Bakının qapısı sayılan Heydər Əliyev Beynəlxalq Aeroportu təkcə təyyarələrin enib-qalxdığı məkan deyil. Buradan hər gün yüzlərlə insan müxtəlif istiqamətlərə yollanır, uzaq ölkələrdən isə minlərlə sərnişin paytaxta qədəm qoyur. Kimi işgüzar səfərə gəlir, kimi doğmalarını ziyarət edir, kimi getdiyi ölkədən qayıdır, kimi də ilk dəfə turist kimi bu şəhərin küçələrini kəşf etməyə hazırlaşır. Aeroport ölkənin güzgüsü, buradan başlayan ilk təəssürat isə gələnlərin yaddaşında qalır.
Müasirliyi və gözəlliyi ilə seçilən Bakı aeroportunda taksi problem hələ də qalmaqdadır. Uçuşdan yorğun düşən sərnişinlər şəhərə rahat və münasib qiymətə çatmaq istəyir. Lakin qiymətlərin əlçatan olmaması yerli vətəndaşlardan tutmuş turistlərə qədər bir çoxunun narazılığına səbəb olur.
Mövzu ilə bağlı Baki-baku.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı fikirlərini bölüşüb.
O bildirib ki, Bakı aeroportunun ərazisində fəaliyyət göstərən taksilərlə bağlı yaranmış vəziyyət bütün sürücülərə aid deyil: “Bir müddət əvvəl sürücülərin böyük əksəriyyəti qanunvericiliyin tələblərinə əməl etmədən fəaliyyət göstərir, xidmət üçün isə istədikləri məbləği tələb edirdilər. Sonradan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən tənzimləmələr həyata keçirildi. Hazırda daşıyıcılar və taksi operatorları məhdud sayda, təxminən hər biri 80 avtomobillə fəaliyyət göstərirlər. Buna baxmayaraq, qiymətlə bağlı narazılıqlar qalmaqdadır”.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı bu məsələ ilə bağlı açıqlama verib, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə məsələ ilə bağlı araşdırma aparır.
“Düşünürəm ki, hava limanı ərazisində yerli vətəndaşlar üçün ayrıca xidmətin təşkili nəzərdən keçirilə bilər. Xüsusilə Terminal 2 ərazisində daha münasib qiymətlərlə xidmət göstərilməsi mümkündür. Bu, həm də şəhərdən sərnişin aparan sürücülərə imkan verər ki, geri dönərkən boş qayıtmasın, sərnişin götürüb daha ucuz qiymətə xidmət göstərsin. Eyni zamanda, premium taksilərin fəaliyyəti də davam edə bilər. Çünki biznesmenlər və xüsusi qonaqları qarşılayanlar üçün bu seçimi daha çox üstün tuturlar”, – deyə E.Muradlı vurğulayıb.
O qeyd edib ki, əsas məsələ yerli vətəndaşların maraqlarını nəzərə almaqdır: “Burada ən çox narazılıq doğuran məqam qiymətlərdir. Xüsusilə Naxçıvan sakinləri bundan ciddi narazıdır. Onlar 60 manata bilet alıb Bakıya gəlir, lakin şəhərdə hərəkət etmək üçün əlavə 30-40 manat ödəməyə məcbur olurlar. Bu isə ədalətli deyil. Sadəcə hüquqi baxımdan optimal həll yolu tapılmalıdır”.
Elvin Camalov