2025-ci ildə 30 illik yubileyini qeyd edəcək Bakı Enerji Həftəsinə (“Baku Energy Week”) hazırlıq işləri aktiv şəkildə davam edir.
“Caspian Event Organisers” şirkətindən Baki-baku.az-a bildirilib ki, regionun nəhəng enerji tədbiri olan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley Bakı Enerji Forumu.
Bakı Enerji Həftəsinin açılış mərasimində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. 2024-cü ilin iyunun 4-də Bakı Ekspo Mərkəzində baş tutmuş Bakı Enerji Həftəsinin açılış mərasimində ölkə başçısı çıxış edərək, bu tədbirin ölkəyə xarici investisiyaları cəlb edilməsindəki rolunu vurğulayıb.
“Azfen”, “Baku Steel Company”, “bp”, “SLB”, STP, “Subsea7”, “Tekfen İnşaat ve Tesisat”, “Tenaris Connections”, “Türkiye Petrolleri” kimi şirkətlər artıq iştirakçılar sırasındadır.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.