura (Yəni, bir lay, bir təbəqə daşın düzülməsi).
Bir samand – məc. bir dəqiqə, bir az.
~Bi samand diyan, mizin üsdüni silim.
Bisamat // Bısamat – bu saat, bu dəqiqə
Behtər – 1. ən yaxşı, daha yaxşı, əla;
2. çox.
~Behtər iyrənc adamdı.
Cibi – balaca, kiçik.
Duqşey – iki qoşa; farsca “dü” – “iki” ilə azərbaycanca “qoşa” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ərəş – təqribən 62 sm-ə bərabər uzunluq ölçüsü.
Girvənkə – 400 qr.-lıq çəki vahidi.
~Get iki girvənkə ət al.
Xızan – çoxlu, xeyli. Əsasən, çoxsaylı uşağı olan ailələrə deyilir.
~Qədeşin bir xızan külfeti var.
Qullac // Qulac – təqribən 1.5 m.-ə bərabər uzunluq ölçü vahidi.
~Rəhmetdiy Kürsümxanım el hamamına gələndə bütün arvaddar, qızdar onun gözəlliyinə, qulac-qulac hörüylərinin gözəlliyinə heyretnən tamaşa edirdilər.
Miyanə – orta ölçülü.
Zığ vurmaq – çoxluq.~O qədər adam var ki, ağzına qədər zığ vırırdı.